Şair Rüstəm Behrudinin istefası Azərbaycan Yazıçılar Birliyində qalmaqal yaradıb. Şair Rüstəm Behrudinin istefası Azərbaycan Yazıçılar Birliyində qalmaqal yaradıb.

““Başda” oturanlara hər ay yubiley keçirirlər” - AYB-dəki qalmaqal böyüyür

Şair Rüstəm Behrudinin istefası Azərbaycan Yazıçılar Birliyində qalmaqal yaradıb.


Şairə qarşı haqsızlıq edildiyini düşünən bəzi AYB üzvləri onun müdafiəsinə qalxıb.

Birliyin Drаmаturgiyа Şölməsinin rəhbəri Firuz Mustafa AzNews.az-a açıqlamasında Rüstəm Behrudinin addımını haqlı hesab edir: "Rüstəm poeziyamızın çox istedadlı nümayəndəsidir. Bəri başdan deyim ki, Rüstəm bəy haqlıdır. Axı mənim çox hörmət etdiyim şair, həssas insan Yazıçılar Birliyindən diqqətdən başqa bir şey ummur. Düzdür, indiki zamanda adam bəzən öz doğum gününü də unudur. Amma Yazıçılar Birliyində mətbuat xidmətinin rəhbəri var, gərək onlar vacib tarixləri yada salsınlar".

F. Mustafa özü də AYB-dən narazılığını dilə gətirib: "Yeri gəlmişkən, mən Rüstəm bəyi xüsusi təbrik etdim, ona öz hədiyyəmi - elektron kitabxanamı göndərdim. Ona ən gözəl təbrikləri oxucuları deyir və yenə deyəcək. Yeri gəlmişkən, bəlkə də heç yeri gəlməmişkən, bu gözəl təşkilatımız elə mənim də ad günümü, buna yubiley yaşı da demək olardı, yada salmağı unutdu. Nə deyim? Küsüm? Kimdən? Hər halda, bu ölkədə qırx pyesi səhnəyə qoyulmuş dramaturq, əllidən çox kitabı çıxmış yazıçı, ona yaxın monoqrafiyası nəşr olunmuş filosof azdır... Bəlkə də yoxdur. Hələ onu demirəm ki, AYB-də bir maaşsız görəvim də var: dramaturgiya sektorunun rəhbəriyəm... Amma başda oturanların təkcə hər il yox, az qala hər ay "yubileyləri" qeyd olunur".

F. Mustafa qeyd edib ki, bu yaxınlarda İstanbulda tamaşaya qoyulan pyesinin premyerasında iştirak etmək üçün aidiyyəti qurumlara məktubla müraciət etsə də, ona müsbət cavab verilməyib: "Bu boyda ölkədə mədəniyyətlə və ədəbiyyatla ilgili olan bir əlaqədar təşkilat tapılmadı ki, mənə bilet almaqda kömək etsinlər. Halbuki çoxunun cibi yad mədəniyyətlərin təbliğinə daim açıqdır".

Qeyd edək ki, Rüstəm Behrudi sentyabrın 13-də Azərbaycan Yazıçılar Birliyindən istefa verib. Şair bu addımını doğum günündə üzvü olduğu qurumun rəhbərliyi tərəfindən təbrik edilmədiyi ilə əsaslandırıb.

Bahar RÜSTƏMLİ
AzNews.az