Talib Əhədov Talib Əhədov

Ya normal verlişlər göstərin, ya da çıxın evimizdən

Talib Əhədov



Jurnalist peşəsi ən ağır, zəhmət tələb edən, həm də çox şərəfli peşədir. Azərbaycan mətbuatında kifayət qədər sanballı, peşəkar jurnalistlər var və yalnız onların hesabına bu sahədə həqiqətən inkişaf nəzərə çarpir. Cibində vəsiqə gəzdirib jurnalistikaya can atmaq istəyənlər də, bu sahədən istifadə edib qələm sahiblərinə xələl gətirənlər də az deyil.

Amma bu gün çoxlarımızı tamam başqa məsələlər narahat edir; mətbuat səhifələrini daim zəbt edən milli mentalitetimizə uyğun olmayan, hətta onları korlayan xəbərlərin gündəlik müzakirə mövzusuna çevrilməsi. 10 milyona yaxın əhalisi olan ölkədə tək-tuk insanlığa sığmayan hərəkətləri olan, ruhi pozğunluğa malik insanların şərəfsizliyini manşetlərə çıxartmaq nə dərəcə də düzgündür?

Elə xəbərlərə yer ayırın ki, həmin xəbərləri ailənizlə birlikdə izləyə bilirsiz. Elə kinolar göstərin ki, uşaqlarımızla, valideynlərimizlə onları izləyəndə dəfələrlə kanalı dəyişmək məcburiyyətində qalmayaq. Elə malları reklam edin ki, onlar həyatımıza təhlükə yaratmasın. Elə tikinti şirkətlərini reklam edin ki, onların sahibləri bir evi beş nəfərə satanlardan olmasın. Və reklam etdiyiniz ərazilərin mövcudluğu haqqında məlumatınız olsun. Çünki vaxtilə parıltılı şəkildə gecə-gündüz reklam etdiyiniz "Sevil" massivindən torpaq almaq istəyən vətəndaşların ödədiyi pullar haqqında və ala biləcəkləri ərazilər haqqında hələ də məlumat yoxdur. Məhz reklam etdiyiniz xəstəxanalarda insanlara qarşı sözün birbaşa terror həyata keçirilir, həyatlarına, ciblərinə qəsd edilir. Bu dələduz həkiləri, maklerləri siz reklam etməsəydiniz, kim tanıyacaqdı? Kim "Sevil" massivinə gedib çıxacaqdı? Kim binaların az qala zirzəmilərində yerləşə "klinikalara", "şəfa ocaqlarına" növbəyə düzüləcəkdi? Axı cəmiyyət sizə inanır . İnancdan istifadə edib, kimlərinsə aldatdılmasına şərait yaratmaq özü də dələduzluqdur. Hər zaman maraq naminə tərəf müdafiə etmək, məzlumun deyil, zalimin istəklərini həyata keçirmək insanlığa yaraşmayan hərəkətlərdir.

Kütləvi İnformasiya Vasitələrində cəmiyyətin beyni elə yuyulub ki, daha ;’şok’’- `’şok’’- `’şok’’lar insan hissiyatına təsir göstərmir. Mədəni senzura bilməyən istənilən əxlaqsız xəbərlər efir məkanlarını zəbt edib.

İndi də bizim televiziya ekranlarında bir-birinin təkrarlayan ət tökən verilişlər, başkəsən işbazların müdafiəsinə həsr olunmuş çəkilişlər, yaltaqların mənasız analiz və şərhləri daim əsəbilərimizi korlayır. Ərə getmə və boşanma ilə bağlı bütöv bir seriladan keçən qadın haqqında bütün ölkəyə car çəkilir. Biz də məcburən çağırılmamış qonaqlarımız olan telekanallar vasitəsi ilə onu izləmək məcburiyyətində qalırıq. Ya çıxın evimizdən, ya da əxlaq qaydalarına və tarixi mədəni irsimizə hörmət nümayiş etdirib tərbiyəvi verilişlər göstərin.

Yadınızdadırsa, əvvəllər tarixi, siyasi və iqtisadi diskusiyaların məkanına çevrilmiş ANS telekanalının tamaşaçıları saat 9-da "Nəzər nöqtəsi"ni və yatmayıb saat on iki də "İç xəbər"i gözləyirdilər. İndi isə Elgizin "Cümə axşamları"nı, heç bir etik normalara uyğun olmayan geyim və davranışlara malik "manıs" tayfasının nə rəngdə geyinməsini və harda və kimlə yatması haqda xəbərini gözləyir. Bu kimə lazımdır?

Hər gün zorlama: `’ata qızını zorladı’’, `’qayınata gəlinini’’, `’qardaş bacını’’ və s.
İnsanlığa sığmayan hərəkətlərlə məşğul `’insanlar’’ haqqında xəbərlər manşetləri bəzəyir. Bilmək olmur, bu, təbliğatdır, yoxsa qinaq?

Həddindən artıq verilən xəbər, istər qınaq , istər təbliğat xarakterli məlumatlar, sonda reklama çevrilir. Axı biz azərbaycanlıyıq! Sadə vətəndaşın utana-utana işlətdiyi ifadələri mətbuat dillər əzbərinə çevirib.

Bu mexanizmlə millətimizin beynini zəhərləməyək. Mətbuat tərbiyədir, mətbuat gücdür, beyinlərə işləyən elə bir mexanizmdir onu əvəz edə biləcək qüvvə yoxdur.
Bütün mətbuat informasiya vasitələrindən xahiş edirəm ki, xəbər hazırlayıb tirajlamazdan öncə onları öz axlaqınızla, içinizdəki "senzuradan" keçirin...