Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən çıxıb. Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən çıxıb.

“Yazıçılar Birliyində Anarın yerinə göz dikənlər var”

Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən çıxıb.


Bu barədə o, şəxsi facebook səhifəsində məlumat yayıb. Səbəb kimi doğum günlərinin qeyd edilməməsi göstərilib. Adıçəkilən qurumun sədri Anar Rzayev şairin tələskənliyə yol verdiyini söyləyərək "tədbir də olacaq, təbrik də" deyib.

Milli Məclisin deputatı Nizami Cəfərov açıqlamasında yazıçılar arasında yaranan söhbətlərə aydınlıq gətirməklə yanaşı, Yazıçılar Birliyində Anarın "yerinə göz dikən" şəxslərdən də danışıb:
"Düzü, bilmirəm, Rüstəm Behrudi hansı iddialarla çıxış edib. Amma, nədənsə neçə illərdir ki, Yazıçılar Birliyinin sədri Anar müəllimə qarşı bəzi adamlarda qısqanclıq hissi var. Sovet dövründə yazıçılar arasında da münaqişələr, qruplara bölünmə halları var idi. Amma, bu, şəxsi münasibətlərdən çox ideoloji münasibətlər idi. İndi elə münaqişələr yoxdur. Əvvəla, burada belə bir məsələ var. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Anar müəllim Yazıçılar Birliyini qoruyub saxlayanda indi müəyyən şeylərə iddia edənlərin çoxu Yazıçılar İttifaqının dağılmasının tərəfdarı idilər. Bu tarixi biz yaşamışıq. Sonda da elə adamlar Anar müəllimin yerinə göz dikdilər ki, həmin adamlar vaxtilə müsahibələrində Yazıçılar İttifaqının ləğv olunmasını istədiklərini deyirdi".

Deputat Yazıçılar Birliyinin sədri məsələsində Anardan başqa namizəd görmədiyini deyib:
"Anarın yerinə istənilən adama barmağınızı qoyun və deyin ki, "bu yazıçı, Anarı əvəz edə bilər". Mən elə adam görmürəm. Əvvəla, Anarın işləməyə haqqı var. Yazıçılar İttifaqı müəyyən mənada Anarın əlində müstəqil oldu. Anar müəllim onu qoruyub saxladı, inkişaf elətdirdi. Azərbaycanın müstəqilliyi inkişaf etdikcə Yazıçılar Birliyi də inkişaf etdi".

Modern.az