Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı Yeni Azərbaycan qəzetinə müsahibə verib. Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı Yeni Azərbaycan qəzetinə müsahibə verib.

“Bundan başqa ədalətli yol qalmır” - Baş nazirin müavini ilə referendum haqda müsahibə

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı Yeni Azərbaycan qəzetinə müsahibə verib.


AzNews.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyada bir sıra dəyişikliklərin edilməsi məqsədi ilə sentyabrın 26-da referendum keçiriləcəkdir. Bəziləri üçün bu, bir qədər gözlənilməz oldu. Siz necə bilirsiniz, belə düşünənlərlə razılaşmaq olarmı? Bu barədə nə deyə bilərsiniz?

- Mən bu qənaəti tam qəbul edə bilmərəm. Zahirən ola bilsin, kimlər üçünsə gözlənilməz, hətta qəfil addım effekti bağışlayır. Lakin müşahidələrimizi son dövrlərin prosesləri kontekstində dərinləşdirməyə çalışsaq, başqa qənaətə gələrik. Məlumunuz olduğu kimi, Prezident İlham Əliyev hələ ötən ilin oktyabrında Nazirlər Kabinetinin iclasında ölkədə əsaslı islahatların aparılması zərurətini bir vəzifə olaraq qarşıya qoyub. Artıq xeyli müddətdir ki, əsasən iqtisadi sahəni əhatə etsə də, geniş islahatlar həyata keçirilməkdədir. Ən ümumi şəkildə bu islahatların köklü əsasları həm Azərbaycanda, həm də bölgədə və bütünlüklə dünyada baş verən dəyişikliklərdə axtarılmalıdır.

Son 10 illik dövr Azərbaycanın həyatında fundamental dəyişikliklərlə, inkişaf və yüksəlişlə, müasirləşmə və modernləşmə ilə müşayiət olunub. Ölkə iqtisadiyyatının həcmi dəfələrlə artıb, sərmayə yatırımı axını güclənib, iqtisadi inteqrasiya prosesi dərinləşib. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın ən güclü iqtisadiyyatına çevrilib, ölkəmizin dünya iqtisadiyyatında yeri və rolu əhəmiyyətli dərəcədə yüksəlib. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyəti xeyli artıb, onun etibarlı tərəfdaş imici möhkəmlənib. Bir sözlə, Azərbaycan iqtisadiyyatı bütünlüklə yeni parametrlər kəsb edərək dünya iqtisadiyyatının ayrılmaz bir parçasına çevrilib.
İqtisadi inkişafın dinamikasının yetərincə yüksəkliyi, aydındır ki, çox çevik, inkişafın yaratdığı dəyişiklikləri qavramağa və adekvat reaksiya verməyə qadir olan mükəmməl iqtisadi idarəçilik mexanizminin olmasını şərtləndirir. Etiraf etmək lazımdır ki, bəzi hallarda dediyimiz ahəngdarlığı təmin etmək çətin olurdu. Səbəb heç də iqtisadi idarəçilik mexanizminin "kökdən düşmə"sində deyil. Başlıca amil inkişaf tempinin yetərincə yüksək olmasında özünü göstərir.

Əldə olunmuş iqtisadi yüksəlişin davamlılığının təmin edilməsi, yeni çağırışların vaxtında dəyərləndirilməsi və qabaqlayıcı addımların atılmasını mümkünləşdirən çevikliyin təmin edilməsi qaçılmaz zərurətə çevrilib. Prezident İlham Əliyevin dərin iqtisadi islahatlar konsepsiyasını şərtləndirən daxili iqtisadi amillər ilk növbədə bunlarla əlaqədardır. Artıq deyə bilərik ki, Prezident İlham Əliyevin hərtərəfli və dərin islahatlar strategiyası həlledici mərhələsinə daxil olub.

İslahatları şərtləndirən səbəblərdən söhbət açarkən xarici iqtisadi amillər də diqqətdən qaçırıla bilməz. Azərbaycanda əzəmətli iqtisadi, əgər belə demək mümkündürsə, intibahın müşahidə olunduğu dövrdə dünyanın iqtisadi durumunda müxtəlif istiqamətli proseslərin dinamikası hiss olunan, bir çox hallarda isə narahatlıq doğuran dərəcədə yüksəlməyə başlayıb. Söhbət həm neftin qiymətlərinin kəskin sürətlə aşağı düşməsindən, həm uzunsürən maliyyə-iqtisadi böhranından, həm də iqtisadi proseslərin proqnozlaşdırıla bilməyən mərhələyə daxil olmasından gedir. Mövcud reallıqlar, ölkələr arasında iqtisadi uçurumun dərinləşməsinin daha da sürətlənməsi təkcə iqtisadi faktor olmaqdan çıxaraq siyasi məna qəbul etmiş, bütün dünyada sabitliyin və təhlükəsizliyin pozulmasına rəvac vermişdir. Afrikanın Şimalında və Yaxın Şərqdə baş verən inqilablar və savaşlar, dəhşətli miqyaslar almış beynəlxalq terrorizm, Avropaya axan böyük insan köçü, humanitar fəlakətlər və kütləvi insan faciələri dünyanın mənzərəsini dərindən və yəqin ki, birdəfəlik dəyişib. Başa düşmək çətin deyil ki, sadalanan dünya problemləri bütün dövlətlər kimi, Azərbaycanın qarşısında da ciddi çağırışlar irəli sürür. Dünya birliyinin bir parçası olan, dünya iqtisadiyyatına inteqrasiya edən ölkəmiz o proseslərin təsirindən sığortalanmayıb. Nəzərə alınmalıdır ki, Azərbaycan bəşəriyyətin nizamını pozan, ciddi təlatümlərlə müşayiət olunan bəhs etdiyimiz hadisələrin cərəyan etdiyi coğrafiyadan çox da uzaqda deyil.

Beləliklə, həm daxili, həm də beynəlxalq aləmdə səbəblər toplusu geniş və əhatəli islahatların aparılmasını zərurətə çevirib. Bu islahatların keçirilməməsi, hətta gecikməyə yol verilməsi ölkəmizin daha ciddi çağırışlarla üz-üzə qalmasına gətirib çıxara bilər.

Sübut etməyə elə bir ehtiyac yoxdur ki, dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir. Əks halda, həyata keçirilən iqtisadi islahatlar yarımçıqlıq kompleksindən xilas ola bilməyəcək. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür. Prezident İlham Əliyevin Konstitusiyada bəzi dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü buradan qaynaqlanır. Mən bu təşəbbüsü böyük hədəflərə yönəlmiş və vaxtında atılmış addım hesab edirəm. Əsas niyyət milli, dövlət maraqlarının qorunması və reallaşması üçün müasir iqtisadi və siyasi mexanizmlərin təmin edilməsidir. Bir sözlə, Konstitusiya dəyişiklikləri təklifi siyasi sistemin və idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır.

- Referenduma çıxarılan təkliflərin məzmunu barədə nə deyə bilərsiniz. Konstitusiyanın bir sıra maddələri üzrə dəiyişiklik edilməsi nəzərdə tutulur. Ümumi niyyəti göstərdiniz. Konkret hədəflər nədən ibarətdir?

- Təklif edilən Referendum Aktında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi, eyni zamanda, 6 maddənin əlavə edilməsi nəzərdə tutulur. Onları dörd qrupda birləşdirmək mümkündür:

1) insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi;

2) siyasi idarəçilik təsisatlarının fəaliyyətinin təkmilləşdirilməsi;

3) dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsi;

4) insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılması.

Onu da qeyd etməyi vacib hesab edirəm ki, təklif olunan 23 dəyişikliyin 16-sı, yəni, dörddən üçü insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Hesab edirəm ki, təkcə bu fakt özü-özlüyündə Konstitusiyaya bəzi dəyişikliklərlə əlaqədar irəli sürülmüş təşəbbüsün mahiyyətini və mənasını dəqiq ifadə edir.

Azərbaycanın Konstitusiyasında insan hüquq və azadlıqları geniş təsbit edilib. Lakin həyatımızda baş verən pozitiv dəyişikliklər, vətəndaşların iqtisadi, sosial və siyasi proseslərdə iştirak əmsalının əhəmiyyətli dərəcədə artması həyatımızın real parametrinə çevrilib. Son illərdə insanların ictimai həyatda iştirakının artırılması yönündə ciddi addımlar atılıb. Hüquq və azadlıqlar sferasının genişlənməsi və qorunması mexanizminin təkmilləşməsi daxili siyasətin prioritetlərindən biri kimi qəbul edilib. Azərbaycanda insan hüquq və azadlıqları sistemi Avropa standartlarına daha çox uyğunlaşdırılıb. Bütün bu dəyişikliklərin Konstitusiyada əks olunması, hesab edirəm ki, tamamilə təbii və başadüşüləndir.

Konstitusiyaya dəyişikliklərin müəyyən hissəsi insanların iqtisadi hüquqları ilə əlaqədardır. Azərbaycan azad iqtisadi münasibətlərin formalaşması və oturuşmuş sistemə çevrilməsi yolunda əhəmiyyətli məsafəni artıq qət edib. İrəli sürülən təkliflər iqtisadi azadlıqlar sisteminin yeni inkişaf mexanizminə çevrilməsi niyyətini əks etdirir.
Eyni fikirləri siyasi azadlıqlar sahəsinə aid olan dəyişikliklərə də şamil etmək mümkündür. Ölkəmiz demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoyub, demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılıb. İndi Azərbaycanda demokratiya Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul olunduğu 1995-ci illə müqayisədə daha kamil təsisatdır. Lakin unudulmamalıdır ki, demokratiyanın inkişaf tarixi onun fasiləsiz bir proses olduğunu sübuta yetirib. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq müşahidə olunmaqdadır. Konstitusiya Aktında passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi məhz bu kontekstdə dəyərləndirilməlidir.

Etiraf etmək lazımdır ki, insan hüquq və azadlıqları fəlsəfəsi prizmasından yanaşıldıqda, seçki hüququnun müxtəlif formalarda istənilən məhdudlaşdırılması demokratik düşüncəyə mahiyyətcə ziddir. Ancaq burada aşağı yaş həddinin ağlabatan formada məhdudlaşdırılması sadəcə, qaçılmazdır. Bu da insanın siyasi və ictimai həyata iştiraka hazır olması baxımından optimal yaş həddinin müəyyən edilməsi ilə bağlıdır. Bundan kənarda istənilən məhdudlaşdırma həm təbiilik, həm də ağlabatanlıq mənasını itirmiş olur. Bəzi hallarda isə siyasi iştirakçılıq imkanının yaş həddi ilə məhdudlaşdırılması sırf siyasi mülahizələrdən irəli gəlir. Azərbaycanın müasir tarixində buna ibrətamiz nümunə mövcuddur. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevin siyasi proseslərdə iştirakını əngəlləmək məqsədilə prezidentliyə namizədlər üçün 65 yaşdan ibarət yuxarı yaş həddi müəyyən edilmişdi. Əlbəttə, bu qərar hər cür ağlabatanlıq ünsürlərindən məhrum idi və müstəsna olaraq Heydər Əliyevə qarşı çevrilmişdi. Əgər bu mürtəce qərar vaxtında aradan qaldırılmasaydı, Azərbaycanı onu gözləyən acı taledən xilas etmək mümkün olmayacaqdı. Həyat sırf siyasi mülahizələrlə qəbul edilmiş həmin qərarın nə qədər mürtəce xarakter daşıdığını göstərməklə yanaşı, siyasi iştirakçılığın yuxarı yaş həddi ilə məhdudlaşdırılmasının mahiyyət etibarı ilə antidemokratik addım olduğunu da sübuta yetirdi. Mənim fikrimcə, siyasi iştirakçılıq baxımından ağlabatanlıq mülahizələri çərçivəsindən kənarda istənilən məhdudlaşdırıcı normalar, o cümlədən yaş məhdudiyyətlərinin qoyulması ədalətli sayila bilməz. Çünki o həm fərdin hüquq və azadlığının məhdudlaşdırılmasına səbəb olur, həm də xalqın, seçicilərin seçmək hüququna müdaxilə edir. Əgər xalqın iradəsini, onun seçmək hüququnu demokratiyanın fundamental prinsipi sayırıqsa, onda etiraf etmək zorundayıq ki, ağlabatanlıq mülahizələrindən kənarda istənilən məhdudlaşdırıcı norma yuxarıda qeyd olunan dəyərlərə qarşı çevrilib.

İrəli sürülən tezisdən çıxış etsək, onun əksi olan tezis isə istənilən halda qeyri-demokratik olub, insan hüquq və azadlıqları fəlsəfəsi ilə ziddiyyət təşkil edir, haqqında söhbət etdiyimiz Konstitusiya Aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsini mütərəqqi təklif kimi qiymətləndirməkdən savayı ədalətli yol qalmır. Söhbət seçmək və seçilmək hüququnun yaş həddinin məhdudlaşdırılmasını mümkün olan qədər aradan qaldırmaqdan gedir. Razılaşmamaq mümkün deyildir ki, insan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, əgər o, başqalarının hüquq və azadlıqlarına təhlükə yaratmırsa və ağlabatanlıq mülahizəsi çərçivəsindən kənara çıxmırsa, mahiyyətçə mütərəqqi xarakter daşıyır və hüquq və azadlıqlar sferasının daha da genişlənməsinə xidmət göstərir.

Aktiv seçki hüququ səviyyəsində müəyyənləşdirilmiş seçilmək hüququnun optimallığı məsələsinə gəldikdə isə bir sıra vacib cəhətlərin mütləq şəkildə nəzərə alınması gərəkdir. Əvvəla, Azərbaycan haqqında söhbət gedən məhdudiyyəti aradan qaldıran yeganə ölkə deyildir. Sizinlə söhbət zamanı xatırlamağa çalışdım və səhv etmirəmsə, Fransada prezident seçilmək üçün yaş senzi adlanan məhdudiyyət mövcud deyildir. Burada seçilmək hüququ seçmək hüququ olan bütün vətəndaşlara şamil edilir. Əlbəttə, bu cür normanı qəbul etmiş digər ölkələr də var və mən onların hamısını sadalamaq fikrində deyiləm.

İkincisi, seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşda vətəndaşların mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət konstitusion seçilmək hüququnun demokratik təminatından gedir. Konkret olaraq, hansı yaşda olan iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən asılıdır. Fikrimin təsdiqi olaraq bir faktı nümunə gətirmək istərdim. Ölkələrin çoxunda prezident seçilmək üçün aşağı yaş həddi 35-dir. Lakin həmin ölkələrdə kiminsə 35 yaşında prezident vəzifəsinə seçildiyini xatırlaya bilmirəm. Məsələnin nəzərə alınması çox vacib olan bir cəhətini unutmamağınız gərəkdir. Hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə bilməsi demək deyildir. Bununla əlaqədar digər şərtlər də yerinə yetirilməlidir.

Seçilmək hüququna gəldikdə, əlbəttə, əsas amil kimin iddiaçı olması deyil, seçicinin rəyidir. Hər hansı bir iddiaçının Milli Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır. Bunları qazanmaq üçün isə bəzən heç 10-15 il kifayət etmir. Belə olan halda ağlabatan yaş həddində müəyyən edilmiş seçilmək hüququ heç bir təhlükə mənbəyi olmadan, artıq qeyd edildiyi kimi, həm hüquq və azadlıqlar sferasını, həm də xalqın seçim imkanlarını genişləndirir.

Üçüncü bir məqam da var ki, onu da gözardına almaq düzgün olmazdı. Müxtəlif dövrlərdə ayrı-ayrı xalqların tarixində çox gənc yaşlarında qeyri-adi istedadlı tarixi şəxsiyyətlərin yetişdiyi heç kimə sirr deyil. Bu cür şəxsiyyətlər elmdə, mədəniyyətdə olduğu kimi, siyasət sahəsində də olub. Etiraf etməliyik ki, həmin tarixi şəxsiyyətlər bəşəriyyətin inkişafına müstəsna töhfələr verib. Yadıma qədim tarixdən Makedoniyalı İsgəndər, orta əsrlərdən Şah İsmayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xarüqələr göstərib. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər. Bəşəriyyətin tarixini onlarsız təsəvvür etmək, sadəcə, mümkün deyildir.

Deməli, nəinki dövlət başçısı seçilmək, həm də böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etmək üçün, əslində, yaş həddi anlayışı yoxdur. Ona görə də prezidentliyə namizədlərdən tələb olunan yaş həddi minimumunun 35 yaşdan seçki hüququnun təsbit edildiyi yaş həddi ilə eyniləşdirilməsində qeyri-adi nəsə axtarmaqda bir məna görmürəm.

- Vətəndaşların və siyasi təhlilçilərin diqqətini cəlb edən digər bir məsələyə münasibət bildirməyinizi də xahiş edərdik. Bu da təklif olunan birinci vitse-prezident və vitse-prezident vəzifələri ilə əlaqədardır. Bu vəzifələrin təsis edilməsi Azərbaycanın siyasi sistemində və idarəçilik praktikasında nəyi dəyişəcək?

- Əvvəla, ondan başlamaq istərdim ki, müasir dünyada siyasi sistemlərin bir neçə növü olmasına baxmayaraq, biri digərini təkrarlayan iki dövlət idarəçiliyi sistemi tapmaq, demək olar ki, mümkün deyil. Nə qədər dövlət var, o qədər də idarəçilik formaları və sistemləri mövcuddur. Oxşarlıq yalnız növ mənsubiyyəti çərçivəsində mümkündür. Bu və ya digər siyasi sistem növü çərçivəsində hər bir xalq öz tarixinə, dünyagörüşünə, siyasi qüvvələrin nisbətinə, geopolitik şəraitinə, toplumun siyasi temperamentinə və s. amillərə uyğun olaraq konkret idarəçilik formasını seçir. Bu, hər bir xalqın müstəsna hüququdur. Ona görə də biz Azərbaycanın, yaxud başqa bir dövlətin idarəçilik sistemini digərləri ilə yalnız şərti olaraq müqayisə edə bilərik. İki xalqı müqayisə etmək nə qədər düzgündürsə, iki dövləti də müqayisə etmək o qədər düzgündür. Mən bu fikirləri ona görə səsləndirirəm ki, müxtəlif çevrələrdə istər-istəməz müqayisələr aparmaq həvəskarları meydana çıxacaq.

Vitse-prezidentlər institutunun təsis edilməsi məsələsinə gəldikdə isə onu demək istəyirəm ki, prezident üsuli-idarəsinin tez-tez rast gəlinən fərqləndirici xüsusiyyətlərindən biri məhz onunla əlaqədardır. Ancaq heç də bütün prezident respublikalarında vitse-prezident təsisatı mövcud deyil.

Vitse-prezidentlik təsisatı ayrı-ayrı ölkələrdə müxtəlif mülahizələrlə əlaqədar yaradılır. Onun xüsusilə 3 əsas funksiyasını fərqləndirmək olar:

a) siyasi qüvvələrin və ya elektoratın konsolidasiyası;

b) prezidentin öz səlahiyyətlərini icra etmədiyi dövrdə hakimiyyətin yenidən formalaşdırılmasının təmin edilməsi;

c) hakimiyyət bölgüsünün optimallaşması və demokratik nəzarət mexanizminin təmin edilməsi (ABŞ vitse-prezidenti Senata sədrlik edir).

Düşünürəm ki, sualınızla əlaqədar dediklərim məsələnin mahiyyətinin qavranılmasında açar rolunu oynaya bilər. Heç şübhəsiz, yeni təsisatın yaradılması ölkədə idarəçilik sistemində anonsu prezident tərəfindən edilmiş dəyişikliklərin ümumi məntiqindən irəli gəlir. Həyat idarəçilik sisteminin təkmilləşdirilməsi tələbini irəli sürüb və bu dəyişikliklərin müəyyən qismi Konstitusiya islahatlarını tələb edir. Konkret bu dəyişikliklərlə əlaqədar güdülən əsas məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verməsinin təmin edilməsidir. İnanıram ki, yeni təsisat ölkənin idarəçiliyi sistemini daha da səmərəli edəcək, ölkənin inkişafının yeni mərhələyə keçməsi ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin icrasına müsbət təsir göstərəcəkdir.

- Referendumla əlaqədar Konstitusiya aktında nəzərdə tutulan dəyişikliklərdən biri də prezidentin səlahiyyət müddətinin artırılmasıdır. Bu hansı zərurətdən irəli gəlir? Bu barədə nə deyə bilərsiniz?

- Dünya təcrübəsində seçilmiş prezidentlərin səlahiyyət müddətləri müxtəlifdir. Ən çox rast gəlinən müddət 5-7 il arasında dəyişir. Prezidentlik səlahiyyətlərinin müddəti bir sıra səbəblə əlaqədardır. Burada ölkənin siyasi sisteminin xüsusiyyətləri, siyasi qüvvələrinin strukturu, siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu, geopolitik vəziyyət və s. cəhətlər nəzərə alınır. Eyni zamanda, prezidentin səlahiyyət müddətinin dəyişməsi adi konstitusion dəyişikliklər norması sayıla bilər. Müxtəlif ölkələrdə prezidentin səlahiyyət müddəti ilə əlaqədar normalar dəyişdirilib. Siyasi praktikada bu, o qədər də xüsusi əhəmiyyət kəsb edən məsələlər sırasına daxil edilmir. Ona görə də prezidentin səlahiyyət muddətinin 5 ildən 7 ilə artırılması ilə əlaqədar dəyişiklik, düşünürəm ki, seçicilər tərəfindən normal qarşılanacaq.
Sözügedən dəyişikliyin motivlərinə gəldikdə isə ilk növbədə, onun ölkədə həyata keçirilməkdə olan idarəçilik islahatları kontekstində dəyərləndirilməsinin gərəkli olduğu vurğulanmalıdır. Nəzərdə tutulan idarəetmə islahatları kompleks xarakter daşıyır və onun daxili məntiqi tam dəyişikliklər dəstinin gerçəkləşdirilməsini şərtləndirir.

Qeyd etmək istədiyim ikinci məqam siyasi sistemin sabitliyi, bütövlükdə sabitlik amili ilə əlaqədardır. Konstitusiyanın 8-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Bu vəzifənin yerinə yetirilməsi siyasi sistemin sabit rejimdə fəaliyyət göstərməsinin təmin edilməsində Prezidentin məsuliyyət dərəcəsini artırır.

Azərbaycanın sabitliyi ilə bölgədə seçilən dövlətlərdən biri olduğunu sübut etməyə lüzum yoxdur. Ancaq o da unudula bilməz ki, ölkəmiz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib və son zamanlar erməni tərəfin təxribatları sabitliyə ciddi təhlükəyə çevrilib. Tez-tez dəyişikliklər, bu dəyişikliklər tam qanuni əsaslarda olsa belə, müəyyən şərtlər daxilində (müharibə şəraitində istənilən təxribat həmin şərtlər rolunu oynaya bilər) sabitliyə real təhlükəyə çevrilmək iqtidarındadır.
Eyni fikirləri xaricdən gözlənilən təhdidlərlə əlaqədar da söyləmək mümkündür. Azərbaycana yaxın bölgələrdə qarşıdurmalar, müharibələr, fəlakətlər, terrorizm və bunların nəticəsi olan kütləvi köçlər davamlı xarakter alıb. Vəziyyətin yaxın zamanlarda sabitləşəcəyini söyləmək həddindən artıq optimizm nümunəsi olardı. Müşahidə olunan münaqişələrin və onun nəticələrinin coğrafiyasının genişlənməsidir. Belə vəziyyətdə ölkəni mümkün təhlükəli təhdidlərdən sığortalamaq, sabitliyi qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. Tez-tez keçirilən, cəmiyyətdə ehtirasları və siyasi ambisiyaların dərəcəsini həddən ziyadə artıran siyasi kampaniyalar, seçkilər təbii ki, belə siyasi kampaniyalardandır, sabitliyin pozulması təhlükəsini real olaraq artırır. Bununla əlaqədar elə bir optimal modelin seçilməsi ehtiyacı yaranmışdır ki, o, bir tərəfdən haqqında söhbət açdığımız sabitliyə təhlükə yaranmasına imkan verməsin, digər tərəfdən isə demokratik normalar zərər çəkməsin. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, düşünürəm ki, həmin modelin yaradılması nöqteyi-nəzərindən ən yaxşı variant sayıla bilər.

- Opponentləriniz, bəzi müxalifət təmsilçiləri Konstitusiyaya təklif edilən dəyişikliklərlə əlaqədar fərqli fikirlər səsləndirir, onlara neqativ münasibət sərgiləyirlər. Buna necə baxırsınız?

- Açığını deyim, əgər müxalifət başqa cür davransaydı, bu məni təəccübləndirərdi. Təcrübədən məlumdur ki, Azərbaycan müxalifətinin bir çox təmsilçiləri müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür. İqtidarın dilindən çıxan ən adi həqiqətin onlar tərəfindən yalanlanması cəhdlərinə cəmiyyətimiz adət edib. Ona görə də belə davranış norması seçmiş müxalifət təmsilçilərinin "tənqidləri" cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır.

Konstitusiyaya dəyişikliklər təklif etmək, referendum təyin etmək Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə verilmiş səlahiyyətdir. Dünyanın hər bir yerində olduğu kimi, Prezident yetişmiş ehtiyaclara uyğun olaraq zəruri dəyişikliklər paketini cəmiyyətə təqdim edir. Təbii ki, bu zaman o, cəmiyyətin çoxluğunun və özünün düzgün saydığı dəyişikliklər konsepsiyasını hazırlayır. Hər kəs etiraf etmək zorundadır ki, bu onun müstəsna səlahiyyətidir. Hakim rolunda isə xalq çıxış edir. Prezidentin təklifləri xalq tərəfindən səs çoxluğu qazandıqdan sonra konstitusion normaya çevrilir. Bu mənada, ayrı-ayrı müxalifətçilərin təklif olunan dəyişikliklərə rəng verməyə çalışması ən azından, başa düşülən deyil.

Konstitusiyaya dəyişikliklərlə əlaqədar, onların mahiyyəti barədə söhbət etdik. Təkrar etməyə ehtiyac yoxdur. Bir sıra müxalifət nümayəndələrindən fərqli olaraq cəmiyyətin böyük kəsimi, müşahidələrimə əsasən deyə bilərəm, bu dəyişiklikləri anlaşma ilə qarşılayır. Prezident İlham Əliyevə cəmiyyətimizdə böyük inamın olduğu sirr deyil. Bu inam onun irəli sürdüyü konstitusiya dəyişiklikləri təklifinə insanlarımızın düzgün yanaşmasının əsasında dayanır. Əminəm ki, nəzərdə tutulan referendum növbəti dəfə İlham Əliyevə ümumxalq inamının nümayişinə çevriləcək.