Tofiq Hüseyn Tofiq Hüseyn

Bilmirəm hardandır axı bu kədər

Tofiq Hüseyn


Vasili Şukşinə

Yaman kədərliyəm,Vasya, kədərli
Bilmirəm hardandır axı bu kədər.
Əllərim, saçlarım tütün ətirli
Səni düşünürəm, Vasya bu səhər.

Günəş də göylərdən baxır qıyqacı
Şəfəqi ruhumu bəzəmir qəti.
Zorla bitirdiyim iydə ağacı
Sizin kalinaya bənzəmir qəti.

Bir inək geriyə qalıb naxırdan
Çöldə ot-ələf yox, tayada yonca.
İnan zəhləm gedir şirin çaxırdan
Bir az olsa idi vurardım ancaq.

Biz böyüməmişik şah sarayında
Məskənimiz olub o çöl o bayır.
Vəhşi göyərçinlər dən harayında
Tox anac həyətdə qağanaqlayır.

Bir dəli həsrət var qəmli könüldə
Bilmirəm, heç necə danışım,dinim.
Qonşunun küçüyü təndir külündə
Şən-şən ağnayırsa niyə sevinim.

Ötən o maşına heç baxmıram mən
Sahibi neçə qız yığıb içinə.
Əclafın sırtıqlıq yağır üzündən
Nə sən vecinəsən, nə mən vecinə.