Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirlinin AzNews.az-a müsahibəsi: Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirlinin AzNews.az-a müsahibəsi:

“Ermənistana silah verilməsi ərazi bütövlüyümüzə qarşı təhdiddir”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Elman Nəsirlinin AzNews.az-a müsahibəsi:


- Elman müəllim, Azərbaycanla Rusiya arasındakı münasibətlər hazırda hansı səviyyədədir?

- Münasibətlərimizdə strateji səviyyənin qorunub saxlanması xətti davam etdirilir. Rusiyanın özündə də çox gözəl dərk edirlər ki, Azərbaycan prezidenti müstəqil xarici siyasət kursu həyata keçirir. Hər hansı beynəlxalq siyasi dairələrin prezidentləri, beynəlxalq təşkilatların öz dövlətlərinin diqtəsi altında deyil, yalnız Azərbaycan dövlətinin milli maraqlarına söykənməklə, öz daxili və xarici siyasətini həyata keçirir. Məhz bu baxımdan da Azərbaycan heç bir halda Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb və Azərbaycana bu istiqamətdə istənilən təzyiqlərə baxmayaraq, Azərbaycan Rusiya ilə mehriban siyasətinə sadiq qalıb və bu gün də həmin siyasət davam etdirilir. Eyni zamanda Azərbaycan Rusiyaya həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi yanaşır və Dağlıq Qarabağ münaqişəsinin həlli ən birinci məsələdir. Eyni zamanda Azərbaycan Rusiya münasibətləri son zamanlar tək ikitərəfli deyil, üçtərəfli formatda da inkişaf etməkdədir. Bu yaxınlarda prezident Bakıda ilk dəfə olaraq, prezidentlərin iştirakı ilə üçtərəfli əlaqələr formatının əsasını qoyan görüş keçirdi.

Nəticə etibarilə bizim həm də nəqliyyat dəhlizlərinin və enerjinin inkişafı sahəsində də ortaq mövqeyimiz nümayiş olundu. Hər iki tərəf enerji və nəqliyyat sektorunda bir-birinə strateji tərəfdaş kimi yaxınlaşdı.

- Minsk qrupunun həmsədri kimi Rusiya münaqişənin nizamlanmasında həlledici söz sahibi olmağa çalışır. Lakin bu günlərdə Rusiyanın növbəti dəfə Ermənistana qiyməti milyard dollarlarla ölçülən ən müasir operativ-taktiki silahlar bağışlaması bəlli olub. Məlumata görə, hətta sonuncu dəfə Ermənistana ötürülən silahların dəyəri Ermənistanın dövlət büdcəsindən dəfələrlə böyükdür. Bəs bunu necə dəyərləndirirsiniz?

- Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Rusiya dövlətinin özündə müəyyən siyasi dairələr ikitərəfli münasibətlərin ümumi ovqatına uyğun olmayan, işğalçı dövləti şirnikdirən addımlar atmaqdan da zaman-zaman çəkinməyiblər. Xüsusi ilə 1997-ci ildə Rusiya Ermənistana bir milyard dollardan artıq haqqı ödənilməyən silah-sursat verib. Təəssüf ki, Rusiya hakimiyyətində belə qüvvələr bu gün də mövcuddur. Onlar imkan düşdükcə köhnə dəsti-xətlərinə sadiqlik nümayiş etdirirlər. Bununla da əslində Rusiyanın münaqişənin həllində bitərəf qalması kimi missiyasına, dabandabana zidd addımlar atıblar. Bu gün ATƏT-in Minsk qrupunun üzvü kimi Rusiya çalışmalıdır ki, tərəfsiz mövqeyini qoruyub saxlasın. Azərbaycan Rusiyadan bunu gözləyir. Eyni zamanda obyektiv mövqeyini saxlasın. Münaqişənin özü ilə bağlı konkret addımlar atsın. Təəssüf ki, Rusiyada müəyyən hərbi siyasi qüvvələr bunun əksini düşünürlər. Növbəti dəfə Rusiyadan Ermənistana ən müsair silahlarıın verilməsi faktı kimi məsələlər bu gün Azərbaycan ictimaiyyətində haqlı olaraq suallar yaradır. Həmsədr dövlətlər belə addım atmamalıdır. Belə bir addımın atılması münaqişənin həllinə deyil, onun daha da mürəkkəbləşməsinə və hadisələrin kəskin inkişafına münbit şərait yaratmış olur. İndiki halda Rusiyanın hərbi siyasi dairələrinin Ermənistana hərbi dəstək verməsi digər həmsədrlərin istəmədiyi müharibə versiyasını reallaşdıra bilər. Rəsmi Vaşiqton, Moskva da etiraf edir ki, onlar müharibəni qətiyyən istəmirlər. Əksinə vəziyyətin sülh yolu ilə həllini istəyirlər. Rusiyanın Ermənistana dəstək verməsi, hərbi həmrəylik nümayiş etdirməsi təbii ki, regionda sülh və təhlükəzilik üçün ciddi təhdid formalaşdırır. Hadisələrin bu fonunda sonrakı məsuliyyət həmin dairələrin üzərinə düşür. Azərbaycan hər zaman buna öz etirazını bildirib, ATƏT-in Minsk Qrupunun həmsədlərini tənqid edib, onları qınayıb.

Sözügedən hərbi-siyasi dairələrin addımları qətiyyən müdafiə oluna bilməz. Belə addımlar Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz üzərinə götürdüyü tərəfsizlik və neytrallıq missiyasına ziddir.

- Sizcə artıq dəfələrlə təkrarlanan bu fakt Rusiyanın obyektiv və ədalətli vasitəçi imicinə ləkə salıb, Rusiyanın özünün də daxil olduğu postsovet məkanında, xüsusən Qafqazda regional təhlükəsizliyi təhdid edirmi?

- Dünyanın bir hissəsində çox ciddi təhlükə mənbəyi yaranıbsa, digər qonşu dövlətlər özlərini təhlükəsiz hesab edə bilməzlər. Dünyada təhlükənin son dərəcə yaxın olduğunu hiss etməmək özü ən böyük təhlükədir. Təhlükəni qiymətləndirmək və ona qarşı addımlar atmaq lazımdır. Təəssüf ki, Rusiyada müəyyən dairələr hesab edir ki, bu təhlükə yalnız Qafqazda yaranıb. Xeyr, Əgər Cənubi Qafqazda alov yaranarsa, bu alovun qonşu regionlara, Şimali Qafqaza, Rusiyaya, digər regionlara transfer etməməsi mümkün deyil. Ona görə bu məsələlərdə ehtiyatlı olmaq və ona uyğun qərarlar qəbul etmək lazımdır. Rusiyanın həmsədr dövlət olduğunu nəzərə alsaq, onun Ermənistana belə müasir silah-sursat verməsini regiondakı hərbi balansın pozulması kimi dəyərləndirilə bilər. Söhbət işğalçı ATƏT-in Minsk Qrupunun üzvü olan ölkənin Ermənistana silah-sursat verməsindən gedir. Bu, tamamilə başqa bir mənzərəni yaradır. Bu, ATƏT-in səmərəli fəaliyyətinə kölgə salır. Bu isə qəbuledilməzdir.

- Ermənistanın silahla təmin edilməsi Azərbaycanın ərazi bütövlüyünə təhdid kimi dəyərləndirilə bilərmi?

- Şübhəsiz. İlk növbədə vurğulayıram ki, Rusiya Ermənistanı ən müasir silah-sursatla təmin etməklə Azərbaycanın ərazi bötövlüyünü şübhə altına salmış olur. Halbuki bu, dabandabana Rusiyanın həmsədr kimi missiyasına uyğun gəlməyən bir məqamdır. Bu, sıradan bir hadisə deyil, Rusiya dövlətinin işğalçı dövlətə hərbi dəstək məsələsidir. Biz nəyə inanaq, Rusiyanın həmsədrlik missiyasına, yoxsa işğalçı dövləti silahlandırmaq siyasətinə? Haqlı olaraq Azərbaycan ictimaiyyətində Rusiyanın həmsədr kimi fəaliyyəti ilə bağlı çoxlu suallar yaranır. Mühüm məqamlar biri də iqtisadi-siyasi, humanitar, təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə sadiq qalıb üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, nəqliyyat sahəsində çox ciddi əlaqələrə imza atıb və xüsusi ilə də Azərbaycan paytaxtında Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə üçtərəfli format yaradılması ideyasdır. Bütün bu reallıqlar fonunda Rusiyanın belə bir addım atması ilk növbədə təəccüb doğurur. Biz strateji əməkdaşlıq olan bir dövlətdən belə bir münasibəti gözləmirik. Hesab edirik ki, Rusiya hakimiyyətində olan sağlam qüvvələr Azərbaycan kimi strateji tərəfdaşla münasibətlərin korlanmasında heç bir zaman maraqlı olmayıblar.

- Bizim öz ordumuzun gücü barədə nə deyə bilərsiniz?

- Bu həqiqətdir ki, Azərbaycan artıq sadəcə müasir texnikalar almır, eyni zamanda özü ən müasir silahlar istehsal və ixrac edən ölkəyə çevrilib. Azərbaycan ordusu dünyada ən güclü ordular siyahısındadır. Ordumuz ən yüksək silah-sursatla təhciz olunub. Bunlar sözdə deyil, Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi döyüş bunları təsdqi etdi. Əgər ordumuz aprel döyüşlərində bütün potensialını ortaya qoysaydı, Ermənistan yəqin ki, məğlubiyyətin acısını yaşayacaqdı. Sadəcə Azərbaycan sülhə imza atdığından bu məsələdə yenidən sülhə getdi və atəşkəsin dayandırılmasına razılıq verdi. Azərbaycan ordusunun gücü aprel döyüşlərindən sonra daha da artıb. Ölkəmiz bu döyüşlərdən sonra daha da müasir silahlar alıb. Həm də özünün hərbi-sənaye kompleksini formalaşdırıb. Beynəlxalq sərgilərdə istehsal etdiyimiz silahlarla təmsil olunuruq. Bütün bunlar Azərbaycanın güc və potensialını ortaya qoyur. Əgər Ermənistan bu döyüşlərdən nəticə çıxarmayıbsa, çox böyük səhvə yol verib. Belə olan vəziyyətdə müharibə versiyası qaçılmaz olacaq. Növbəti dəfə isə ədalətli müharibə olacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az