Səbuhi Məmmədli Səbuhi Məmmədli

Siz yaxanızı hara çəkirsiniz?

Səbuhi Məmmədli


Yox, bu çıxış yolu deyildi, bu məsuliyyətdən yayınmaq idi. Bu ictimai rəyi aldatma cəhdi idi. Amma keçmir belə şeylər, 21-ci əsrin 16-cı ilinin 5-ci ayında. Əmək Məcəlləsinin 70- ci maddəsinin "Ç" bəndini Elnur müəllimin şəxsi işinə yapışdırmaq çox asan məsələdi. Heç müəllim də buna necə deyərlər "mıqq" eləyən deyil. Bu dəqiqə o müəllimi törətdiyi əmələ görə başqa, daha qorxulu nələrinsə gözləyəcəyi düşündürür.

Deyilənlərə, rəsmi və qeyri-rəsmi xəbərlərə inansaq, müəllim çox qorxulu bir iş görüb: adı öz şagirdi ilə intim münasibətdə hallanır. Şagird isə artıq 7 aylıq hamilədir.

Müəllimi keçmiş tarixlə işdən çıxardaraq güman etdilər ki, necə deyərlər, hər şey düzəldi; artıq məsuliyyət daşımırıq. Bizim işçimiz deyil.

Nə qədər bəsit? Bir ay bundan əvvəl sizi işçiniz deyildi, amma adam hadisəni 7 ay əvvəl törədib axı? Və inandırıram, bu hadisə ictimailəşməsəydi, o müəllim hələ də sizin işçiniz idi. İctimaiyyəti çaşdırmaqla, ictimai məsuliyyətdən azad olmaq istəyirsinizsə, yox, bu da mümkün deyil. Çünki o diplomu da o müəllimə siz vermisiz. Onu məktəbə də işə siz götürmüsüz.

Və kim zəmanət verə bilər ki, sabah, ya biri gün bu və ya digər rayonun hansısa məktəbində belə rüsvayçı məqam üzə çıxmayacaq.

Nə vaxta kimi keyfiyyətsiz və biabırçı tədrisin ucbatından qəbul planı dolmayacaq? Nə vaxta kimi TQDK ali məktəbə keçid balını aşağı salıb təhsilin abrını qorumalıdı? Nə vaxta qədər rayonlarda, kəndlərdə orta məktəbə gedən qız uşaqlarını sayı azalmalıdı? Elə həmin o Şamaxının neçə kəndini tanıyıram ki, qızlar 6-7-ci siniflərdən məktəbə getmirlər. Doğrudanmı məktəblərdə normal monitorinqlər keçirmək belə çətindi?

Yenə deyirəm, o Elnur müəllimə diplomu siz vermisiz. "Hər müəllimə cavabdeh ola bilmərik" deyəcəksiniz. Başa düşdük, bunu. Heç olmasa təhsilə, öz işinizə cavabdeh olun da.

Son Şamaxı olayında medianın da nə qədər problemi olduğu üzə çıxdı. Qeyri-peşəkarlıq yenə də baş alıb getdi. Amma bunun da günahı təhsildədir. Ölkədə jurnalist qıtlığı var əməlli. Əcinnə sürüsü kimi media məkanını başına almış saytları demirəm, onlar heç. Baxın, araşdırın, görün ölkədəki normal media qurumlarında son illər jurnalistika fakültələrini bitirmiş nə qədər məzun işləyir? Barmaqlarınızın sayı bəs edəcək, saymayın. Jurnalist yetişdirin. Eləcə də müəllim...

Və bu məsələdə təhsil şöbəsinin məsuliyyətdən yayınan açıqlamasının başqa bir faciəvi tərəfi var: Bu hadisə təhsil deyil, ekologiya, səhiyyə, nə bilim istədiyiniz, ağlına gələn başqa bir sahədə baş vermiş olsaydı belə, yenə də təhsilin məsuliyyət payı var. Bu cəmiyyətin əxlaq, təlim normalarının iki-üç cavabdehindən biridir təhsil sistemi. O Elnur deyilən adam başqa sahədə çalışıb bu əməli törətsəydi belə, bunun məsuliyyətlilərindən biri təhsil idi. Siz yaxanızı hara çəkirsiniz ki?