Aprelin 29-da Dövlət Film Fondunda mərhum aktyor və rejissor Ceyhun Mirzəyevin 70 illiyi ilə əlaqədar tədbir keçirilib. Aprelin 29-da Dövlət Film Fondunda mərhum aktyor və rejissor Ceyhun Mirzəyevin 70 illiyi ilə əlaqədar tədbir keçirilib.

Ceyhun Mirzəyevin 70 illik yubileyi keçirildi - Fotolar

Aprelin 29-da Dövlət Film Fondunda mərhum aktyor və rejissor Ceyhun Mirzəyevin 70 illiyi ilə əlaqədar tədbir keçirilib.


AzNews.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Dövlət Film fondunun rəhbəri Cəmil Quliyev Ceyhun Mirzəyevin həyat yolu və yaradıcılığı ilə bağlı məlumat verib.

Tədbirdə mərhumun dostu Elxan Qasımov, Aydın Dadaşov, Aydın Kazımzadə, xalq artisti Rafiq Əzimov onun keçdiyi yola yenidən nəzər saldılar.

Aktyor Şamil Süleymanov isə Ceyhun Mirzəyevin yubileyinə gələməyən sənət yoldaşlarına mesaj ünvanladı: "Baxıram zala, Ceyhunun sənət yoldaşları və kino sahəsində əməyi olan sənətkarlar gözümə dəymir. Bura vaxt tapıb gəlməyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, siz heç biriniz Ceyhun deyilsiniz".

Operator Kənan Məmmədov C.Mirzəyevin Qarabağ savaşından bəhs edən "Fəryad" filmində baş rola dəvət almasının tarixindən bəhs edib: "Bir gün dedi ki, al bu ssenarini oxu, sonra danışarıq. Oxudum bəyəndim, ssenari bizim ən yaralı yerimizdən bəhs edirdi. Razılaşdıq. Amma filmdə baş rol üçün Ceyhun nəzərdə tutulmurdu. Tamam başqa bir aktyor çəkiləcəkdi. Hardasa bu rol üçün 4-5 aktyor vardı. Günlərin birində mənə zəng etdi ki, Kənan sabah görüşək, mühüm məsələni müzakirə edək. Dedi ki, bəlkə bu filmdə baş rolda mən özüm çəkildim. Şok vəziyyətə düşdüm, nədənsə mən Ceyhunu bu obrazda görmürdüm. Amma uzun söhbətdən sonra o, məni inandırdı ki, bu obrazı yarada biləcək. Düzü, mən də razılaşdım. İndi filmə baxanda sevinirəm. Qarabağ haqqında çox film var, amma "Fəryad" fəryaddır, çünki orada Ceyhun çəkilib".

Yubiley gecəsi İctimai televiziyanın "Carçıfilm" studiyasının istehsalı olan və Ceyhun Mirzəyevin həyat və yaradıcılığını özündə əks etdirən sənədli filmin nümayişi ilə başa çatıb.




Bahar RÜSTƏMLİ
AzNews.az