Fikrət Yusifov Fikrət Yusifov

Manatın yeni nominalı

Fikrət Yusifov


Rusiya Mərkəzi Bankı 2017-ci ilin sonunda dövriyyəyə 200 və 2000 publ küpürlər buraxmaq niyyətindədir. Mərkəzi Bankın bu qərarı ilk növbədə dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən Rusiya rubulunun daha çox dəyərdən düşməsi ilə bağlı olan bir addımdır. Nağd pulla hesablaşmaları daha da asanlaşdırmağa yönəli bu addımın bütövlükdə dövriyyədə olan pul kütləsinin həcmini artırmayacağı bildirilir. Bunun üçün yeni küpürlər dövriyyəyə buraxıldıqdan sonra dövriyyədən əsasən keyfiyyətini itirmiş pul nişanları yığışdırılacaq. Rusiya vətəndaşları arasında keçirilən sorğular nəticəsində bəlli olub ki, insanlar nəğd hesablaşmaları aparmaq üçün mövcud küpürləri əsasən kifayət hesab edirlər. Lakin buna baxmayaraq, Mərkəzi Bank, nəğd pulla aparılan hesablaşmaları daha da asanlaşdırmaq məqsədilə belə bir qərar qəbul edib. Bəs bu məsələdə bizdəki vəziyyət necədir? Bizdə isə küpürlərin nominalı ilə bağlı manatın birinci devalvasiyasına qədər də, hal - hazırda da, bir sıra problemlər mövcuddur. Bizdəki problemlər Rusiyadakı problemlərdən fərqlidir. Bizdə dövriyyəyə nominalı daha böyük olan küpürlərin buraxılmasına ehtiyac yoxdur. Əksinə, bizdə nəğd pulla aparılan hesablaşmaları asanlaşdırmaq üçün dövriyyəyə yeni nominalı olan aralıq pul nişanlarının buraxılmasına ehtiyac var. Əgər hər hansı bir ticarət mərkəzində, alış-veriş yerində sorğu aparılarsa, bu dediklərimizin sübutuna heç bir ehtiyac qalmayacaq.

Belə ki, 50 və xüsusən də 100 manatlıq küpürü satıcıya təqdim edən alıcılar bir çox hallarda pulun qalığını geri almaq üçün kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Aralıq pul nominallarının az olması, nəğd hesablaşmaları bəzən kifayət qədər çətinləşdirə bilir. Fikrimizcə, bu hesablaşmaları asanlaşdırmaq məqsədilə dövriyyəyə 3 manatlıq və 25 manatlıq nominalı olan küpürlərin buraxılmasına böyük ehtiyac var.

Təsəvvür edin alıcının 1 manatlıq mal almaq üçün satıcıya təqdim etdiyi 5 manatdan satıcı hər birinin nominalı 1 manat olan 4 ədəd 1 manatlıq küpür qaytarmalıdır. Halbuki, dövriyyədə 3 manatlıq küpürlər olarsa o, bunu 2 ədəd pul nişanı ilə - (3manat + 1 manat) edə bilər. Eyni qayda ilə 15 manatlıq mal üçün 50 manat təqdim etmiş alıcıya satıcı ən yaxşı halda 3 ədəd nominalı 10 manat olan və 1 ədəd nominalı 5 manat olan cəmisi 4 küpür qaytarmaqla hesablaşma apara bilər. Halbuki, dövriyyədə 25 manatlıq küpürlər olarsa, o, bunu iki küpürlə (25 manat + 10 manat) edə bilər. Nəqd pulla aparılan hesablaşmalarda həm alıcıların və həm də satıcıların vaxtına qənaət və onların bu əməliyyatları keçirərəkən rahatlığının təmin edilməsi məqsədilə bu çox önəmli bir məsələdir.