Günel Natiq Günel Natiq

Özünə məktub yazan qadın

Günel Natiq


Yaşını hamıdan gizləyirdi. Ya da soruşanlara eləcə: "35" deyirdi. Artıq ikinci onillik idi ki, yaşı 35-i "keçmirdi". Əslində yaşını soruşmağa ehtiyac yox idi. Gözlərinin altında, boynunda kök salan qırışlar yaşını onsuz da büruzə verirdi. Amma davranışı onu ədalı qızlara bənzədirdi. Elə adamları çaşdıran da bu idi. Bu yaşda olan qadınlar adətən belə davranmırlar. Əgər bir gün təsadüfən sənədinin üstündəki tarixi görməsəydim, gerçək yaşı mənim özümə də sirli qalacaqdı.

Vay o gündən ki, kimsə onun haqqında danışanda "qadın" kəlməsini işlədərdi. Pərtliyini gizləmədən "Məgər mən qadına oxşayıram"? - deyirdi. "Əlbəttə ki, yox!" - onu ovudurduq. Toxtayıb gülümsünürdü. Bir dəfə özüm də istəmədən sarı simə toxunmuşdum. Ondan sonra cümlələrimi onu düşünüb qururdum.

Arzularının lap üst qatında ailə qurmaq istəyi vardı, hərçənd heç kimlə paylaşmağı sevmirdi. Bu mənada fədakar deyildi. Yəqin ona görə də tək idi. Əslində, həyatında hər şey ala-yarımçıq idi, elə hissləri də. Bir neçə dəfə aşiq olsa da, hisslərinin ardınca gedə bilməmişdi. Hər dəfəsində təklik çulğamışdı onu. Amma vaxt keçdikcə, bu ona əzab verirdi.

Bir dəfə şirkətin qadınlarının sevimlisi olan baməzə bir adamın hamıyla əl-əl görüşərkən bu qadının onun əlini özü də fərqində olmadan necə ovcunun içində saxladığını, bu təmasdan necə xoşhal olduğunu görmüşdük. Təsirli səhnə idi...

Bəzən mənə elə gəlirdi, Əziz Nesinin "Tənha qadınlar"ı kimi özü özünə məktub yazır, sonra, yalqız vaxtlarında o məktubları oxuyub təsəlli tapır. Bəlkə də özünə dediyi yalanlar onun uğursuz taleyinin kompensasiyası idi...

Özü-özünün heyranı idi. Yəqin ki, Bricit Bardo da vaxtilə özünə onun qədər vurğun deyildi. Hərçənd hər bir qadında onun özününkü olan, heç kimə bənzəməyən orijinal bir cizgisi, ya özəlliyi var. Onun vücudunda yeganə gözəl olan gözləri idi. Bunu ona diş həkimi də demişdi. O, həmin diş həkimi idi ki, qəhrəmanımız qabaq iki dişi düşdükdən sonra ona üz tutmuşdu. Qəfil qopan iki diş bəlkə də onun qəsdinə duran xəstəliyin ilk nişanəsi idi. Onda bunu anlamamışdıq... Həkimin qəbulundan gəlib yenə güzgü qabağında xumarlanmış, gözlərinə bir də diş həkiminin gözləriylə baxmışdı.

O gündən tez-tez o adamın adını çəkir, onu xatırlayırdı. Həmin vaxtlarda qızlarla göz-gözə gəlib qımışırdıq... Özünəvurğunluğu bəzən adamları qıcıqlandırsa da, pis qız deyildi. Bu qadının nə umacağı vardı axı! Sadəcə istəyirdi ona gözəl olduğunu desinlər. Kompliment deyilə biləcək bütün məziyyətləri isə gün-gündən yox olub gedir, çəlimsiz, üz-gözü qırışlarla örtülü yaşlı qadına çevrilirdi. Amma yenə də gizli-gizli özünə cehiz yığır, ağ atlı şahzadəni gözləyirdi. Bacısının Moskvadan göndərdiyi şokoladlara bizi qonaq edərkən "toy şirnini yeyək" kəlmələrini unutmurduq. Son vaxtlar gülümsəyib "gec deyil?" desə də bilirdik ki, hələ gec olmadığına inanır. Özü də ürəkdən inanır.

Ümidlərinin onu uzaqlara aparacağına inanırdıq, amma bunca deyil. Ona görə gün-gündən şam kimi əridiyini görəndə heç nədən şübhələnmədik. O özü də xəyallarından bu qədər erkən əl götürüb uzağa gedəcəyinə inanmırdı.

Mənə zəng edəndə ağlayırdı. Çətin günlər gözləyirdi onu. "Möhkəm ol, hər şey yaxşı olacaq" deyirdim. "İş barədə isə narahat olma. Sən sağlamlığının qeydinə qal".

Amma artıq gec idi... Ömründən günlər yarpaq-yarpaq düşürdü. Son yarpağın qopacağını dəhşətlə gözləyirdik.

Onu o aralar yuxuda tez-tez görürdüm. Görürdüm, yaxşılaşıb, gümrahlaşıb, hətta xeyli cavanlaşıb da.

Ölümündən sonra iki dəfə yuxuda gördüm. Kefi kök idi. Rahatlamışdı. Üzü gülürdü. Yuxu olduğuna inana bilmirdim." Orda yaxşı olar ona", - oyanandan sonra fikirləşdim. Sonra ağlıma gəldi ki, dişlərini də düzəltdirər orda. Orda rahat olar...

Sonuncu dəfə yuxuda görəndə gəlin köçürdü, bəyin yerində isə heç kim yox, diş həkiminin özü oturmuşdu. Bu həmin diş həkimi idi ki, ondan bir il sonra dünyasını dəyişmişdi. Onun öldüyünü eşidər-eşitməz redaksiyadakılardan biri "artıq o dünyadakıların diş problemi olmayacaq" deyə guya zarafat etmiş, bizim tərs-tərs baxdığımızı görəndə təbəssümü elə üzündəcə donub qalmışdı. Bu həmin adam idi ki, o qadın ömrünün son illərində onunla bağlı xəyallar qurur, ümid edirdi.

Xəyallarının onu bu qədər uzaqlara aparacağı ağlımıza gəlməzdi...

Yuxudan təsəvvürümdə qalan qadın təsviri isə bəyaz gəlinlikdə rəqs edir, ümidlərdən əlində qalanlar şabaş kimi tökülürdü...

Lent.az