Tofiq Hüseyn Tofiq Hüseyn

Piyadalar - Ölümə birinci siz gedirsiniz

Tofiq Hüseyn



Şahmatda belədir: piyadalardan savayı bütün fiqurlar müxtəlif istiqamətlərə gedə bilərlər.Piyadalar isə yalnız düz getməlidirlər.


Nə vaxt yaranıbdır görən bu qayda
Yazıq piyadalar, düz gedirsiniz.
Vəzir kef-damaqda,zabitlər toyda,
Ölümə birinci siz gedirsiniz.

Yazıq piyadalar, düz gedirsiniz
Düzlük çiyninizə qonub elə bil.
Bir yol demirsiniz, ay şah, ay vəzir,
Arxaya çəkilmək, kənara qaçmaq,
Böyürə qısılmaq kişilik deyil.

Ömrünüz düzlüyə bir nümunədir,
Düzlükdən sizlərə nə fayda olur?
Vəzir cəhənnəmə, axı at nədir,
Onun da qurbanı piyada olur.

Başqa bir duyğudur məni yandıran,
İnan, əfsanədir bu yoxuş, bu dik.
Piyadalar cüt-cüt məhv olan zaman
Qələbə qurbansız olmur, deyirik.

Nə zabit, nə vəzir çatır hayına,
Piyada öldükcə...qorxu ötüşür.
Əlverişli mövqe - şahın payına,
Ölüm - piyadanın payına düşür.

Padşah, bir kərə arxaya çönüb
Eşit könlüm deyən, qəlbim deyəni.
Mənzilə çatarsa, vəzirə dönüb
Yenə piyadalar qoruyar səni.

"Şahmat taxtasıdır bu həyat özü"
Nə vaxtsa aqillər deyib bu sözü.
Qələbə naminə çox şeylər olar,
Belədir bu həyat, ey piyadalar.