Ceyhun MUSAOĞLU Ceyhun MUSAOĞLU

Rüstəmxanlının 70-i və Mənim Teatrım - “Məsəl ya əməl?..”

Ceyhun MUSAOĞLU


Rəşid Behbudov adına Mahnı Teatrında "Məsəl ya..." tamaşasında idim. "Media Company" şirkətinin nəzdində açılan "M-Teatr"ın (Mənim Teatrım) hazırladığı tamaşaya baxdım.

Üzeyir Hacıbəyovun "Ordan burdan" kitabı əsasında hazırlanan bir bölümlü mükalimə tamaşasının quruluşçu rejissoru əməkdar artist Vidadi Həsənovdur. Vidadi Həsənov həm də yeni yaradılan teatrın bədii rəhbəridir. Tamaşanı çox bəyəndim. Hər şey super idi. Aktyorlar Günay Əhməd, Oktay Mehdiyev, Amid Qasımov, Vüqar Hacıyev, Elgün Həmidov bizi 100 il əvvələ qaytardılar. Utandım. Həminki qalmışıq. Milli psixologiyamız daşlaşıb. Suxurlaşıb.Nicat Daglar Allah şahididir.

Dünən elədiyi pis hərəkəti çəkib bu gün adama göstərəndə özünü xəcalətin hansı küncündə görürsə, ora yumalandım... Hamı gülürdü, elə bilirdim mənə gülürlər. Gənc aktyorlar səhnədə bütün hərəkətləri ilə deyirdilər ki, oynamırıq, yaşayırıq. Onlar rolda deyildilər, həqiqətin özü idilər. Günay Əhməd "orda bir müsəlman, burda bir müsəlman, orda, burda bir müsəlman öldürülür" deyəndə özü də göz yaşlarını saxlaya bilmədi. Görürdüm, heç saxlamaq istəmədi də. Axı o oynamırdı. Nəyi, niyə oynayacaqdı ki? Bizimkidir. Necəyəmsə, elədir. Nəyin roluna girəcəkdi? Məgər rola girməyə ehtiyacmı var? Özüdür. Xalisdir. Müsəlmandır. Türkdür. 20-ci əsrin əvvəlində Üzeyirin, Sabirin, Cəlilin, Mirzə Fətəlinin halına ağladığı insandır.

İlk baxışda belə anladım ki, 5 gənc aktyor, 100 il əvvəli görməyən 5 istedadlı insan Vidadi Həsənovun əlindən tutub o dövrə qayıdıblar. Elə deyilmiş. Heç yerə getmək lazım deyilmiş. Onların dayandığı indiki əsr başdan ayağa əvvəlki əsrdir. İnsanımız əvvəlkidir. Boşbğazlığı, səbirsizliyi, cəsarətsizliyi, deyingənliyi, qeybəti, tənbəlliyi - 20-ci əsrin əvvəlindəki vəziyyəti ilə eynidir.

5 aktyor tamaşaçını riqqətə gətirmişdi. Onlara inandım. Mənə elə gəldi ki, tamaşa bitən kimi, hamımız dönüb olacağıq 21-ci əsrin adamı. Hamımız yaxamızı keçmişin əlindən alacağıq. "Buraxın, biz bu salondan çıxıb düz gələcəyə gedirik" deyəcəyik.

Bu, mütləq belə olacaq. Hələ ilk tamaşalarıdır. İkincidə 5 nəfər, üçüncüdə 10 nəfər, sonra 100, 1000, 10000... nəhayət hamımız keçmişin cəngindən xilas olacağıq. Mənim Teatrım məni əziyyət çəkməyə qoymaz. Yetər ki, onlara qoşulaq, bütün tamaşalarını izləyək. Hər kəs o teatra sidq ürəklə "Mənim teatrım" deyə bilər. Mən dedim. Onlar da qəbul etdilər.

Həmin gün Milli Dram Teatrında böyük yazıçı və ziyalımız Sabir Rüstəmxanlının 70 illik yubileyi keçirilirdi. Dəvətliydim. Tamaşa ilə eyni vaxta başlayırdı.Tamaşaya getdim. Yubiley tədbirinə gedə bilmədim. Bir təsəllim var: Üzeyir Hacıbəyovla Sabir Rüstəmxanlı ruh əkziləridir. Sabir Rüstəmxanlı da milləti üçün eynisini deyir, eynisini düşünür, eynisini arzulayır. Dünən Sabir Rüstəmxanlının 70 illik yubileyi həm də Mahnı Tetarında qeyd olunurdu. Mənim Teatrım tamaşanı Sabir Rüstəmxanlının ucalığına həsr etmişdi. Mənim Teatrımdır, sifarişi də özüm vermişdim.