Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Muradovlar ailəsinin cəbhədə düşmən tərəfindən öldürülən oğlu şəhid statusundan məhrum edilib. Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Muradovlar ailəsinin cəbhədə düşmən tərəfindən öldürülən oğlu şəhid statusundan məhrum edilib.

Şəhidə ayrılan pullar “yeyildi” - Vəzifəli şəxslərin 11 minlik dələduzluğu

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Muradovlar ailəsinin cəbhədə düşmən tərəfindən öldürülən oğlu şəhid statusundan məhrum edilib.



Bu barədə AzNews.az-a şəhid anası Əsli Muradova məlumat verib. Onun sözlərinə görə, 1995-ci ilin iyulunda hərbi xidmətə çağırılan oğlu Mübariz Muradov həmin ilin dekabr ayında şəhid olub: "Xidmətdə olduğu aylar ərzində bir gün olsun belə hospitalda olmayıb. Murovdağda ön mövqedə xidmətə cəlb olunub. 1995-ci ilin 27 dekabrında isə əsgərlikdən cənazəsini gətiriblər. Hərbi hissənin zabit heyəti, rayon icra hakimiyyətinin səlahiyyətliləri "oğlunuz şəhiddir" deyə mənə təskinlik verirdilər. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilib və bizə Bərdə Rayon İcra Hakimiyyətindən şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi verilib".

Həyat yoldaşını da itirən 9 uşaq anası Ə.Muradova 2008-ci ildə ailəsinin "şəhid" statusundan məhrum edildiyini deyir: "Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi bizə şəhid ailəsi kimi verilən təqaüdü kəsdi. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlığa müraciət etdik. Onlar şəhid statusu barədə arayış tələb etdilər. Hərbi Komissarlığa müraciət etsəm də oğlumun şəhid olmasını təsdiq edən arayış ala bilmədim. Şəhidlik statusu almaq üçün məhkəməyə müraciət etmək məsləhət görüldü. Hərbi Komissarlıqdan Bərdə Hərbi Komissarlığına və mənə məktub göndərildi. Həmin məktubda da mənim statusla bağlı hərbi komissarlıqdan arayış ala bilmədiyim üçün ailəyə verilən prezident təqaüdünün dayandırıldığı göstərilirdi".

Şəhid anasının bildirdiyinə görə, Bərdə rayon ƏSMM onun oğluna verilən təqaüdü mənimsəyib: "Oğluma şəhidlik statusu verilməsi üçün 2014-cü ilin noyabrında Bərdə rayon ƏSMM-dən məktub aldım. Hərbi Komissarlıqdan oğlumun şəhid olması barədə arayış istəyirdilər. Yenə də ala bilmədim. 2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də 2008-ci ildən üzü bəri bizə verilən bütün təqaüdlər alınıb".

Məsələni aydınlaşdırmaq üçün Muradovlar ailəsi ƏSMM-nin direktoruna ərizə ilə müraciət edib: "Ailəmizə ödənilməyən vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət etdik. Bu əsasla Bərdə Rayon Polis Şöbəzində araşdırma başladıldı. İşi aparan müstəntiq A.Mehdiyev təhqiqiatın sonunda işi cinayət əməli kimi qiymətləndirməyərək rədd etdi. Halbuki ortada 11350 manat mənimsəmə faktı var. Bu vəsaiti faktiki olaraq mən ala bilməzdim. Çünki bu pulu almaq üçün Hərbi Komissarlıq mənə istədiyim arayışı verməmişdi".

Ə.Muradova hadisə ilə bağlı Bərdə rayon Prokurorluğuna müraciət edib. Prokurorluq RPŞ-nin qərarını ləğv edərən yenidən baxılmasını tələb edib. Lakin 2015-ci ilin noyabrın 2-dən başlayan təhqiqatdan hələ də bir xəbər yoxdur.

Ailəsinin haqqını tələb edən ana hazırda Hepatit C virusundan əziyyət çəkir: "Mənə göstərilən bu münasibətdən sonra səhhətimdə problemlər yarandı. Hazırda Hepatit C virusunun daşıyıcısı kimi müalicə alıram, ciddi problemlərim var. Bərdə ƏSSM isə sinəmə çəkilən bala dağının üstündən bir dağ da çəkib, məni yandırdı. Balamın şəhid adını şübhə altına aldı. Hansı mənəviyyata sığar ki, ölən balamın ruhuna hörmətsizlik edib, məni incitsinlər. Mənim balam ölüb, bundan betər dərd olarmı?"

Ana şəhid oğlunun haqqının bərpa edilməsi üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Mən haqsızlığa uğrayan, əzilən, ayaqlanan anayam. Ədalətin olduğuna inanıram. Mən neçə aydır xəstə canımla yollarda qalmışam. Lakin şər və böhtan olan bu biabırçılığa son qoya bilmirəm. Mənə kömək edin, cənab Prezident. Yeyilən, mənimsənilən pulları da utanmadan , qızarmadan mənim üzərimə atırlar".

Xatırladaq ki, Hesablama Palatası 2014-cü ildə Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində keçirdiyi audit nəticəsində sözügedən qurumda Əsli Muradovanın ailəsinə qarşı edilmiş qanunsuzluqlara oxşar faktlar aşkarlamışdı. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit nəticəsində vəzifəli şəxslər tərəfindən ünvanlı dövlət sosial yardımlarının təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilmədən artıq və yardım almaq hüququna malik olmayan şəxslərə əsassız ödənişlərin aparılması, müavinət işi mövcud olmayan şəxslərə heç bir əsas olmadan sosial müavinətlərin və təqaüdlərin təyini və ödənilməsi, bir sıra hallarda eyni aylar üzrə təkrar ödənişlərin aparılması, birdəfəlik müavinətlərin ödənişi zamanı əsassız olaraq artıq vəsaitlərin verilməsi və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının "Hesablama Palatası haqqında" qanunun 2-ci maddəsinin on ikinci abzasının və prezidentin 2009-cu il 22 iyun 103 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim edilməsi qərara alınmışdı.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid statusundan məhrum edilən Mübariz Muradovla bağlı məsələyə aydınlıq gətirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev AzNews.az-a açıqlamasında Bərdə rayonu Mustafaağalı kənd sakini Mübariz Muradovun şəhid olmadığını, xəstəlikdən öldüyü bildirib: "Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda M.Muradovun Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi yazılıb".

Nazirlik Bərdə rayonu, Mübariz Muradovun ailəsinə verilən təqaüdün dayandırılmasının səbəbini belə izah edib: "Əsli Muradovanın ailəsi şəhid ailəsi kimi Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunub. Lakin 2014-cü ilin avqust ayında şəhid ailələrinin sənədlərinin araşdırılması zamanı Əsli Muradovaya aid sənədlər arasında onun oğlu, hərbi xidmət zamanı vəfat etmiş Muradov Mübariz Heydər oğlunun şəhid statusunu təsdiq edən arayış olmadığı məlum olub. Bu səbəbdən onun ailəsinə Prezident təqaüdünün ödənişi 1 sentyabr 2014-cü il tarixdən dayandırılıb. Əsli Muradovaya rəsmi məktubla müraciət edilərək, şəhid statusunu təsdiq edən arayışı Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinə (ƏSMM) təqdim etməsi tövsiyə olunub. Ötən müddətdə Əsli Muradova həmin arayışı rayon ƏSMM-nə təqdim etməyib".

Nazirlik rəsmisi qeyd edib ki, Bərdə rayon ƏSMM tərəfindən Əsli Muradovaya 1 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2014-cü ilədək onun ailəsinə Prezident təqaüdü kimi ödənilmiş ümumilikdə 11315 manat məbləğində vəsaitin dövlət büdcəsinə geri qaytarılması haqqında rəsmi məktubla xəbərdarlıq edilib: "Lakin o, həmin vəsaiti almadığını və başqaları tərəfindən mənimsənildiyini iddia edir. Bərdə rayon ƏSMM tərəfindən qeyd olunan vəsaitin kimin tərəfindən alınmasının araşdırılması üçün Bərdə rayon Polis şöbəsinə müraciət edilib. Aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, Əsli Muradova ilk vaxtlar təqaüdü Bərdə rayon ƏSMM-dən barat şəklində nəğd formada alaraq bunu hər dəfə öz imzası ilə təsdiq edib. "Kapitalbank" ASC-nin Bərdə rayon filialı tərəfindən verilən 18 sentyabr 2015-ci il tarixli arayışa əsasən, Əsli Muradova təqaüdün bankomatdan alınması üçün ilk plastik kartı 2009-cu ilin may ayında, növbəti plastik kartı isə 2014-cü ilin yanvar ayında öz imzası ilə həmin filialdan şəxsən götürüb".

Qeyd edək ki, Bərdə rayon, Mustafaağalı kənd sakini Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb və həmin ilin dekabr ayında ölüb. Ana bildirib ki, hərbi hissənin verdiyi arayışda da oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilib. Ona Bərdə Rayon İcra Hakimiyyətindən şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi təqdim olunsa da 2008-ci ildə isə ailə "şəhid" statusundan məhrum edilib.







(Davamı olacaq)

Bahar RÜSTƏMLİ
AzNews.az