Jalə Mütəllimova Jalə Mütəllimova

İlhamə Quliyeva Hacı Məmmədovla əkiz imiş

Jalə Mütəllimova


Onlar ruh əkizləridir - İlhamə Quliyevanın kefi istəyən adama, kefi istədiyi cür, kefi istəyən yerdə və yerdən saldırmasının ayrı cür yozumu yoxdur...
"Azadlıq" radiosunda çalışırdım. Səhər efirinə Azərbaycan mətbuatının icmalını hazırlayırdım. Səhər saat yeddi-səkkiz arası iş başında olmalı idim hər gün. Olurdum da... Məsələ bu deyil. Deməli günlərin birində radionun ofisi yerləşən həyətdən iki güllə səsi eşitdim. Daha sonra mənzərə qarışdı, əraziyə, həyətə polislər doldu, prokurorluq orqanlarından gələn kim, gördüyü mənzərəni hələ anlaya bilməyən kim... O qarışıqlıqda eşitdiyim ən vacib söz bu idi: "Qara polkovnik"i vurdular!
***

Üstündən xeyli keçdi. Hacı Məmmədov və onun yüksək çinlilərindən ibarət dəstəsinin həbsi başlandı. O qədər ağır cinayətlər ortaya çıxdı ki, adam dəhşətə gəlməyə bilmirdi. Onların məhkəmə prosesi sonuna qədər qəzetlərin manşeti oldu. Və ağır cəzalar aldılar...

***

Olaydan da xeyli keçdi. Günlərin birində iş icabı, yəni yazılar, reportajlar hazırlamaq üçün Qadın Həbsxanasına getməli oldum. Bir qadın diqqətimi çəkmişdi. Yaxınlaşmaq istəyimə mühafizəçilər razı olmadı. Nə qədər soruşdum, gördüm yayınırlar kimliyini söyləməkdən. Amma onun üzü mənə haradansa çox tanış idi. Mühafizəçinin gözündən yayınan bir məhbus o qadını göstərib yavaşca qulağıma pıçıldadı ki, "Hacı Məmmədovun arvadıdır"...

...Bu o Hacı Məmmədov idi ki, yuxarıda qeyd elədiyim sui-qəsd olayının müəlliflərindən biri kimi düşmüşdü adı tarixə və istintaq sənədlərə. İndi onun qadını da ərinin əməllərinin cəzasını çəkirdi. Bəlkə "o əməllərdən gələn pulu yeməsinin, xərcləməsinin, baş verənlərə göz yummasının cəzası idi" də demək olar.

***

Hacı Məmmədovu və xanımını yadıma salan isə İlhamə Quliyeva oldu. Daha doğrusu Hacı Məmmədovla İlhamə Quliyevanın şəkilini gündəmə gətirənlər. Əslində şəkildir, qeyri-adi heç nə yoxdur. Və kimsə dost dediyinin harada nə ilə məşğul olmasına görə məsuliyyət daşımır. Faciəli olan budur ki, adam o boyda əməl sahibinə hələ də dost deyə bilir. Təbii ki, ruh əkizliyi mövcuddur olduğuna görə . Yəni İlhamə Quliyevanın kefi istəyən adama, kefi istədiyi cür, kefi istəyən yerdə və yerdən saldırmasının ayrı cür yozumu yoxdur. Adamın inkar olunmaz "məktəbi" var - "Hacı Məmmədov məktəb"i.

***

Və yadıma düşən daha bir məqam. Buna manıslarla siyasilər arasındakı oxşarlıq da demək olar.
Son olaylar yəni siyasi islahatlar, işdən çıxarılmalar, yeni təyinatlar bizə bir məqama da əməlli başlı diqqət yetirməyə məcbur elədi. Sözügedən prosesə aidiyyəti olmayan adamların da epizodik olsa belə "vurulma" məqamları diqqəti çəkdi. Və anlamaq çətin deyil ki, bizim siyasilər arasında da bir birinə əcaib nifrəti olanlar var. Şərait yaranan kimi məsələn " filankəsin əmisi oğlunun xalası nəvəsinin qudasının dayısı qızı filan işi gördü, çünki vəzifədəki qohumuna güvənir" kimi "dəlillər" gündəmi zəbt elədi...

***

Gəlib çatdıq rica məqamına. Bu həmkarlarıma ünvanlıdır. Lütfən amma lütfən məsələn Aygün-İlhamə qovğasında Alim Qasımovun mövqeyini onların yarıçılpaq şəkilləri arasında camaata təqdim eləməyin...

Bilirsiniz niyə?.. Elə simalar var ki, adları çəkiləndə həm də AZƏRBAYCAN yada düşür. Yəni özündən başqa bir də AZƏRBAYCANı ifadə eləyən Alimi İP-ə qurban verməkdənsə, ip tapıb özümüzü asmaq da olar...

Yadıma düşmüşkən imkanı olan həmkarlarım deputat qardaş və bacılardan, alimlərdən soruşsun ki, manıs arvadların arasında nə işləri var?! Axı ölkədə gündəmə gəlmək üçün bu günki qədər iş və mövzu bolluğu olmayıb. Hə, o alayı məsələdir ki, bəlkə özlərinə "siz də manısınız" dedirtmək keçir könüllərindən...

***

Sonda onu da deyim. Günah sizlərdədir cənab məmurlar, daha doğrusu cənab mədəniyyət və turizm naziri Əbülfəs müəllim, hüquq məhkəmə orqanlarının təmsilçiləri, rəhbərləri, lap elə hörmətli baş prokuror cənab Qaralov və sair...

Ordenlərinə, medallarına, ata-anasına, bizim də sayğımız var. Amma İlhamənin bu ölkədə udmadığı məhkəmə prosesi, söydürüb, döydürmədiyi adam qalmadı axı...
Ədalətin qapıları bu qədər geniş olmaz! Bir adamın üzünə belə gülə bilməz ədalət! Bir adam bu qədər ədalətli zəfər çala bilməz!... Bir sözlə bu boyda "ƏDALƏT" olmur!
Ədalət bircə damla, zərrə boyda olar... O da varsa zəhmət çəkib kimsə Hacı "müəllimin" dostu İlhaməyə "DUR!" desin...

Musavat.com