“RASİM BALAYEV VİCDANSIZLIQ ETDİ; FUAD POLADOV ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLAN ADAMDIR” “RASİM BALAYEV VİCDANSIZLIQ ETDİ; FUAD POLADOV ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLAN ADAMDIR”

“Bu yollar məni intihara aparır” - Ramiz Əzizbəyliylə sensasiyalı müsahibə

“RASİM BALAYEV VİCDANSIZLIQ ETDİ; FUAD POLADOV ÇÖRƏYİ DİZİNİN ÜSTÜNDƏ OLAN ADAMDIR”


"Mehdi Sahib Əz-Zaman ermənilərlə bizi barışdıracaq"

Kino rejissoru və aktyor, Xalq artisti Ramiz Əzizbəylinin AzNews.az-a müsahibəsi:

– Ramiz müəllim, Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan şəxslərdən birisiniz. Bu sahədə hazırkı durumu necə qiymətləndirirsiniz?
- Bu barədə danışmaq istəmirəm.

- Niyə? Kinomuzun bugünkü vəziyyəti haqqında danışmaq sizə çətin gəlir?
– Bu günkü kinomuz haqqında nə danışım? Əlbəttə, çətindir. Kinomuz dayanıb, işləmir.

– İş yerinizdən səhhətinizdə yaranan problemlərə görə ayrıldınız, yoxsa başqa səbəblər var?
– Bəli, səhhətimlə bağlı işdən özüm ərizə yazıb çıxdım. Axırıncı iş yerim İncəsənət Universiteti olub. Professor, kafedra müdiri olmuşam. İncəsənət Universitetində mənim adıma kafedra da açdılar. Sonra gözü götürməyənlər o kafedranı bağladılar. Təsəvvür elə, universitetə saat hesabı dərslə başlamışdım, səkkiz ildən sonra professor oldum. Necədir? Mən yeganə adamam ki, bu qələbəni çalmışam.

– Doğrudanmı belə şeyləri qələbə hesab edirsiniz?
– Bir şey deyim. Mən həmişə birinci olmuşam. Yenə də birinciyəm. Birincilik haqqında çoxlu məqalələr yazmışam. Evimdə nə qədər kuboklarım, diplomlarım var, hamısında birinci yeri tutmuşam.

– Maraqlıdır, siz hamı üçün birincisiniz, bəs sizin üçün birinci kimdir?
– Mən hamı üçün birinciyəmsə, deməli, hamı da mənim üçün birincidir.

– Birinci olmaq vacibdirmi?
– Əlbəttə! Mən sənətimin içində birinciyəm. Söhbət sənət birinciliyindən gedir. Mən doqquz yaşın içində "Buratino" olmuşam və bu sənətdə ilişmişəm, daha çıxa bilməmişəm.



– Çıxmaq istəmisinizmi?
– Yox, heç vaxt bu sənətdən getmək, canımı qurtarmaq fikrim olmayıb.

– Bəzən deyirlər ki, həqiqi sənət müəllifi xoşbəxt etmir, əksinə məhvinə gətirib çıxarır. Sizdə necədir?
– Yox, məndə o cür deyil. Özümü xoşbəxtlərin xoşbəxti kimi hiss edirəm. Mən dövlətdən dörd dəfə mənzil almış adamam. Hamısı da müxtəlif yerlərdədir, ayrı-ayrı ünvanlardadır.

– Ramiz müəllim, ömrün 68-ci ilində sizi həyatla hansı tellər birləşdirir, bağlayır, həyat gözünüzdə ən çox nəyi ilə gözəldir?
– Həftənin beş gününü idmanla məşğul oluram. Həmişə yatanda da, duranda da, deyirəm ki, Allah Ramiz Əzizbəyliyə rəhmət eləsin. Bu söz mənim dilimin əzbəridir. Çünki mən Allaha tapınmışam. Həyatla məni bağlayan tel də, həyatı gözümdə gözəl eləyən də Allahdır. Allahın ətəyindən tutmuşam. İflicəm. Bir qolum işləmir. Üç dəfə ağır insult keçirmişəm. Üç dəfə! Başa düşürsənmi?

– Həkimlər nə deyir?
– Həkimlər deyir, sağalacaqsan. Ümid var. Doğrudan da, ümid ən axırda ölür. (gülür)

– Divardakı portret sizindir?
– Bəli, mənəm. Mənim təxminən, yüz dənə portretim var.

– Elə bil bir az Viktor Hüqoya oxşadıblar.
– Ola bilər. Bütün dahilər eyni simada, eyni görkəmdə olurlar.

– Bayaq dediniz ki, dövlət sizə dörd mənzil verib. Bəs niyə belə fikir formalaşıb ki, sizə qarşı diqqətsizlik var, qayğı göstərilmir?
– Mən heç vaxt müxalif söhbət eləmirəm. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Mənim ondan heç bir şikayətim olmayıb. Mən güclü pensiya alıram. Prezident təqaüdü də alıram. Ümumiyyətlə, heç kimdən şikayətim yoxdur. Bu günün siyasəti isə idman yönümlüdür. Təbii, bu da lazımdır. Amma bir söz də deyim. Biz sənətdən doymuşuq. Daha doğrusu, sənətimiz bizi doydurub.

– Sizin hansısa xarici ölkədə tez bir zamanda sağalmağınız mümkündürmü?
– Əlbəttə, mümkün ola bilərdi. Hal-hazırda fizioterapiya ilə məşğul oluram. Mənim Azərbaycan səhiyyəsi ilə aram yoxdur. Mən bir nömrəli kişiyəm.

– Səhiyyədən danışdığınız yerdə qəfil deyirsiniz ki, mən bir nömrəli kişiyəm. Özü də elə ürəklə deyirsiniz... Biz də razıyıq, bir nömrəlisiniz! Amma bunun danışdığımız mövzuya hansısa bir dəxili varmı?
– Əlbəttə, ürəklə deyirəm. Çünki mən bir nömrəli kişiyəm. (gülür)



– Həmişə belə şən olursunuz?
– Bəli... Mən nikbin adamam. Üç dəfə "paralic" vurub, amma Allah məni öldürməyib. Buna görə Allahı öpürəm. Mən fəxr edirəm ki, birinci yerdəyəm.

– Niyə bu sözü tez-tez təkrar edirsiniz?
– Sevindiyimdən. (gülür) Ay qardaşım, mənim dünya malında gözüm yoxdur.

– Bəs özünüzə nə arzulayırsınız?
– Ölüm!

– Bəs bayaq həyat eşqindən danışırdınız, Allaha təşəkkür edirdiniz ki, sağ olsun, sizi ölməyə qoymur. İndi isə özünüzə ölüm arzulayırsınız?
– Yenə deyirəm, Allahın – o kişinin ayağının altında ölüm. Amma ölməyə icazə vermir. Neyləyim? Məni yaşadır. Mən Allah adamıyam. Kərbəla torpağını ziyarət edib gəlmişəm. Kərbəlayiyəm, məşədiyəm. Evimdə üç rəngli bayraq var. Qadasını aldığım bayraq. Bayrağın üstündə də Heydər Əliyevin şəkli var. Mən dövlətimi sevirəm. Mən dövlətçiliyimlə fəxr edirəm. Elə-belə demirəm ki, mən bir nömrəli kişiyəm. Bilən yaxşı bilir.

– Dostlarınız gəlib baş çəkirmi sizə?
– Həmişə gəlirlər, sağ olsunlar. Mən qapımı döyən adamdan hardan gəldiyini soruşmuram. Qapım hamının üzünə açıqdır. Süfrəm hamıya qurbandır. Canım da qurbandır. Mən çox yaşamışam, gördüyümü görmüşəm. Az yaşım yoxdur. Artıq doymuşam.

– Mədəniyyət Nazirliyinin sizə diqqət göstərməməsinin səbəbi deyilənə görə, müxalif ruhlu bir insan olmağınızla bağlıdır. Deyirlər məhz buna görə də sizin adınız nazirliyin heç bir siyahısında yoxdur. Bu fikrə münasibətiniz necədir?
– Bu sözü deyən atabaatası ilə birlikdə qələt edir. Mənim ayda min manat əlavə gəlirim var. Daha nə lazımdır? Məni istəyənlər də var, amma istəməyənlər çoxdur. Hamısının qadasını alım, hamısını öpürəm.

– Bəzən fikirlər səslənir ki, sizin də mənsub olduğunuz bütöv bir aktyor nəsli mənəvi cəhətdən iflic olub. Həmin rejissorların, aktyorların heç biri ictimai fikirdə yoxdur, hamısı susublar; sənətkar kimi də, ziyalı kimi də, vətəndaş kimi də...
– Bunu kim düşünürsə səhv edir, yanılır.

– Bəs əslində, necədir?
– Deməyəcəm. Bu barədə danışmaq istəmirəm.

– Rollarınızdan hansını ən uğurlu hesab edirsiniz?
– Mən heç vaxt baş rolla fəxr eləməmişəm. Baş rollarım çox olub, nə qədər desən var. Amma mənim fəxr elədiyim rollarım epizodik rollardır. Ümumilikdə götürəndə isə mən oynadığım rolların heç birini bəyənmirəm. Nə olsun artistəm, aktyoram?!

– Sizcə, niyə Azərbaycan kino sənətində aktyorlar rejissordan tamamilə asılı kimi görünür?
– Bu, görüntü deyil. Həqiqətən asılıdırlar.

– Nə üçün?
– Çünki belə də olmalıdır. Dünyanın hər yerində belədir. Aktyoru mən çağırıram, o da gəlir. Mən çağırmasam, gələsi deyil ki... Deməli, aktyor rejissordan asılıdır.

– Bayaq sizə gələndə gördüm ki, domino oyunayırsınız...
– Hə... Nikbinliyimi itirməmək üçün oynayıram.

– Maraqlıdır, başqa hansı məşğuliyyətləriniz var?
– Az-maz rəssamlığı da bacarıram. Bir az cızma-qaralarım var, şeirlər də yazıram, amma özümü şair hesab etmirəm. Mən filosofam. Fəlsəfi düşünmək qabiliyyətim var. Filosofiyanın əsasını isə düşünmək təşkil edir. Vicdan mənim üçün əsas meyar sayılır. Vicdan hissini itirən adamlar isə vicdansızlardır.

– Heç həyatınızda elə məqam olubmu ki, vicdanınızı itirmək təhlükəsi ilə üz-üzə qalasınız?
– Çox olub. O qədər...

– Bəs necə xilas olmusunuz?
– Küsmüşəm, danışmamışam. Bir söz deyim. Mən nə Rasim Balayevəm, nə də Fuad Poladov. Mən onların heç biri ilə danışmıram. İkisindən də küsmüşəm.

– Yəqin aranızdakı problemlər şəxsi deyil...
– Əlbəttə, şəxsi deyil. Bunun ictimai bir səbəbi var.

– Rüstəm İbrahimbəyov məsələsi?
– Bəli, bir səbəbi budur. Rasim Balayev Rüstəm İbrahimbəyovun müdafiəsindən geri çəkiləndə vicdansızlıq etdi.

– Bəs Fuad Poladovla nə probleminiz var?
– Fuad çörəyi dizinin üstündə olan adamdır. Nə Fuad Poladovun, nə də Rasim Balayevin sənətinə sözüm yoxdur. Amma mən onların ikisindən də yaxşı kişiyəm. Rasim Balayev mənimlə qohumdur, buna görə haqqında çox danışmaq istəmirəm. Fuad Poladov isə... Xahiş edirəm, bu söhbəti bağlayaq getsin.

– Necə düşünürsünüz, aktyorun həyatdakı rolu daha vacib məsələdir, yoxsa filmdəki rolu?
– Əlbəttə, həyatdakı rol daha əsasdır. Aktyor həyatdakı rolunu vicdanla oynamalıdır, təmiz yaşamalıdır. Sənət ikinci dərəcəlidir.

– Rejissoru olduğunuz "Yalan" bədii filmi yadıma düşdü. Film Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Yəqin, son günlər cəbhədə baş verən hadisələrdən xəbəriniz var.
– Ardıcıl izləyə bilmirəm, əsəbiləşirəm, hirslənirəm...

– Sülh, yoxsa müharibə? Bu gün müzakirə olunan əsas mövzulardan biridir. Siz necə düşünürsünüz?
–Mehdi Sahib Əz-Zaman bizi bir-birimizlə barışdıracaq.

– Doğrudan, imam Mehdinin gələcəyinə inanırsınız?
– Bəli, inanıram. Dünya dağılacaq, xristianlar qalib gələcək, amma Mehdi Sahib Əz-Zaman İsa Peyğəmbərin əlindən tutub gələndən sonra müsəlman dünyası təslim olacaq, sonra isə barışıq olacaq.

– İçki ilə münasibətləriniz necədir?
– Vaxtında içmişəm. İndi bir balaca içə bilirəm. Danmıram, vaxtında hər şey eləmişəm, min oyundan çıxmışam.

– Min oyununuzun içində qumar da olubmu?
– Dedim axı, hər oyundan çıxmışam. (gülür) Amma heç vaxt sənətimə arxa çevirməmişəm.

– Heç intihar barədə düşünmüsünüz?
– Müxtəlif yollar məni intihara aparır. Bəli, elə vaxt olur ki, ölmək istəyirəm. Amma bayaq dediyim kimi, Allah razı deyil. Deyir, hələ yaşa!

– Allahla tez-tez dialoqa girirsiniz?
– Bəli... Ancaq vicdanı olan adam Allahla danışa bilər.


Kəramət Böyükçöl
AzNews.az