Bir çox hallarda banklar tərəfindən vətəndaşların kredit borcuna görə əmək haqqlarının tam şəkildə tutulmasına rast gəlirik. Bu düzgündürmü? Bir çox hallarda banklar tərəfindən vətəndaşların kredit borcuna görə əmək haqqlarının tam şəkildə tutulmasına rast gəlirik. Bu düzgündürmü?

Kreditə görə bank əmək haqqınızı tam tuta bilərmi?

Bir çox hallarda banklar tərəfindən vətəndaşların kredit borcuna görə əmək haqqlarının tam şəkildə tutulmasına rast gəlirik. Bu düzgündürmü?


Məsələ ilə bağlı "Total Consulting" MMC-nin hüquqşünası Pərviz Hüseynova müraciət etdik. Hüquqşünas AzNews.az-a bildirdi ki, bu, insanları ən çox narahat edən və onların sosial vəziyyətinə mənfi cəhətdən birbaşa təsir edən məsələdir: "Ümumiyyətlə vətəndaşların pul vəsaitindən, o cümlədən əmək haqqlarından məcburi tutmalar "İcra haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Həmin Qanunun 65-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Hətta bir neçə icra sənədi olsa belə, əmək haqqından 50 faizdən yuxarı tutula bilməz".

Hüquqşünas bildirdi ki, banklar öz təşəbbüsü ilə, icra sənədi olmadan vətəndaşların əmək haqqlarından tutmalar edərkən böyük problemlər yaranmağa başlayır: "Əksər problemlər əmək haqqını kredit götürdüyü banklar vasitəsilə alan şəxslərdə yaranır. Belə ki, banklar kredit verdiyi şəxslərlə və onların zaminləri ilə bağladıqları müqavilələrə əsaslanaraq, kredit borclarında gecikmə yarandığı halda, onların hesabına daxil olan əmək haqqlarını tam şəkildə tuturlar. Banklar buna etiraz edən müştərilərinə, Mülki Məcəllənin 964-cü maddəsini göstərirlər. Həmin maddədə deyilir ki, bank ilə müştəri arasında əvvəlcədən bağlanmış müqavilə əsasında, bank hesabdan tutulmaları həyata keçirə bilər".

Pərviz Hüseynovun sözlərinə görə, əvvəllər bu məsələ ilə bağlı hüquqşünaslar arasında müxtəlif fikir ayrılıqları olsa da, bu yaxınlarda banklara nəzarət edən Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə öz qəti mövqeyini ortaya qoyub: "Belə ki, Palata tərəfindən banklara göndərilən məktubda heç bir halda, hətta borcluların həmin şəxslərin kredit və zaminlik müqavilələrində belə razılıq olsa belə, əmək haqqlarının 50 %-dən artıq hissənin tutulmasının qadağan edildiyi aydın şəkildə göstərilmişdir. Amma bəzi banklar bu göstərişə məhəl qoymadan müştərilərin əmək haqqını tam şəkildə kredit borcuna silirlər. Bildirmək istəyirik ki, "Banklar haqqında" Qanuna əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının göstərişləri banklar üçün məcburidir. Nəzərinizə çatdırırıq ki, heç bir bank tərəfindən bu göstəriş mübahisələndirilməmiş və ləğv edilməmişdir, deməli banklar bu göstərişə əməl etməlidirlər. Hesab edirik ki, Palatanın bu məsələ ilə bağlı mövqeyi konstitusion prinsiplərə uyğundur və sosial xarakterlidir. Belə ki, dövlət öz məcburetmə tədbirləri vasitəsilə ilə belə, vətəndaşın əmək haqqından 50 %-dən yuxarı tutmağa icazə vermirsə, bu özü Azərbaycan Konstitusiyanın tələblərinin qorunmasıdır. Konstitusiyanın 16-cı maddəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Deməli Bankların vətəndaşlar ilə bağladığı müqavilələrdəki istinad etdikləri yazılı razılıqlar, Konstitusiyanın yuxarıdakı tələbinə ziddir. Bu səbəbdən də onların əmək haqqından 50 %-dan yuxarı məbləğin tutulması qanunsuzdur. Nəticə etibarı ilə banklarda kredit borcuna görə, borclunun və zaminin əmək haqqlarına yönəltmək həyata keçirərkən, 50 % həddi qorumalıdırlar. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, əmək haqqı alan təbəqənin yeganə gəlir mənbəyi, məhz onun əmək haqqısıdır. Dövlətin və onun təsis etdiyi Maliyyə Bazarlarına Nəzarət Palatasının göstərişidə məhz bunu dəstəkləyir. Ümumiyyətlə isə təklif edərdik ki, Mülki Məcəlləyə bank hesabına daxil olan əmək haqqlarından tutulmalar ilə bağlı müvafiq dəyişikliklər edilsin".

"Belə hallar baş verdikdə, vətəndaşlar hansı addımları atmalıdır?" sualına cavab olaraq hüquqşünas bildirdi ki, Vətəndaşlar yuxarıda qeyd olunan pozuntular ilə qarşılaşarlarsa, onların Maliyyə Bazarlarına Nəzarət Palatasına və peşəkarlar hüquqşünaslara müraciət etmələri tövsiyyə edilir.

Total Consulting MMC
Ünvan: Təbriz küçəsi 100A, Bakı, Azərbaycan
Tel: (+994 12) 496 19 17; Faks: (+994 12) 496 06 22
Mob: (+994 55) 230 65 44