Parataekvondo üzrə 3 qat dünya və Avropa çempionu Aynur Məmmədova əməliyyat olunub. Parataekvondo üzrə 3 qat dünya və Avropa çempionu Aynur Məmmədova əməliyyat olunub.

İdmançımız əməliyyat keçirdi: “Risk etdim, ölümdən qorxmurdum” - Foto

Parataekvondo üzrə 3 qat dünya və Avropa çempionu Aynur Məmmədova əməliyyat olunub.


O, bir neçə gün öncə keçirdiyi əməliyyatla bağlı AzNews.az-a danışıb:

- Aynur xanım, bildiyimiz qədəriylə bu yaxınlarda əməliyyat keçirmisiniz. Keçmiş olsun.

- Bəli, əməliyyatı idmana görə keçirmişəm. Yoxsa nəyimə lazım idi... Əməliyyatımı Dilqəm Məmmədov etdi. Hazırda üz-gözüm şişdir.

- Bu problem nədən yaranmışdı?

- Çəpər əyriliyi idi... Bu problemi idmana başlayandan sonra bilmişəm. Bu da mənə məşqlər zamanı maneə törədirdi. Ən çox da qaçış zamanı…

Əməliyyat etdirməyimdə ən başlıca səbəb tez-tez baş ağrılarımın olması idi. Beynimə oksigen çatmırdı.

Axır vaxtlar burun əməliyyatından dünyasını dəyişənlər az olmadı, o üzdən çox qorxurdum. Ölüm haqqdır, ölumdən qorxmurdum. Amma bir övladım üçün başıma heç nə gəlməsin deyə Allahdan sağ salamat evimə qayıtmağımı istədim. Arzuladım ki, onu böyüdüb, boya-başa çatdırım, başqa heç nə…

- Sosial şəbəkədə yazmışdınız ki, sizə qan lazımdır. Nəyə görə?

- Qan istəməyim mənim əməliyyat olmağımla üst-üstə düşdü. Amma qan mənə yox, xalam oğlu üçün lazım idi. Çünki o, 1 ay bundan əvvəl binadan yıxıldı, bütün daxili orqanları dağıldı və sağ qolu üç yerdən sındı. Bu da azmış kimi həkimlərin də səhvi üzündən qolunu gipsə qoydular. Amma sümük sınan yerlər birləşmədiyindən yenidən əməliyyat olunub qoluna mil qoyulmalı idi. Ona görə ona qan lazım idi. Mən də sosial şəbəkədə paylaşdım.

Sağ olsun xalqım, hər kəs mənimlə maraqlandı.

- Necə oldu ki, əməliyyatı Azərbaycanda etdirmək istədiniz?

- Düzdür, əvvəl fikrim Türkiyədə əməliyyat etdirmək idi. Amma ölkəmizdə bir çox klinikaların həkimləri ilə görüşdüm. Dilqəm həkimi isə çoxdan izləyirdim. Elə son qərarım da o həkim oldu.

- Avropa çempionatında qızıl yox, bürünc qazanmağınıza səbəb də əməliyyat idi?

- Bildiyiniz kimi yarışdan yeni qayıtmışam. Bu yarışdan qızıl gətirə bilmədim. Amma buna məyus deyiləm. Bilirdim belə olacağını. Çünki mən yetərincə məşq keçməmişdim. Bunun da səbəbləri var idi.

İndi hər sahədə açıq bazardır. 2 aya da mən heç bir şey edə bilməzdim. Polşaya da getdim möhkəm soyuqladım, əzələlərim yığıldı, işləyə bilmədim. Uduzduğum rəqibimi keçən il dünya çempionatında 6:1 hesabıyla məğlub etmişdim. Bu dəfə isə yarımfinalda həmin idmançıya 2:1 uduzdum. Eybı yox, yazıqdırlar, qoy bu dəfə də onlar çempion olsunlar (gülür).

- Hazırda vəziyyətiniz necədir?

- Hazırda vəziyyətim tam yaxşıdır deməzdim, çünki şiş içindəyəm. Gecələr də yatanda əziyyət çəkirəm, boğuluram. Çoxlarına asan gəlir ki, burun əməliyyatıdır, nə var ki burda. Amma asan olmadı, 3 saat əməliyyatda qaldım. Bəziləri də elə bilir mən estetik əməliyyat etdirmişəm. Amma mən onun əleyhinəyəm, heç mənim ehtiyacım da yox idi. Həmişə məndən soruşurdular ki, burnunu əməliyyat etdirmisən? Deyirdim yox, öz anadangəlmə burunumdur (gülür). Əməliyatın böyüyü kiçiyi olmur, bıçaq altına girirsənsə hər an ölüm deməkdir. Allah heç kimə göstərməsin.

- Həkim tam sağalmağınızla bağlı nə deyir? Məşqlərə nə vaxtdan başlaya biləcəksiniz?

- Mənim bundan sonrakı halım daha qorxuludur. Çünki mən risk etdim, indi isə hər an özümü zərbədən gözləməliyəm. Uzaq olsun, bir dəfə mənə zərbə dəysə, burnum düşəcək yerə... (gülür)

Bir az öncə də dediyim kimi, yarışdan yeni qayıtmışam deyə tez əməliyyat etdirdim ki, növbəti yarışa qədər özümü bərpa edə bilim. Hələ iki ay məşq edə bilmərəm.

Ondan sonra məşqlərimə başlayacağam. Növbəti yarışımız may ayındadır. Yenə də Avropa çempionatıdır. Bu dəfə çempionatı mən qazanmalıyam.

Aygün İLQARQIZI