Etibar ƏLİYEV Etibar ƏLİYEV

Mikayıl Cabbarovun yaratdığı fürsət...

Etibar ƏLİYEV


Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov 2016-2017-ci tədris ilinə "Təhsildə dəyərlər" ili kimi yanaşmağı təklif edib. Əslində, bu, bizim üçün də yenilik oldu. Bəlkə də çoxdandır ki, leksikonumuzda dəyər anlayışına rast gəlinmirdi. Məşhur ensiklopediyaların birində yazılır ki, nəyə qiymət verilirsə, o, dəyərdir. Deməli, qiymətli və dəyərli olmaq üçün dəyərlərə sahib olmaq gərəkdir. Biz biliklərə qiymət veririk. Bəs ədalət, həqiqət, mərhəmət, vətənə sevgi, xeyirxahlıq, azadlıq, bərabərlik, düzgünlük kimi dəyərlər də qiymətləndirilməli deyilmi?

Dəyər sistemi şəxsiyyəti daim mənəvi yüksəklikdə saxlayır, onu insani, sosial və saf ideallara bağlayır, əsl vətəndaşa, xeyirxah insana, fədakar dosta, yorulmaz peşəkara, cəsur əsgərə çevirir.

Elə sözügedən konfransdakı çıxışında təhsil naziri təhsil sistemimizin illər boyu verdiyi dəyərlərin bu ilin aprelində Vətən torpaqları uğrunda döyüşlərdə yüksək vətənpərvərlik əqidəsi ilə üzüağ çıxdığını qeyd etdi. Haqlı mülahizədir. Qəhrəmanlıq da dəyərdir və o, satılmır, yaxud mübadilə edilmir. Həmin qəhrəmanları ailələrimizdə və məktəblərimizdəki aşılanan dəyərlər yetişdirib.

ABŞ ordusu ilə bağlı məşhur bir tədqiqat var. Alimlər əsgərləri irəli aparan, cəsur edən, ölümün üstünə yürüdən amilləri öyrəniblər. Bəlli olub ki, ölkəsinə sevgi ilə yanaşı, digər insani və bəşəri amillər də burada rol oynayır. Hətta fərdi amillər də, məsələn, digər döyüş yoldaşlarının gözündən düşməmək kimi bir düşüncə. Bu da şəxsi ləyaqət hissidir. Bu da dəyərdir.

Təhsil və tərbiyə müasir dövrdə ona görə şəxsiyyətyönümlü sayılır ki, o dəyərlərin formalaşdırılmasını qarşısına məqsəd qoyur. Aşılanan dəyərlər uşaqları və gəncləri mənən sağlam etməklə yanaşı, onları gücləndirir. Onlar öz ideallarını yaradır, xeyirxah və çalışqan, yorulmaz və cəsur olmağı öyrənirlər. Onlar çağımızın tələblərinə cavab verən peşəkarlardan olmaq üçün məqsədə sahib olur. Onlar valideynlər, vətən və bəşəriyyət qarşısında borcunu anlayır və ödəyirlər. Onlar yaxşı qonşu, iş yoldaşı, vətəndaş, əsgər, iş tərəfdaşı, ailə başçısı olurlar. Bunlara isə yalnız biliklərlə nail olmaq mümkün deyil, bunlar dəyərlərin sayəsində gerçəkləşir.

Tez-tez eşidirik: "Filankəs dəyərli adamdır". Yəni qiymətli adamdır, yəni onu sevirlər, onun əməlləri, sözləri qiymətləndirilir. O buna öz dəyərləri ilə nail olur. Dəyərlərin olmalıdır ki, sənə dəyər versinlər. Ona görə də dəyərlər təkcə mənəvi tələb deyil, müasir dövrdə sosial həyat və karyera üçün də praqmatik tələbdir. Yəni dəyərlər həm də uşaqlara və gənclərə uğur qapılarını açır. Dəyərlər sistemi formalaşmamış gənclər daim itələyici və uğursuz münasibətlərə tuş gəlirlər.

Hesab edirəm ki, bu ilə bir fürsət kimi baxılmalı, Azərbaycan məktəbinin aşılamaq istədiyi dəyərlər sistemi ilə bağlı elmi-pedaqoji konsepsiya yenidən formalaşdırmalı və bunu aşılamağın metodologiyasını müasir dövrə uyğunlaşdırmalı, bu sahədəki işlər gücləndirilməlidir.

Çünki mənəvi cəhətdən sağlam, öz idealları ilə yaşayan, xeyirxah və zəhmətkeş, yorulmaz və cəsur, dürüst və ədalətli olan, yüksək peşəkarlığa can atan, valideynləri, vətəni və bəşəriyyət qarşısında borcunu anlayan və ödəyən, layiqli vətəndaş, yaxşı qonşu, iş yoldaşı, əsgər, biznes tərəfdaşı, ailə başçısı olacaq insanları dəyərlərlə yetişdirmək mümkündür.

Dəyərlər insan şəxsiyyətinə yatırılmış itməz və inflyasiyaya uğramayan, gün-gündən faydası artan unikal kapitaldır. Doğru gələcəyin zəmanətidir. Məktəbin üzərində belə yüksək vəzifənin olması onun rolunu əvəzsiz edir.