Təranə MAHMUDOVA Təranə MAHMUDOVA

Akademik yazı qaydaları nədir və onları bilmək niyə vacibdir?

Təranə MAHMUDOVA

Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması, yəni vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır.

İnformasiya-kommunikasiya texnologiyalarının sayəsində müxtəlif xarakterli elmi tədbirlər - konfrans, simpozium, konqres və s. haqqında dünya elm ictimaiyyətini operativ olaraq məlumatlandırmaq və bu toplantılarda onların iştirakını təmin və təşkil etmək əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşıb. Bu kontekstdə beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək, ümumi məsələlər haqqında eyni "dildə danışmaq" zərurəti yaranır. Bu "ümumi dilə" nələr daxildir? Tərəflərin bir-birini anlamasında bu amilin rolu nə dərəcədə vacibdir? "Ümumi dili" mənimsəməklə nələrə nail olmaq olar? Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartlara bələd olmaq lazımdır.

Söhbət nədən gedir?

Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır. Azərbaycan alimləri və tədqiqatçıları, həmçinin doktorant, magistr və tələbələr beynəlxalq elmi tədbirlərə qatılır, çıxışlar edir, ölkəni tanıdır, elmi əməkdaşlıq əlaqələri qururlar. Bu əlaqələrin nəticəsi kimi, alimlərimiz həm də beynəlxalq jurnallarda məqalələr dərc etdirir, xarici həmkarları ilə birgə layihələr və əsərlər üzərində işləyirlər. Təbii ki, əməkdaşlıq əsnasında beynəlxalq elm və təhsil məkanındakı qayda və standartlarla tanışlıq baş verir, sistemlərarası fərqlər aşkarlanır. Uzun müddət Sovet təhsil sistemində tətbiq olunan qayda və normalar bir sıra hallarda beynəlxalq təhsil məkanında qəbul edilmiş analoji standartlara uyğun gəlmir. Bunlardan biri də akademik yazı qaydalarıdır.

Yazı qalır...

Yazının ən başlıca xüsusiyyəti onun qalıcı və sənəd xarakterli olmasıdır. Başqa sözlə, məhz bu özəllikləri sayəsində yazılı materiala dönə-dönə qayıtmaq və ondan faydalanmaq mümkündür. Bu xüsusiyyət istifadəçilər üçün faydalı olmaqla yanaşı, həm də yazı müəllifindən böyük məsuliyyət tələb edir. Xüsusilə əgər söhbət alimin yazdığı mətn və ya materialdan gedirsə. Alim sözünə hər zaman inam və güvən olmuşdur. Bu güvəni qazanmaq yetərli deyil, onu həm də qorumaq və itirməmək lazımdır. Savadlı və yaxşı təşkil olunmuş yazı bunun ən sınanmış yollarındandır.

Yazı həm də çoxalır...

İnformasiya -kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində yazmaq meylləri də çoxalıb. Sosial media sıravi vətəndaşların İnternetə çıxışına unikal şərait yaradır, onları çağdaş kommunikasiya vasitələrinin fəal istifadəçisinə çevirir. Ənənəvi mediaya çıxışı daha çətin və çoxpilləli, bəzən isə qeyri-mümkün sayan insanlar öz axtarışları və tapıntıları haqqında məlumatları bloq yaratmaq və yazdıqlarını orada paylaşmaqla fikir mübadiləsini həyata keçirmiş olurlar. Təbii ki, bu istifadəçilər arasında elm adamları da çoxluq təşkil edirlər.

Niyə akademik yazı qaydaları?

Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alarkən və ya işləyərkən hansı birimiz kurs işi, diplom işi (hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazmamışıq? Və ya özümüz də daxil olmaqla, hansımız elmi iş yazmaq tapşırığı alan tələbənin və ya gənc tədqiqatçının keçirdiyi təşviş və narahatlıq hisslərinə şahid olmamışıq? Elmi iş yazmaq gənc insanda bu tapşırığın öhdəsindən gələ bilməyəcəyi qənaətini yaradır. Ona elə gəlir ki, bu, keçilməz meşəyə düşmək və ya ucu-bucağı görünməyən bir okeanın ortasında təkbaşına qalmaq qədər müşkül və məşəqqətli işdir. Məsələnin öhdəsindən gəlmək üçün tələbə və ya gənc tədqiqatçının ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq, məsələn, yuxarı kurslarda oxuyanların və ya bu yollardan keçmiş həmkarlarının fikrini soruşmaq, proses haqqında təsəvvür yaratmaq olur. Kitabxanalara gedib hazır buraxılış işlərini vərəqləmək, onun yazılma qaydaları, quruluşu haqqında məlumat toplamaq da çıxış yollarından biri sayılır. Qeyri-müəyyənlik, müəllim və professorların yanında biliksiz, hazırlıqsız görünmək qorxusu nə qədər gənci elmi iş yazmaq istəyindən daşındırır. Maraqlısı budur ki, bəzi tələbələrin bu sahədəki passivliyi professor-müəllim heyəti tərəfindən tez-tez təndiq olunur. Lakin bu tənqid və danlaq "notları" məsələnin həllinə kömək etmir, çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr buraxılış işlərini müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən vəziyyətin dəyişməz olaraq qaldığını görürük. Bu isə belə bir fikrə gətirir - bəlkə biz diqqətimizi səbəbə deyil, daha çox nəticəyə yönəldirik?

Elə isə səbəb nədir? Bunun çox sadə cavabı var - bəzi ali təhsil müəssisələri istisna olmaqla, ölkəmizdə akademik və ya peşəkar yazı qaydalarının nə məktəblərdə, nə də universitetlərdə ayrıca bir fənn kimi öyrədilməməsi. Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir. Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir. Hazırda yazı mədəniyyəti ilə bağlı orta və ali təhsil müəssisələrində müəyyən problemlər var; bir sıra obyektiv səbəblərdən bəzi elm adamlarının beynəlxalq akademik yazı qaydaları haqqında təsəvvürləri o qədər də geniş deyil, bəzən isə yetərincə məhduddur. Bu isə, hər şeydən əvvəl, Sovet təhsil sistemində formalaşmış yazı standartlarının post-Sovet ölkələrində hələ də prioritet mövqeyə malik olması amili ilə bağlıdır. Digər səbəblərdən biri də, heç şübhəsiz ki, dil amilidir. Bir zamanlar latın dili elm dili sayıldığı kimi, çağdaş dünyada ingilis dilinin bu statusa yüksəlməsi faktı çoxlarımıza bəllidir. Bu səbəbdən də dünya elm sistemində baş verən proseslər haqqında məlumat əsasən ingilis dilində paylaşılır. Dil biliyi bu zəngin mənbələrdən istifadə etməyə imkan verməyən şəxslərin bir çox yeniliklərdən kənarda qalması ehtimalı böyükdür. Lakin beynəlxalq elm və təhsil sistemində tətbiq olunan qayda və standartlar haqqındakı informasiyanın tərcümə olunaraq yerli şəraitə uyğunlaşdırılması bu problemi həll edə bilər.

Bəs niyə beynəlxalq akademik yazı qaydaları?

Hər şeydən əvvəl, ona görə ki, beynəlxalq standartlar "ümumi dil" rolunu oynayır, yəni fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir. Beynəlxalq yazı qaydaları həmçinin oxunu sadələşdirir. Vahid standartlar üzrə yazılmış mətndə nəyin harada, yəni hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq da asan olur. Başqa sözlə, bunu ayrı-ayrı rəfləri olan dolaba bənzətmək olar ki, bu "gözlər"in hər birində hər zaman eyni əşyalar saxlanır. Dolabın içi və quruluşu haqqında dəqiq məlumata malik olan şəxs qapını açıb istədiyi əşyanı onun saxlandığı rəfdən heç bir axtarış aparmadan rahatlıqla tapa və ya götürə bilər. Çünki onun harada yerləşdiyini yaxşı bilir.

Beynəlxalq akademik yazı qaydalarının dünya səviyyəsində qəbul edilmiş modeli inkişaf etmiş ölkələrdə hazırlanmış, gəlişdirilmiş və tətbiq edilmişdir. Başqa sözlə, uzun müddətli tətbiq nəticəsində sınanmış, hərtərəfli müzakirə yolu ilə təkmilləşdirilmiş və "cilalanmış" bir modeldir. Bu səbəbdən də səmərəsi çox az adamda şübhə doğurur.

Bu "resepti" yazmalı - "yazmaq resepti"ni

Əslində beynəlxalq akademik yazı qaydaları müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir. Bunu "resept"ə bənzətmək daha məqsədəuyğun olardı. İstənilən yemək "resept"ində olduğu kimi, burada da əməl edilməli olan qaydalar tam dəqiqliklə verilir. Burada işə yaramayan, əsas məqsədə xidmət etməyən heç bir detala yer yoxdur. Başqa sözlə, bu prosesi hasar tikintisinə bənzətmək olar; burada hasarı təşkil edən hər bir kərpicin öz yeri və funksiyası var. Hər "kərpic", yəni cümlə ümumi mətnə yeni və xüsusi məna gətirir. Elə bir məna ki, bu həm özündən əvvəlki, həm də sonrakı məzmunla məntiqi surətdə bağlıdır.

Nəticə necə ola bilər?

Beynəlxalq akademik yazı qaydalarının öyrədilməsi elmi işlə məşğul olan şəxslərə nə qazandırardı? Bu qaydaların dəqiq düşünülmüş modeli, nəzəri əsasları, qazanılmış bilikləri möhkəmləndirən praktik tapşırıqlar, qarşıya çıxa biləcək hər bir problemin həlli yollarının göstərilməsi, prosesin etik tərəfləri haqqında fikir paylaşımı (məsələn, plagiatın yolverilməzliyi) bu işə olan münasibəti kökündən dəyişə bilər. Bu qaydalar yazı müəllifinin oxucu qarşısında sosial və mənəvi məsuliyyətini artırmış olar. Paylaşım üçün nəzərdə tutulan məlumatların yalnız müxtəlif mənbələrdən yoxlandıqdan sonra geniş auditoriyaya çatdırmaq, irəli sürülən müddəaların hər birinin ən azı üç faktik material və ya dəlillə dəstəkləmək kimi tələbləri nəzərə almaqla müəllif öz oxucularını daha dəqiq və səhih məlumatla təmin edə bilər. Alimlərin auditoriyası isə əsasən elə alimlər özləri olur. Bu baxımdan elm adamları arasında yazı standartlarının qəbul edilməsi və tanınması bu sahədə sabit forma və üsulların müəyyənləşməsinə yardım etmiş olar. Akademik yazı qaydalarının bir fənn olaraq keçirilməsi həmçinin intellektual mülkiyyət məsələsinin aktuallaşmasına səbəb ola bilər. Yazı prosesinin nə qədər məsuliyyətli və əhəmiyyətli iş olduğunu öz təcrübəsi əsnasında duyan, anlayan bir şəxsin digər müəlliflərin əməyinə və zəhmətinə hörmət etməsi daha ağlabatan və gözləniləndir.

Yekunda...

Elmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq mədəniyyətinin formalaşması və davamlı tətbiqi üçün "Akademik yazı qaydaları" fənninin ən azı universitetlərdə tədris edilməsi təxirəsalınmaz məsələlərdən biridir. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi (və ya ) fikirlərini yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırılmalıdırlar. Bu, həm onların öz gələcək karyeralarını qurmaqda, həm də beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşularaq ölkəmizi layiqincə təmsil etmələrinə şərait yaratmış olar.

Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının dosenti

525.az