Dünyada sivilizasiyalararası münasibətlərin çox mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə qarşılıqlı faydalı əməkdaşlığa xidmət etmək şərəf işidir. Dünyada sivilizasiyalararası münasibətlərin çox mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə qarşılıqlı faydalı əməkdaşlığa xidmət etmək şərəf işidir.

Sivilizasiyalar Alyansı: Ermənistanın cılız təxribatı və Bakıdan verilən mesajlar

Dünyada sivilizasiyalararası münasibətlərin çox mürəkkəb və ziddiyyətli olduğu bir dövrdə qarşılıqlı faydalı əməkdaşlığa xidmət etmək şərəf işidir.


Azərbaycan bu istiqamətdə ciddi addımlar ata bildiyini dəfələrlə nümayiş etdirib. Bu sırada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Cənubi Qafqazda Ermənistanın təcavüzkarlığı nəticəsində yaranmış gərgin vəziyyətin fonunda Azərbaycanın sülh, barış, sabitlik və mədəniyyətlərarası dialoqu təşviq edən nüfuzlu tədbiri yüksək səviyyədə təşkil etməsi böyük hadisədir. Rəsmi İrəvanın Forumu pozmağa çalışmasına baxmayaraq, dünyanın 147 ölkəsindən yüksək səviyyəli qonaqlar toplantıya qatıldı. Tədbirdə alınan qərarlar çox maraqlıdır. BMT səviyyəsində Bakıda keçirilən Forumda qəbul edilən müddəaların yerinə yetirilməsinə başlanılır. Bununla növbəti dəfə Azərbaycan regional və qlobal miqyasda əməkdaşlığa ciddi töhfəsini vermiş olur.

11 ildən sonra: Azərbaycanda keçirilən Forum və Ermənistanın cılız təxribatı

Birləşmiş Millətlər Təşkilatında təsis edilən Sivilizasiyalar Alyansı (SA) 11 il öncə yaranıb. Təşəbbüskarlar isə İspaniya və Türkiyə olub. Bu, dünyada müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında müşahidə edilən ziddiyyətləri aradan qaldırmaq zərurətindən meydana gəlib. SA-nın əsas məqsədlərindən biri islam və xristian cəmiyyətləri arasında sağlam münasibətləri qorumaqdır. Doğrudur, Türkiyə və İspaniyanın bu təklifinə əvvəlcə bir sıra dairələr müxtəlif maneələr yaratmağa çalışdılar. Lakin artıq SA-nın VII Qlobal Forumu keçirildi. Sonuncu tədbir isə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın paytaxtında baş tutdu.

Biz "baş tutdu" ifadəsini təsadüfən işlətmirik. Məsələ bundadır ki, həmişə olduğu kimi, Azərbaycanın beynəlxalq sahədə qazandığı uğurlara qısqanclıqla yanaşan bəzi dairələr bu dəfə də boş dayanmadılar. Ermənistan rəsmi olaraq belə bir tədbirin Azərbaycanda keçirilməsinə etiraz etdi, onun ləğv olunması məsələsini qaldırdı (bax: Заявление Армении в связи с предстоящим проведением в Баку седьмого Форума Альянса цивилизаций ООН/ "www.mfa.am", 20 aprel 2016).

Öncədən vurğulayaq ki, adıçəkilən bəyanat məntiqsiz cızma-qaradan başqa bir şey deyil, çünki tamamilə şər-böhtan üzərində qurulub. Təcavüzkar Ermənistan Azərbaycanı mifik aqressiyada günahlandırmağa çalışır, insan haqlarından dəm vurur, terrorçuluqdan bəhs edir. Doğrusu, müasir mərhələdə hansısa rəsmi orqanın bu dərəcədə həyasız, sırtıq və yalançı olduğunu təsəvvür etməzdik. Ermənistan hakimiyyəti özünə xas olan bütün eybəcərlikləri öz torpaqlarını azad etmək üçün hərbi əməliyyat keçirən qonşu dövlətə aid edir.

Guya biz Ağdərədə, yaxud Ağdamda olan işğalçı erməni əsgərinə güllə atmaqla hansısa haqları pozuruq, lakin şərəfsiz təcavüzkarın ordusunun Azərbaycanın rəsmən tanınan ərazisində mövcudluğu bütün beynəlxalq qanunlara "uyğundur", insan haqlarının qorunması şərtləri ilə "eynilik təşkil edir" və onları azərbaycanlılar yalnız gül-çiçəklə qarşılamalıdırlar. Açığı, belə şeyləri yazan nazirlik yox, olsa-olsa, donuz tövləsi ola bilər.

Əslində, artıq Ermənistan rəhbərliyinin sağlam düşüncəsini itirməsi artıq heç bir şübhə doğurmur. Onun BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu keçirməməyə çağırışı da daxili xislətinin nəticəsidir. Amma Ermənistan rəhbərliyi karvanla bağlı bir atalar sözünü yaxşı bilə-bilə bu addımı atır. Belə ki, hərbi təcavüz nəticəsində qonşu dövlətin ərazisini 20 ildən artıqdır ki, işğal altında saxlamağı beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik hesab etmir.

Baxmayaraq ki, dünyada BMT-nin Təhlükəsizlik Şurasından tutmuş elə bir qurum, təşkilat yoxdur ki, bu işğalı beynəlxalq hüququn pozulması hesab etməsin. Amma hakimiyyət girovuna çevrilmiş Ermənistan rəhbərliyi, əslində, burnunun ucundan o tərəfə heç nəyi görə bilmir. Bu dərəcədə sırtıq və qanmazlığa səbəb isə arxalarında bir sıra ölkələrdə bəzi dairələrin dayanmasıdır. Dünyada indiki gərginliyin olduğu dövrdə Ermənistan rəhbərliyi bu cür addımları ilə ölkəsinin və xalqının rifahını və firavanlığını heç vaxt təmin edə bilməyəcək.

İşıqlı gələcəyə həmrəylik içində: Bakıdan verilən mesajlar

Bunlar ermənilərin öz daxili psixoloji problemləridir. Reallıq odur ki, Bakı Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu yüksək səviyyədə keçirdi. Tədbirdən dünyaya barış, əməkdaşlıq, sülh və dialoq mesajları verildi. Tədbirdə BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri və fondlar daxil olmaqla ümumilikdə 147 ölkədən 1500-dən çox qonaq iştirak etdi. Forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilib. İnklüziv cəmiyyət bütün vətəndaşları özündə birləşdirən, ekstremizmi qəbul etməyən, diskriminasiyanın olmadığı, kimliyindən asılı olmayaraq hər bir insanın cəmiyyətə inteqrasiyasının təmin edildiyi (o cümlədən əqli və fiziki qüsurlu insanların) bir toplumdur.

Cənubi Qafqazda məhz Azərbaycanın belə bir tədbiri keçirməyə haqqı vardır. Çünki Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meyilləri güclənsin və ...Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır" (bax: Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib/AZƏRTAC, 13 iyul 2015).

Doğrudan da, Azərbaycan dünyanın müxtəlif yerlərində – Fransada, İtaliyada, Afrika ölkələrində, Gürcüstanda, Hollandiyada, Rusiyada, Pakistanda, Rumıniyada, Misirdə və digər ölkələrdə mədəni irsin qorunması, abidələrin bərpası, müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsini təşkil edib. Hətta Gürcüstanda erməni kilsəsini pulsuz olaraq qaz ilə təmin edib. Rəsmi İrəvanı da qorxudan məhz Azərbaycanın bu cür humanist addımlarıdır. Bakı dünyanın müxtəlif regionlarında fərqli mədəniyyətlərin qorunub saxlanmasına, inkişafına konkret layihələrlə qatılır.

Bəs Ermənistan hansı işləri görüb?

O, Dağlıq Qarabağdakı mədəniyyət abidələrini dağıdıb, müsəlmanlara məxsus olan qəbirləri, abidələri, müqəddəs yerləri təhqir edib. Təbii ki, belə xislətli bir dövlət Azərbaycanda SA-nın tədbirinin keçirilməsini həzm edə bilməz.

Artıq öz işini başa çatdırmış Forum haqqında iştirakçılar yüksək fikirlər söyləyirlər. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir tədbirin uğurla keçdiyini və ciddi müzakirələrin aparıldığını xüsusi vurğulayıb. O, Forumun təşkilatçılarına yüksək işlərinə görə təşəkkürünü bildirib. BMT-nin ali nümayəndəsi deyib: "Biz burada mövcud tərəfdaşları müəyyən etdik. Burada müxtəlif tələblər var idi. Hökumətlər, icmalar, dini liderlər öz fikirlərini bölüşüblər. Bu gün biz 2030-cu ilə qədər inklüziv cəmiyyətlərdə birgəyaşayış problemlərini müzakirə etdik. İnklüziv cəmiyyət sülhün təminatıdır. O, həmçinin məşğulluğa təminat verir, qeyri-bərabərliyi, təcridolunmanı aradan qaldırır. Biz zorakı ekstremizmə qarşı mübarizənin müxtəlif üsulları barədə müzakirələr apardıq" (bax: Bakıda üç gün davam edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu uğurla başa çatıb/AZƏRTAC, 27 aprel 2016).

Beləliklə, Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək iqtidarında olduğunu nümayiş etdirdi. Bakıda 147 ölkədən gəlmiş təmsilçilər aydın gördülər ki, sülh, barış, əməkdaşlıq üçün ciddi addımlar atan gözəl bir ölkədədirlər. Onlar artıq ermənilərin əsasız təbliğatlarına deyil, gözləri ilə gördüklərinə inanmalıdırlar. Bilməlidirlər ki, real olaraq regionda sülhün, demokratiyanın və sivil birgəyaşayışın məkanı ilk növbədə Azərbaycandır. Ölkənin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın çıxışları da bunu bir daha təsdiq etdi.

Tədbir iştirakçıları Azərbaycanı qədimdən müxtəlif dinlərin və mədəniyyətlərin birgə mövcud olduğu məkan kimi əyani tanıdılar. Prezident İlham Əliyev Forumda söylədiyi dərin məzmunlu nitqdə vurğulayıb: "Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar" (bax: Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılışında iştirak edib/AZƏRTAC, 26 aprel 2016).

Şübhə yoxdur ki, bundan sonra da Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri sülh və əmin-amanlıq içərisində olacaqlar. Ermənilər də burada heç bir ayrı-seçkilik olmadan indi də yaşayırlar. Ancaq Ermənistan işğalçı ordusunu Azərbaycan ərazisindən çəkməlidir. Azərbaycan öz erməni vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə təmin etməyi çox gözəl bilir. Torpaqlar azad ediləndən sonra bütün dünya bunun bir daha şahidi olacaq. Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan rəhbərliyi və cəmiyyətində bu barış ruhunun olduğunu bir daha təsdiqlədi.

Newtimes.az