Zərdab rayon icra başçısı Lütfəli Babayevin həbs etdirdiyi rayon sakini Şəfəq Səfərliyeva azadlığa çıxıb. Zərdab rayon icra başçısı Lütfəli Babayevin həbs etdirdiyi rayon sakini Şəfəq Səfərliyeva azadlığa çıxıb.

Prezidentə 10 metrlik şikayət məktubu! - Başçının tutdurduğu qadın azadlıqda (Yenilənib)

Zərdab rayon icra başçısı Lütfəli Babayevin həbs etdirdiyi rayon sakini Şəfəq Səfərliyeva azadlığa çıxıb.

O, AzNews.az-a deyib ki, 1 il 17 gün həbsdə qaldıqdan sonra Apellyasiya Məhkəməsinin qərarıyla azadlığa çıxıb: "İcra başçısının mənim haqqımda qaldırdığı saxta ittihamlarla elə birinci instansiya məhkəməsində barəmdə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə qərarı verildi. Məhkəmə qərarından hüquq-müdafiə və qadın təşkilatlarına müraciət edildi. Həbsxanada aclığa başladım, lakin yenə də dəyişən bir şey olmadı. Cəzamı xəstəliyimlə əlaqədar Penitensiar Xidmətin müalicə müəssisəsində çəkdim. Haqsız yerə 1 il həbsdə qalandan sonra isə azadlığa çıxdım".

Ş.Səfərəliyeva başına gətirilənlərdən sonra dəfələrlə intihar etmək istədiyini vurğulayıb. Onun sözlərinə görə, həbsdən çıxandan sonra L.Babayevin təzyiqləriylə üzləşib: "Qohum-qonşuya tapşırıb ki, mənim evimə gəlməsinlər, mənə köməklik göstərməsinlər. İşlə təmin olunmuram. Bütün qohumlarla da əlaqələrim kəsilib, əlacsız qalmışam. Mənə görə bütün qohumlarım, tanışlarım zərər çəkiblər, işlərini itiriblər. Bəziləri rayondan qaçmaqla canlarını qurtarıblar".

İcra başçısı tərəfindən təhqir olunan xanım bütün bunlarla bağlı Prezident İlham Əliyevə 10 metrlik məktub yazıb. Məktubda başına gətirilən dəhşətli hadisələr, saxta ittihamlarla haqsız yerə həbs edilməsi və hazırda icra başçısı tərəfindən təqib olunması barədə ətraflı məlumatlar verilib.



Xatırladaq ki, 2012-ci ildə Zərdab rayon icra hakimi L.Babayevin 50 yaşlı Ş.Səfərəliyevaya təcavüz etmək istəməsi ilə bağlı məlumatlar yayılmışdı. Ş.Səfərəliyeva icra başçısını əxlaqla bir araya sığmayan əməllərdə ittiham etmişdi. Bundan sonra L.Babayevin göstərişi ilə qadını rayondan çıxarmaq üçün imza toplama kampaniyası başladılmışdı. Daha sonra L.Babayev Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirmişdi. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, hakim onun barəsində 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı.

***
(18:25)
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev rayon sakini Şəfəq Səfərəliyevanın onun ünvanına səsləndirdiyi ittihamla aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında bildirib ki, deyilənlərin heç bir əsası yoxdur: "O, həbsdən tam çıxmayıb. Əgər çıxıbsa da mən onu görməmişəm. İcra başçısı hansısa bir texniki işçi ilə üzləşməz. Yəqin ki, bu böhtanlarına görə o, ikinci dəfə yenə də məhkəməyə qarşısına çıxacaq. Əgər o, belə bir açıqlama ilə çıxış edibsə, mən onu məhkəməyə verəcəyəm".

L.Babayev onu da qeyd edib ki, əgər Ş.Səfərəliyevanın dedikləri həqiqətdirsə, o zaman məhkəməyə müraciət eləsin: "Məni versin məhkəməyə".