Elşad PAŞASOY Elşad PAŞASOY

Avropa Türkiyədən üzr istəyəcək

Elşad PAŞASOY


Növbəti təhdid İngiltərənin baş nazirindən gəldi. Devid Kemeron deyib ki, Türkiyə Avropa Birliyinə üzv ola bilər, ancaq 3000-ci ildə. Bu, qosqocaman bir dövlətə, böyük bir millətə aşkar həqarətdir.

Açıq görünür ki, Türkiyənin böyüklüyünü, regiondakı liderliyini həzm edə bilmirlər. Avropa Birliyinin üzv dövlətləri sanki vədələşib, vədlərini unudub da Türkiyə ilə diktə dilində danışır.
Ankaraya qarşı vizasız gediş-gəliş qarşılığında 72 şərtlə danışanlar nəzərə almır ki, bu gün Türkiyə 2 milyon 850 min qaçqına, dünya güclərinin cızdığı planlar ucbatından öz ev-eşiyindən didərgin düşənlərə qucaq açan nəhəng ürəyə sahib ölkədir. Hətta milyonlarla suriyalıya "qaçqın" da yox, "müsafir", "qardaş" deyir.

Kemeron Türkiyə vətəndaşlarının Avropaya vizasız gedişinə qarşı çıxsa da, Ankara heç vaxt humanist insani davranışlarından imtina etməyəcək, buna kimsənin şübhəsi olmasın. Çünki Türkiyə 5 ildir Suriya qaçqınlarına ona görə qucaq açmayıb ki, sonda Avropadan ənam alsın.
Avropa Birliyi mərhələli şəkildə Türkiyəyə 3 milyard avro yardım verəcəyini vəd etsə də, hələlik bir quruş belə ayrılmayıb. Ancaq qardaş ölkə 2011-ci ilin aprelindən - Suriyadan gələn ilk 250 minlik qaçqını qəbul edəndən bəri suriyalılar arasında ərəb, kürd, türk, çərkəz fərqi qoymadan 9 milyard 560 milyon dollar xərcləyib. BMT-li, UNİSEF-li bütün dünyanın Türkiyədəki qaçqınlara yardımı isə cəmi 468 milyon dollar olub.

Yəqin cənab Kemeronun xəbəri var ki, Böyük Britaniya Suriya qaçqınlarına 2020-ci ilədək 1 milyard 750 min dollar yardım ayırmağı düşünür. Hələ düşünür... Bir az əvvəl Ankaranı hədələmək missiyasını həyata keçirən xanım Merkelin Almaniyası isə 2018-ci ilədək 2 milyard 500 milyon vəd edib. Dünyanın supergücü ABŞ bu vaxtadək Suriyaya 5 milyarddan bir az artıq yardım edib, Türkiyədən iki dəfə az! Ötən ay London konfransında Suriya üçün 10 milyard dollar toplandı və BMT-nin baş katibi Pan Ki-Mun bunu sevincək bəyan etdi. Ancaq ardınca demədi ki, bu məbləği təkbaşına xərcləyən Türkiyə qarşı vicdansızlıq etməyin!
Bu gün Böyük Britaniya daxil, Avropa qaçqınları "xoxan" şəklində gördüyü, onları geriyə, odun-alovun içərisinə qaytarmaq üçün planlar hazırladığı halda, Türkiyə ölümdən qaçan insanları gələcək həyata hazırlayır, onlara təhsil verir, peşə öyrədir. 350 min suriyalı qaçqını bağrına basan Qazientep şəhər valisinin köməkçisi Xəlil Uyumazın dediklərini xatırlayıram: "Biz çörəyimizi paylaşırıq. Çünki bunlar turist deyil, ölümdən, savaşdan qaçan insanlardır". Əsl insanlıq nümunəsidir.

Fransa dövləti iki il ərzində öz ərazisinə vur-tut 24 min qaçqın və miqrant yerləşdirməyi planlaşdırır. O biri ölkələr də daş atıb başını tutur qaçqın adı gələndə. Olsa-olsa, özləri üçün gərəkli olan ixtisaslı kadrları seçib onlara yaşamaq imkanı yaradırlar, faktiki insan alırlar! Türkiyə isə dörd bir tərəfində problemlər yaşanmasına, daxildə terrorla üz-üzə qalmasına baxmayaraq, Suriyadan ona pənah gətirənlərə arxa çevirmir, qucaq açır. Özü də necə?
Rəqəmlər çox şeyi deyir. Bu günə qədər suriyalı qaçqınların 918 min nəfəri hətta ikinci, üçüncü dəfə tibbi müayinədən keçirilib! 786 min qaçqın müalicə olunub! Son 5 ildə Türkiyədə 165 mindən çox suriyalı doğulub! 670 min nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb! Kartlarına hər ay pul yüklənilir ki, gedib istədiyi ərzağı alsınlar!

250 min suriyalı Kilisin və Hatayın qarşısındakı 10 düşərgədə məskunlaşıb. Onlar Türkiyəyə gəlmək istəmir, lakin Türkiyə onları da unutmur. Üstəlik, Türkiyənin Fövqəladə Hallar Nazirliyi Suriyanın Hələb şəhəri daxil olmaqla, müxtəlif şəhərlərə 25 min TIR-lə, 1,5 milyard dollar TL dəyərində yük göndərib! Türkiyə doğulandan ölənə qədər suriyalılara sahib çıxıb, hətta dəfn xərclərini də ödəyir! Vəfat edənlərin nəşini sərhədə qədər aparıb yola salır. Türkün böyüklüyü budur, Avropa!!!

Türkiyə ilə təhdid dilində danışmaq risklidir... Tarix də bunu sübut edib. Bu gün yetər ki, Türkiyə qaçqın şəhərciyinin qapılarını açsın və suriyalılara "Buyurun, bu yol, o da Avropa" desin. Təbii ki, qardaş ölkə bunu etməz, Avropa nə qədər pis davransa da. Amma edərsə, o liderlər nə bu qaçqın selinin qarşısında duruş gətirə, nə də belə yekə-yekə danışardı. Yəqin ki, Avropa bir gün üzr istəyib Türkiyənin haqqını tanıyacaq. Minnət qoymadan bunu nə qədər tez etsə, həm də özünün faydasına olar...

Musavat.com