Zahir Əzəmət Zahir Əzəmət

Türkiyə qalib gəldi (mi?)

Zahir Əzəmət



Türkiyə ötən gecə çox ağır bir imtahandan keçdi. Təxminən 100 nəfərin həyatını itirməsi ilə sonuclanan hərbi çevriliş cəhdi hələ uzun müddət müzakirə olunacaq, təsirləri hiss olunacaq. Amma... bu olaydan ən uduşlu çıxan Ərdoğan olacaq.

Hadisənin ilk anlarından etibarən Ərdoğan təşkilatçı kimi "paralel yapı"nın, yəni Fətullah Gülənin adını çəkdi. Hərçənd istər Fətullah Gülən, istər ona yaxın olan media quruluşları ilk dəqiqələrdən demokratiyadan yana olduqlarını açıqladılar, hərbi çevrilişin əleyhinə olduqlarını bəyan etdilər. Bununla belə, Ərdoğan həm orduda hələ də qalmış olan bəzi əleyhdarları və ölkədəki "hizmet herekatı"nın təmsilçiləri ilə probleminin biryolluq çözülməsi üçün gözəl fürsət əldə etdi. İndi artıq bu yöndə olacaq həbsləri, məhkəmələri əksəriyyət qınamayacaq və Ərdoğan yarımçıq qalmış planını tamamlayacaq.

Ərdoğan parlamentli respublikadan prezident üsul-idarəsinə arzuladığı keçidi sürətləndirəcək, Ana Yasanı istədiyi kimi dəyişə biləcək...

Türkiyə bir də Atatürk modelinə qayıtmayacaq, qayıda bilməyəcək...

... Ötən gecə Türkiyə və dünya telekanallarının canlı yayımında ən çox diqqət çəkən məqamlardan biri küçələrə tökülən vətəndaşların səsləndirdiyi vahid sloqan idi: "Ərdoğan iqtidar, Allahu Akbar!"

Olayın ilk anlarından etibarən dövriyyəyə də ilk girən məscidlər oldu: qısa fasilələrlə azan verən məscidlər insanları oyanıb küçələrə tökülüşməyə səslədi.

... Bu əslində Fətullah Gülənin də arzuladığı bir Türkiyədir. Adam bu mənzərədə nəyi dəyişmək istəsin ki?

15 iyul gecəsindən Azərbaycan üçün çıxarılan önəmli dərslər də var. Əgər Türkiyədə əvvəllər olduğu kimi yalnız bir telekanal (TRT) olsaydı, digər azad media və telekanallar olmasaydı, hadisələrin axarı necə olacaqdı?...

Bütün müxalifət partiyaları, sivil quruluşlar azad seçimin və hökümətin yanında yer aldı, dəstək oldu. Ölkədə güclü müxalifət olmasaydı, Ərdoğan və AKP təkbaşına bu sınaqdan çıxa bilərdimi?

... Suallar çoxdur, cavab isə bir: Demokratiya hələ ki, ən yaxşı idarəetmə metodudur.

Keçmiş olsun, Türkiyə!

Qaynarinfo.az