Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Polis əməkdaşlarına əl qumbarası atıblar” - Şahid ifadəsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, Abbas Hüseynovun məhkəməyə müraciəti daxil olub.

Hakim onun iştirakının təmin olunduğunu deyib və A. Hüseynova xəbərdarlıq edib: "Nəyəsə etirazın olsa, vəkillərinə bildir, onlar da qanun çərçivəsində bizə müraciət etsinlər".

A. Hüseynov isə heç bir qaydanı pozmadığını, zərərçəkmiş kimi ifadə verən polislərə istiqamətverici suallar verilməsinə etiraz etdiyini deyib.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Salmanov ifadə verib. O, Taleh Bağırovla bağlı daxil olmuş məlumat əsasında əməliyyat keçirdiklərini deyib. Bildirib ki, hadisə zamanı Cahad Babakişizadəni zərərsizləşdirib.

Zərərçəkmiş şəxs qismində tanınmış Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Salmanov Ramil İsrafil oğlu iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, işlədiyi Baş İdarəyə daxil olmuş məlumatda Nardaran qəsəbəsində yaşayan, "Müsəlman Birliyi Hərəkatı"nın sədri, əvvəllər məhkum olunmuş Bağırov Taleh Kamil oğlunun Azərbaycan Respublikasının dövlət hakimiyyətini zorla ələ keçirmək, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətmək məqsədi ilə digər şəxslərlə əlbir olaraq qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə yaradıb. Bu məqsədlə Nardaranda T. Bağırovun yaşadığı evdə əməliyyat keçirilməsi haqqında qərar qəbul edilib.

O, əməkdaşlarla birgə həmin evin həyətinə daxil olan zaman həyətdə və həyətdəki evdə olan şəxslərin polis əməkdaşlarının həyətə daxil olmasından xəbər tutaraq əməliyyat qrupu üzvlərinə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər onlar olduğu istiqamətdə əl qumbarası atıblar. Bu zaman polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev öndə olduqlarından partlayan qumbaranın qəlpələri və açılmış atəşlər ilə yaralanıblar. O, həyətə daxil olarkən həyətdə, sağ tərəfdə və sol tərəfdə yerləşən evdə əllərində qumbara, bıçaq, xəncər, nunçaqi, odlu silahlar və s. olan şəxsləri görüb. O, həyətə daxil olduqda bir nəfər əlində olan nunçaqini qarşısında sağa-sola hərləyərək ona və digər polis əməkdaşlarına müqavimət göstərib, yaxınlaşmağa qoymayıb. Qeyd etdiyi şəxsin digər əlində isə qumbara olub. Həmin şəxs onun tərəfindən zərərsizləşdirilərək qumbara əlindən alınıb. Zərərsizləşdirdiyi şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən onun Babakişizadə Cahad Bala-Hüseyn oğlu olduğu məlum olub.

O, prosesdə prokurorun suallarını cavablandıran zaman deyib ki, əməliyyat keçirilən evdə uşaq və qadın görməyib. Vəkillərin suallarının əksəriyyətinə isə "xatırlamıram" cavabını verib.

Vəkil Nemət Kərimli onda yaddaş pozğunluğu olduğunu deyərək bununla bağlı vəsatət vermək istəyib. Lakin hakim vəsatətin dindirmə başa çatandan sonra müzakirə ediləcəyini deyib.

Taleh Bağırov şahiddən əməliyyat zamanı videoçəkiliş aparılıb-aparılmamasını soruşub. O, çəkiliş aparılmasını görmədiyini deyib. Fuad Qəhrəmanlı isə şahidin yalan ifadə verdiyini bildirib. Hakim isə hər şeyi eşitdiklərini söyləyib: "Siz nədən narazısınız? Açıq proses keçirilir, hər şey yazılır".

Daha sonra C. Babakişizadə şahidə nalayiq əl hərəkətləri göstərərək onu təhqir edib.

Hakim C. Babakişizadənin zaldan çıxarılması haqqında göstəriş verib. O, zaldan çıxarılıb və həmin şahidin dindirilməsi dayandırılıb.

Hakim bir daha təqsirləndirilən şəxslərə xəbərdarlıq edərək bildirib ki, edilən hərəkət məhkəməyə qarşı hörmətsizlikdir və istənilən bütün hərəkət məhkəmə tərəfindən qiymətləndiriləcək.

Vəkil Yalçın İmanov isə şahid Ramil Salmanovla bağlı ekspertiza təyin olunmasını istəyib və bildirib ki, həmin şəxsin hadisələri xatırlayıb, qavraması sual doğurur.

Hakim vəsatətin sonra müzakirə ediləcəyini deyib.

Yalçın İmanov daha sonra bildirib ki, 22-23 sentyabr tarixilərində keçirilən məhkəmə iclas protokolları ilə tanış olmaq istəyir. O qeyd edib ki, hakim vəkillərdən həmin gün Vəkillər Kollegiyasına şikayət edib və hesab edir ki, iclas protokolları təhrif edilib. O, kollegiyaya göndərilən şikayətin onlara da təqdim edilməsini istəyib. Hakim protokol hazır olduqdan sonra tanışlığa şərait yaradacaqlarını, onlardan kollegiyaya şikayət yox, məlumat yazdığını deyib. Bildirib ki, kollegiyadan həmin məktubu alıb tanış ola bilərlər.

Daha sonra iclasda BMCMİ-nin əməkdaşı Firuz Mehdiyev ifadə verib. O, ifadəsində əməliyyat zamanı bir nəfəri zərərsizləşdirdiyini, həmin şəxsin Əbülfəz Bünyatov olduğunu deyib.

Zərərçəkmiş şəxs qismində tanınmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Mehdiyev Firuz Zahir oğlu iş üzrə ibtidau istintaq zamanı verdiyi ifadəsində göstərib ki, hal şahidləri Asif Əliyevin və Elnur Əhmədovun iştirakı ilə onun tərəfindən saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən məlum olub ki, həmin şəxs Bünyatov Əbülfəz Heybət oğludur. Baxış keçirilərkən Əbülfəz Bünyatovun polis əməkdaşlarına müqavimət göstərərkən sinə və döş qəfəsi nahiyələrində xəsarətlərinin olması aşkar edilib, ondan bir ədəd "HP" markalı kompüter və bir ədəd "İ-life" markalı planşet aşkar edilərək götürülüb.

Abduləliyev Şamil Adil oğlu isə əlində olan süngü bıçağı ilə əməliyyat qrupunun üzvlərinə doğru hərəkət edib polis əməkdaşlarına xəsarət yetirməyə çalışıb, həmin şəxsin əlindən bıçaq alınarkən müqavimət göstərərək cibində olan qumbaranı çıxarıb atmaq istəyərkən əlindəki qumbara ilə hadisə yerində olan əməliyyat qrupu üzvlərinin həyatı üçün real ölüm təhlükəsi törətmək imkanları nəzərə alınaraq ona qarşı polis əməkdaşları tərəfindən odlu silah tətbiq edilib. Şamil Abduləliyev müqavimətini davam etdirərək qumbaranı vermək istəməsə də, polis əməkdaşı Müslüm Tarverdiyev ona qarşı idman fəndi işlədərək yerə yıxıb əlindəki qumbaranı alıb. Əməliyyat zamanı xəsarət almayıb.

Daha sonra prosesdə prokurorun suallarını cavablandıran F. Mehdiyev onlara neçə nəfərin atəş açmasını bilmədiyini deyib. Vəkil Yalçın İmanov ondan Ə. Bünyatovun necə xəsarət alması haqında soruşub. Şahid bunu bilmədiyini deyib. F. Mehdiyev hadisə zamanı xəsarət almasa da, mənəvi zərər çəkdiyini, hər hansı üzləşmə və tanımalarda iştirak etmədiyini söyləyib.

Proses sentyabrın 30-da davam edəcək.

APA.az