“ALLAHA BADALAQ GƏLİRİK” “ALLAHA BADALAQ GƏLİRİK”

“Qorxuram bu müsahibədən sonra məni söysünlər” - Əməkdar artist

“ALLAHA BADALAQ GƏLİRİK”


Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Vahid Əliyevin AzNews.az-a müsahibəsi:

- Vahid müəllim, artıq yeni teatr mövsümü başlayır. Bu mövsümdə yeni quruluş veriləcək tamaşalarda rol alacaqsınızmı?

- Sözün düzü, teatrın builki repertuarından xəbərsizəm, hansı tamaşaların oynanılacağı mövsümün açılışından sonra aydın olacaq. Yeni müraciət olunacaq əsərlərdə rol alıb-almadığımı ancaq rəhbərlik bilər. Mən aktyoram. Hansı rolda oynaya biləcəyimi ancaq rejissor görməlidir. Amma ola bilsin ki, məni teatr mövsümünün açılış mərasimində səhnəyə çıxmaq üçün dəvət eləsinlər.

- Gənc Tamaşaçılar Teatrında ab-hava necədir?

- Bütün teatrlarda olduğu kimi. İstirahətdən qayıtmışıq. İki aya yaxındır ki, işdən uzaqlaşmışıq, səhnəyə çıxmırıq.

- Bir müddət bundan öncə mətbuatda çıxan bir müsahibənizə görə teatrın baş rejissoru Bəhram Osmanovla aranızda dava düşmüşdü. O vaxt Osmanov sizi təhqir etmişdi. Hazırda münasibətlər nə yerdədir?

- Həmin müsahibədən iki il ötüb, amma mən hələ özümə gələ bilməmişəm. Çünki mən heç bir zaman elə təhqir olunmamışdm. Yəni, mən inana bilməzdim ki, kimsə məni elə təhqir edə bilər, özü də ana söyüşü ilə... Mən neyləmişdim ki? Haqqı demişdim. Yadıma düşdükcə başımdan tüstü çıxır. Bir var ki, səni adi adam təhqir eləsin, biri də var rəhbərlik...



- Rejissor-aktyor qalmaqalı yəqin ki, teatr rəhbərliyində müzakirə olundu...

- Məsələ oldu, keçdi. Ona görə də bağlandı. Bilirsiniz Bahar xanım, Mən həmişə haqqı müdafiə etmişəm, nəsə xoşuma gəlməyəndə, bunu açıq demişəm. Bu da çox adamların xoşuna gəlmir. Gərək deməyəydim. Bu gün mən bar-bar bağırsam ki, teatr yoxdur, bu, kimə lazımdır? Haqqı demək lazım deyil. Susmaq qızıldır. Niyə mən təhqir olunmalıydım? Mənim o yaşm idi ki, axmaq yerinə qoyulum?

- Belə çıxır ki, Bəhram Osmanovla barışmısınız.

- Mən ən qəddar düşmənimlə də ədavət aparmıram. Allahın adı olan salamı verib keçirəm. Özümdən aşağı səviyyəli insanı heç vaxt bağışlaya bilmirəm. Əgər 20-25 yaşında aktyor təhqir eləsəydi, mən onu götürərdim. Deyərdim ki, uşaqdır, qanmayıb. Amma yaşı 50-ni keçmiş şəxs, özü də teatrın baş rejissoru bu addımı atırsa, mən ona dözə bilmərəm. Onunla hər gün qarşılaşmasam da, heç olmasa ayda bir dəfə görürəm. O zaman olanlar gözümün qarşısında canlanır.

- Bəhram Osmanov sizdən üzr istədimi?

- Yox, bu ola bilməzdi. Mən onun üzrünü qəbul da eləməzdim. Bilirsiniz niyə? Çünki mən heç vaxt qarşımda duran adamı alçatmaq istəmərəm. Onun üzrü mənə xoş gəlməzdi. Həmişə çalışmışam ki, vəziyyətdən yuxarıda dayanım. Hər halda ana qədrini bilən adam ana söyüşü söyməz. Nə olursa-olsun, anasına hörmət edən şəxs başqasının anasının adını tutmaz… Allahı bilsin. Onun içində kin qalıb, ya qalmayıb, bu haqda nəisə deyə bilmərəm.



- Adətən yeni mövsüm açılanda efirlərdə teatr sənəti ilə bağlı müzakirələr olardı, problemlər səsləndirilərdi…İndi belə şeylər gözə dəymir.

- İndi Azərbaycanda "bizimkilər və özgələri" tendensiyası var. Bu da təbiidir. Mən teatrda işləyəndə hamı elə bilirdi ki, mən Ağakişi Kazımovun (rejissor – red.) adamıyam. Amma mən onun adamı deyildim. Çünki Ağakişi teatra gələn gənc aktyorları yoxlayıb, "dişindən keçirirdi". Rejissor ağızını açan kimi aktyor anlamalıdır ki, onun yozumu nədir. Aktyor hansı istiqamətdə axtarışlar edib, hansı nəticələrə gəlməli olduğunu bir sözdən anlamalıdır. Çünki rejissorun yozumunu pozmaq olmaz, əksinə onun yozumuna güc verilməlidir. Ağakişi məni nə qədər sınaqlardan çıxardı. Tək o deyildi, bəzi adamlar deyir ki, Vahid Əliyev ancaq heyvan rolları oynayıb. Xeyr, mən insan rolları oynamışam. "Bir sahilin adamları" tamaşasında "Xəzər" obrazına görə dövlət mükafatına layiq görüldüm. İki tamaşadan sonra "bura Azərbaycandır" deyib elə bir badalaq vurdular ki, ağzıüstə "yıxıldım". Ağakişi məni hər tərəfli yoxlayandan sonra rollar verirdi. Ağakişi görürdü ki, mən ampulasız aktyoram. Mən faciə, dram, komediya, satira da oynayırdım. Məhz buna görə rejisorun adamına çevrilmişdim. Bura öz teatrım deyil ki, deyim mənə rol verin, oynayım. Mən bu teatrda Xalq artisti Ağaxan Salmanlıdan sonra ən çox rol oynayan aktyoram. Amma mənə dəyən təpik heç kimə dəyməyib.

- Hansı mənada?

- Mən imkansızlıqdan gözümü cərrahiyyə əməliyyatı elətdirə bilmədim. Maddi durumum buna imkan vermədi. Ağlamıram. Teleaparıcı Zaur Baxşəliyev sağ olsun, o olmasaydı kor olacaqdım. Xəlil həkimə də sağ ol deyirəm. Onların qarşısında baş əyirəm, bu adamlar mənim gözümü təmannasız əməliyyat elədilər. Allahın köməkliyi ilə ikinci gözümü də əməliyyat edəcəyik. Axı mən niyə kiməsə ağız açmalıyam? Başa düşə bilmirəm, məndən sonra gələn aktyorların çoxu 10 rol oynayıb ya yox, amma Prezident mükafatı alır. Fevralda mənim 65 yaşım olacaq. Mənim yaşıdlarım Prezident mükafatı alırlar, bəs mən? Mənə maraqlıdır ki, bu insanlar öz vicdanlarının qarşısında hesabat verirlər? Niyə belə olmalı idi ki? Gərək insan hərdən vicdanı qarşısında hesabat verə… Qorxuram bu müsahibdən sonra məni söysünlər. Ancaq mən layiq olmasaydım, deyərdim ki, düz qərar veriblər. Teatr sökülüb-tikiləndə, təmirə dayananda mən ailəmi atıb hökumətin verdiyi məvacibə qane olub rayonlara qastrollara gedirdim. Aylarla ailəmdən xəbərim olmurdu. Bəs bunlar nəzərə alınmır? Hansı Allahdan danışırıq? Sonra ildə bir dəfə məscidə gedib, sədəqə veririk, Allaha badalaq gəlirik.

- Sizə qarşı biganəliyinin kökündə nə dayanır?

- Ömrümün qışına doğru gedirəm. Qatar da üşüdür məni. Çalışıram elə fikir deyəm ki, kimsə inciməsin. Amma içimdə küskünlük var. İnsan zəhmətinə görə qiymətləndirilməyədə inciyir, axı mən də insanam. 1970-ci ildə hiss etdim ki, Azərbaycan xalqını başqa millətlərdə təmsil edəcəyəm, odur ki, bütün mütaliəmi Azərbaycan dilindən rus dilinə çevirdim. Baxdım ki, məndə düşüncə tərzi də dəyişib. İnanın, mənim Moskvada qalmaq şansım vardı, anamın bircə kəlməsi məni Azərbaycana qaytardı. Çünki mən millətim üçün işləmək istəyirdim. Özüm üçün işləsəydim, indi milyoner idim.



- Prezident mükafatı almaq üçün müraciət etmisiniz?

- Nə qədər olar? Ad çəkmirəm, amma eləmişəm. Abır həyadan başlayır, həya itəndə abır da yoxa çıxır. Bundan əlavə, mən niyə müraciət etməliyəm? Ruslarda bir söz var - sənə verilən sözü yüz il gözləmək lazımdır.

Bu yaxınlarda Xalq artisti Fuad Poladovun 70 illik yubileyi oldu, təklif ediblər ki, ona yubiley keçirsinlər. Deyib lazım deyil. Düz edib deyib. Bu 43 ildə nə vaxt mənə nə isə keçiriblər? İstəsələr də eləmərəm.

Bahar RÜSTƏMLİ
AzNews.az