Ağır xəstəlikdən əziyyət çəkən Aşıq Azərin AzNews.az-a müsahibəsi: Ağır xəstəlikdən əziyyət çəkən Aşıq Azərin AzNews.az-a müsahibəsi:

“Bilirəm, Prezident mənə kömək edəcək” – Aşıq Azər

Ağır xəstəlikdən əziyyət çəkən Aşıq Azərin AzNews.az-a müsahibəsi:


- Bir neçə gün bundan öncə mətbuatda prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayacağınızla bağlı açıqlamanız yer aldı. Müraciətinizlə bağlı nə düşünürsünüz?

- Bu barədə məlumat yalnız mətbuatda işıqlandırılıb. Prezidentə mətbuat vasitəsi ilə müraciət ünvanlanıb. Mayın 30-da bununla bağlı nəsə bir xoş xəbər olacaq. Açığı mən buna inanıram. Yəqin ki, işıq üzü olacaq. Heç vaxt dövlətimiz kimisə darda qoymayıb.

- Köməklik dövlət tərəfindən olacaq, yoxsa hansısa iş adamı edəcək?

- Dövlət edəcək. İnşallah, bu olacaq. Mən mayın 30-da yenidən Prezidentə yazılı şəkildə müraciət ünvanlayacam. Yeganə ümidimiz cənab İlham Əliyevdir.

- Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı sizinlə bağlı mətbuata açıqlama verib. O, bildirib: "Axı mən niyə Azərə görə prezidentə müraciət edim ki? Azər istedadlı aşıqdı. Amma indiki halda o statusa sahib deyil ki, onun üçün prezidentə müraciət edim. Azər Xanlaroğlu nə Alim Qasımov deyil, nə də Ədalət Nəsibov deyil ki, ona görə müraciət ünvanlayaq". Buna münasibətiniz necədir?

- Mən bunu eşitdim və Məhərrəm Qasımlı ilə danışdıq. Bu, bir az incə məsələdir. Yəni, yataqda olan bir insanın ardınca bu fikri söyləmək nə dərəcədə normaldır? Düzü, Məhərrəm Qasımlı mənə dedi ki, mətbuatda mənim ünvanıma işlətdiyi fikirlərin heç birini deməyib. Amma Tahirə xanım ("Şərq" qəzetinin əməkdaşı – red.) isə bunu yazıb. Mənim üçün nə qədər çətin olsa da, onu araşdıracam. Görüm həqiqətən Məhərrəm Qasımlı bu ifadəni işlədib, ya yox. Bu məsələ ilə məşğul olacam.



- Necə düşünürsünüz, sizcə sədr xəstə insanın ardınca belə ifadə işlədə bilər?

- Vallah, nə deyim, sonda danışan insandır. Nə bilmək olar. Bəlkə öz havasında olmayıb, elə bir vəziyyətdə olub ki, həqiqətən də deyib. Amma fakt Məhərrəm Qasımlı mənə deyir ki, mən sizin ünvanınıza belə ifadə işlətməmişəm.

- Məhərrəm Qasımlı əgər belə düşünmürsə, onda sədr olaraq, Aşıqlar Birliyinin adından Prezidentə niyə müraciət etmədi?

- Məhərrəm müəllim qurumun sədri kimi prezidentə müraciət edə bilər. Burada qəbahət nə var ki. Amma fakt mətbuatda "edə bilmərəm" deyib. Əgər doğrudan da Məhərrəm Qasımlı belə ifadə işlədibsə, onda sağ olsun. Nə deyim axı. O sədrdir. Mənim yerimə siz olun, bundan sonra sadəcə söz tapmırsan deməyə.

- Aşıqlar Birliyinin büdcəsi var?

- Məhərrəm müəllim düz deyir. Doğurdan da Aşıqlar Birliyinin büdcəsi yoxdur. Buna əminəm. Məhərrəm müəllim fəaliyyətinə təzəcə başlayıb. Qurum kimi ayaq üstə dura, özü hərəkət edə, maliyyələşə, tədbirlərin keçirilməsi və s. kimi belə bir şey yoxdur. Mən birliyin İdarə Heyətinin üzvüyəm. Pul yoxdur. Amma müraciətin prezidentə ünvanlanması məsələsini... bu, artıq onun insafına qalır. Aşıqlar Birliyinin imkanı yoxdur.

- Məhərrəm Qasımlı daha sonra əlavə edib ki, aşıq Azərin müalicə işləri ilə millət vəkili Qənirə Paşayeva məşğul olur. Hazırda Qənirə xanım Sizinlə maraqlanır?

- Bəli. Tədbirdən sonra dəfələrlə bizə gəlib, əlaqələrimiz də davam edir. O, çox çalışır, istəyir ki, nəsə eləsin. Deyə bilmərəm ki, maraqlanmır, evimə kimi gələn adama necə deyə bilərəm ki, mənimlə maraqlanmır, insafsızlıq olar axı. Qənirə xanım mənə laqeyd deyil. Nə vaxt işim oldu ona zəng edirəm.

Bahar RÜSTƏMLİ
AzNews.az