Çinarları baş-başa verən, torpaqdan göylərə salam aparan Göyçay torpağı! Çinarları baş-başa verən, torpaqdan göylərə salam aparan Göyçay torpağı!

Evə gəlməli idi, kəndinin 10-cu şəhidi oldu - “Qardaşına tapşırıb ki, evdəkilər bilməsin”

Çinarları baş-başa verən, torpaqdan göylərə salam aparan Göyçay torpağı!


O torpaqda nə yetişsə, saf yetişir. Hələ dünyada brend edə bilmədiyimiz narından danışmıram. İndi düşünürəm ki, o narın, torpaqda lalələnən çiçəklərin rəngindədir şəhid qanları. Boy-boya vermiş çinarlar mənə həmişə mərd, gənc oğlanları xatırladıb. Bəzən keşik çəkən əsgərlərə, bəzən də nişanlısını gözləyən qızlara bənzətmişəm.
O çinarlı yollardan keçib Qasımovların evini bələdçimiz İbrahim Məmmədovun vasitəsilə tapdıq. Qasımovlar ailəsinin qapısını döydük. Şanlı Azərbaycan bayrağı bu qapının da üstündə dalğalanırdı. Ev sahibləri bizi çox mehriban qarşıladılar. Haradan gəldiyimizi soruşmadan başa keçirdilər. Məramımı-məqsədimi deyəndən sonra, bizim dünənə qədər tanımadığımız, bu gün isə bütün türk dünyasının tanıyıb fəxr duyduğu Vətən qəhrəmanı, 20 yaşı hələ tamam olmamış şəhid Teymur Qasımov barədə danışdılar.

Atası Mikayıl dedi ki, bir çox azərbaycanlılar kimi, illərdir ki, ailəsini dolandırmaq üçün Rusiyada işləyir. Oğlunun Vətən torpağı uğrunda şəhid olması xəbərini eşidəndə dərhal yola çıxsa da, gec gəlib çatıb, Teymuru torpağa əmanət edəndə, elin-obanın içərisində olmayıb. Dəfndə böyük qardaşı Məhəmməd Qasımov iştirak edib.
Şəhid Teymur atasının 1941-1945-ci ildə Böyük Vətən müharibəsində həlak olmuş əmisi Teymurun adını daşıyırdı. Bolqarıstanda qalibiyyət bayrağını asanda alman gülləsindən həlak olub.



"Onun haqqında Rusiyada, Ukraynada kitablar yazılıb. O vaxt Kremlin rəhbərlərindən olan Ustinovdan şanlı məktub da almışdıq. Hətta ailəmizin üzvlərini bir neçə dəfə Lvova anım tədbirlərinə dəvət ediblər, maddi imkanımız olmadığından əmimizin adına olan mərasimlərdə iştirak edə bilməmişik. Teymur əmidən heç bir nişanə qalmayıb. O da dünyadan cavan köçüb. Oğluma əmimizin adını vermişdik ki, onun şərəfini yaşatsın, gənc ruhu sevinsin. Sən demə Teymurun ömrü elə babasının ömrü qədər imiş. Ancaq neyləyə bilərik, hər kəsin bir alın yazısı var. İndi bir oğlum qalıb".

Mikayıl kişi şəhid övladından danışarkən göz yaşı sel kimi axırdı…

Valideyn üçün övlad itkisi ağırdır. Atalar səssiz ağlayar, atalar çox vaxt göz yaşlarını ürəklərinə axıdarlar. Amma…

Söhbətimizə Teymurun əmisi Məhəmməd Qasımov da qoşuldu.

"Qardaşım Mikayıl Rusiyada işlədiyindən gözüm həmişə bu ailənin üstündə olub. Neçə dəfə Teymurun xidmət etdiyi hərbi hissəyə getmişdik, xidmətindən çox razı idi. 1 il 6 ay idi ki, hərbi xidmətdəydi. Aprelin 2-də Vətən qarşısında borcunu yerinə yetirərək evə qayıdacaqdı. Özünü gözləyirdik. Düşmən təxribatı başlamazdan 2 gün əvvəl, martın 31-də kiçik qardaşı Turala zəng vurub deyib ki, ermənilərlə döyüşə başlayırıq, müharibəyə hazırlaşırıq, anadan muğayat ol, atamı sənə tapşırıram. Özü də bərk-bərk tapşırıb ki, evdə kimsəyə bu barədə söz deməsin. Oğlumuz snayper idi. Qorxmaz bir oğul idi. Hərbi hissədə komandirləri ondan həmişə razılıq edirdi. Nə qədər təşəkkür məktubları gəldi evimizə. Fəxr edirdik onunla ki, gedib nəslin-kökün adını şərəflə doğruldub. Sən demə, hələ daha bir şərəfə də yüksəldəcəkdi bizi.

Onun tabutunu həyətimizə gətirəndə qarşısına mən çıxdım, ürəyim param-parça oldu. Ancaq tabutun üstündəki bayrağı, darvazamızın üstündə dalğalanan, məhəlləmizi bəzəyən bayraqları görəndə içimdə bir titrəyiş keçdi. Ağladım ki, bizi bu MƏQAMA çatdırdın! O hissi ifadə edə bilmirəm. Onu yaşamaq şərəf olsa da, istəyirəm ki, Vətən torpaqlarımız qurbansız, şücaətlə alınsın. Sən getmə, mən getməyim, sən ölmə, mən ölməyim... Bəs kim xilas edəcək, kim qoruyacaq bu torpaqları? Düşmənimizin axırına kimsə çıxmalıdır. Bu gün biz müharibə istəyirik. İcazə versinlər, yığsınlar bizi, gedək torpaqlarımızı azad edək. Onda bilərəm ki, balamızın qanını almışam. İstəmirəm bu qan yerdə qalsın..."



"Ana, məni az ağla"

Bu evdə bir sakitlik, bir şəffaf düzən var. Teymur Qasımovun anası Gülnar xanımın başına yığılan qadınların əksəriyyəti yaxın qohumlarıdır. Abırlı-ismətli, gözəl-göyçək ağbirçəklərdir hamısı. Deyirlər ki, Gülnar çox cavandır. Heç 45 yaşı olmayıb. Bu ağır dərdi daşıya bilmir. Neyləsələr də, ananı ovuda bilmirlər. Ancaq bu günlərdə oğlu Teymur anasının yuxusuna gəlib. Gülnar yuxusunda görüb ki, göydən xoş bir avazla gözəl kəlmələr gəlir. Həmin sözləri Gülnarın böyük bacısı təkrar edir. Sözlər yerə endikcə, ananın qarşısındakı stəkana su damcıları dolur. Su stəkanın yarısına çatanda Teymur stəkanı götürüb anasına verir və deyir: "Ana iç, ağlama, bu səbr suyudur! Ana məni az ağla".

Böynu bükük, gözləri qəmdən solmuş Gülnar yalnız bu yuxunu görəndən sonra bir az toxtayıb...

Qasımovlar ailəsindən ayrılanda anaya toxtaqlıq verə bilmədim. Balasından ömürlük ayrılan ananın ağrı-acısını hansı sözlə yüngülləşdrimək olar ki?! Bu ayrılığın qarşısında söz acızdir.

Bizi yola salmaq üçün ailə üzvlərinin hamısı ayağa durdu. Darvazaya qədər ötürdülər. Gecənin qaranlığında bir həsrətin də acısına belə şərik oldum. Onu da öyrəndim ki, Teymur Qasımov Göyçayın Çaxırlı kəndinin 10-cu şəhididir. Teymur o şəhidlərin hüzuruna üzüağ getmişdi. Çünki həmin gün alınan bir ovuc torpağımızda onun da qanı, haqqı var. Şəhidlik məqamın mübarək olsun, Teymur Qasımov!



Göyçaylılar əmrə müntəzirdilər!!!

Teymur Qasımovun ömründən, ailəsindən bəhs etdiyim yazını burada da bitirə bilərdim, lakin bizə bələdçilik edən İbrahimin dediklərini əlavə etməklə, göyçaylıların Vətən sevgilərini anlatmaq istədim. İbrahim dedi ki 2006-cı ildə Murov dağıının zirvəsində, ən soyuq yerdə əsgəri xidmətdə olub. Hərbi hissədəki şəraitsizlikdən əziyyət çəkirmişlər. Kazarmalarda istilik, odun-ocaq da olmurmuş...

"Orda qulluq edib gələnlərin əksəriyyəti indi xəstədir. Böyrək, mədə-bağırsaq, revmatizm, ağciyər xəstəliklərindən əziyyət çəkirik. Əsgərlik kişilik məktəbidir, lakin gərək əsgərə elə baxasan ki, Vətən torpağının hər qarışını göz-bəbəyi kimi qorumağa sağlamlığı yol versin".



İbrahim bunları olub-keçənlər kimi danışdı. Sonra da əlavə etdi ki, "indi çox şey dəyişib, hərbi xidmət keçən qohum-əqrabanın, dost tanışın uşaqlarının əsgəri xidmətindən xəbərimiz olur. Hamısı razılıq edir. Analar əsgəri Vətənə, Vətəni əsgərə əmanət edirlər. Əsgər ölkənin qeyrəti, namusudur. Aprel ayının əvvəllərində 4 gün davam edən müharibənin uğurları da elə bugünkü qayğının, əsgərə olan münasibətin nəticəsidir. Oğullarımız yenə də "uf" demədən, özlərini Vətən yolunda qurban etdilər, canlarından keçdilər. Həmin günlər Göyçayın cavanlı-qocalı insanları göz yummadılar. Cəbhə bölgəsindən alınan xəbərlər insanlarda böyük ruh yüksəkliyi yaratmışdı. Kasıb-kusub, əlacsız, küskün insanlarımız hətta məmurların onlara qarşı etdiyi haqsızlıqları da unudub, Vətən uğrunda döyüşə hazır dayanmışdılar. Müharibə dayandıqdan sonra, hamı məyus oldu, bu gün də göyçaylıların qulağı səsdədir, hər kəs Vətəni azad etmək üçün Ali Baş Komandanın, müdafiə nazirinin əmrini gözləyir".

Aida EYVAZLI