Vüqar Tofiqli Vüqar Tofiqli

Musa Yaqubdan qeyri-adi addım

Vüqar Tofiqli


Musa Yaqub haqqında bir sıra maraq doğuran yazıları qələmə almışam.

Ötən əsrdə yaşanmış günlərə qayıtmaq, bir daha o illəri xoş arzularla xatırlamaqla sanki o günləri yenidən yaşamış oluruq. Biz Musa Yaqubla birgə çalışdığımız illərdə o illərə tez - tez qayıdırdıq.

Şairin gənclik illərindən, İsmayıllıda çalışdığı dövrdən, ova getməsindən maraqlı hadisələri qələmə ala bilmişəm. İndi o yazılara ola bilər ehtiyac olmasın. Amma inanıram ki, zaman gələcək hansısa tədqiqatda istifadə olunacaq.

Musa Yaqub gözəl insan, fitri istetad sahibi olmaqla, həmdə gözəl yol yoldaşıdır.

Bu günlərdə digər bir fitri istetad sahibi Sabir Rüstəmxanlının 70 illiyi ərəfəsində Musa müəllimin Sabir bəy haqqında söylədiyi fikirləri yadıma düşdü. İndi məhz həmin məqamı qələmə almaq istədim.

Söz vaxtına çəkər deyiblər. Üç il əvvəlin mayında Şamaxı şəhərində əziz ağsaqqalım Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən tədbirdən qayıdırdıq. Tədbir maraqlı alınmışdı. Həm Elxan Süleymanov, həm də Musa Yaqub alovlu nitq söyləmişdilər. Musa Yaqubun çıxışından sonra, onun elə bil ikinci nəfəsi açılmışdı. Qayıdarkən gah maraqlı əhvalat danışır, gah da şeir söyləyirdi. Mərəzə şəhərinə çatar-çatmaz yadına düşdü ki "qardaşağası Sabir bəyin" ad günüdür. Bu Musa müəllimin sözləri olduğundan dırnaqda vermişəm.

- Ay Vüqar Sabirə nə qədər zəng edirəm cavab vermir. Deyəsən telefonu bağlıdır. Başqa nömrəsi yoxdu səndə.

Dedim, məndəki nömrəyə yığım danış. Bəlkə də xoş təsadüfdən çağıranda telefonu Musa müəlimə verdim.

Özüm üçündə maraqlıydı ki, iki fitri istetad sahibi nədən başlayıb, nədən qurtaracaqlar.
Salamsız-kəlamsız Musa müəllim ekspromt başladı. Amma əvvəl soruşdu ki, Sabir sənsən? Təsdiq alanda isə….

Biri Yardımlıdı, biri İsmayıllı
O baş səninkidi, bu baş mənimki.
Altıyla yeddinin yerin dəyişsək
Bir yaş səninkidi, bir yaş mənimki ...

Onda Sabir Rüstəmxanlının 67 yaşı, Musa Yaqubun yenicə 76 yaşı tamam olmuşdu.

Belə qeyri-adi təbrikdən sonra bir xeyli danışdılar.

Xəyalları Musa müəllimi xeyli uzaqlara aparmışdı, Sabir Rüstəmxanlıyla çiyin çiyinə çalışdığı, yoldaşlıq etdiyi günlərə qayıtmışdı...

Elə şəxslər var ki, tanış olmasan da, oturub dərdləşməsən də özündə daim müsbət enerji daşıyıcısıdır. Hər an bu şəxslərdən, hətta virtual olaraq müsbət enerji almaq mümkündür.

Məhz bu sıraya daxil olan şəxslər sırasında Rafiq Əliyevlə bərabər, Musa Yaqub və Sabir Rüstəmxanlının da adları vardır...

Gec də olsa biz də Sabir bəyi təbrik edir, yaradıcılığında Ağdama, Qarabağa həmişə olduğu kimi bundan sonrada geniş yer verməyi arzu edirik.