Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlama ilə çıxış edib. O, Dağlıq Qarabağdakı separatçı rejimin “təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlarını bildirib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlama ilə çıxış edib. O, Dağlıq Qarabağdakı separatçı rejimin “təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlarını bildirib.

“Qarabağın erməni icmasıyla danışıqlar başlamalıdır” - Şərh

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlama ilə çıxış edib. O, Dağlıq Qarabağdakı separatçı rejimin “təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlarını bildirib.


Politoloq Elxan Şahinoğlu AzNews.az-a Nalbandyanın sözügedən çıxışını şərh edib. O, bunu ermənilərin təxribatı kimi dəyərləndirib: "Sanki torpaqları işğal altında saxlayan Ermənistan deyil, Dağlıq Qarabağın azsaylı "təmsilçiləridir". Beynəlxalq aləmə sırımağa çalışırlar ki, güya münaqişə Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasındadır. Halbuki, bütün dünya, hətta müttəfiqləri Rusiya da yaxşı bilir ki, Dağlıq Qarabağda Ermənistan qoşunu yerləşir. Ona görə də məntiqi olaraq, biz Dağlıq Qarabağ separatçıları ilə deyil, onlara hərbi dəstək verən, işğal altındakı torpaqlarımızda qoşunlarını yerləşdirən Ermənistanla müzakirə aparmaq məcburiyyətindəyik. Qarabağın Azərbaycan icmasının rəhbərliyi indiki həssas – dünyanın gözünün Dağlıq Qarabağa dikildiyi məqamda belə bir təkliflə çıxış etməlidir ki, Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağa hazırdır".

E.Şahinoğlunun fikrincə, Dağlıq Qarabağın erməni icması ilə dialoq Azərbaycana iki baxımdan vacibdir: "Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik, ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy elə indidən aktiv dialoqa başlasınlar ki, gələcək birgə həyatın konturlarını müəyyənləşdirsinlər.

İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçilərinin dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq".

Politoloq dialoq təklifini gündəmə gətirməyin tam zamanı olduğunu hesab edir: "Əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq. Beynəlxalq aləmin gözü qarşısında dialoqdan yayınma həm də onu göstərəcək ki, erməni separatçıları azərbaycanlıların geri qayıdışına mənfi yanaşırlar. Ona görə də düşünürəm ki, bu təklifi Minsk Qrupunun gündəminə gətirmək lazımdır. Dialoq olarsa mesajlarımızı birbaşa Dağlıq Qarabağ ermənilərinə çatdıra bilərik. Aydındır ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcək. Ancaq növbəti hərbi toqquşmadan öncə Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, bizim mülki insanlarla problemimiz yoxdur və onların həyatlarını rahat davam etdirmələri üçün konkret təkliflərimiz var. Bu təkliflərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin iqtisadi və sosial problemlərinin həllindən tutmuş torpaqların birgə becərilməsinə qədər qeyri-siyasi məsələlər müzakirə oluna bilər".

Bahar RÜSTƏMLİ
AzNews.az