Əməkdar idman ustası, əməkdar məşqçi, kikboksinq üzrə 22 qat dünya çempionu, məşhur idmançı Eduard Məmmədov növbəti yarışa hazırlaşır. Əməkdar idman ustası, əməkdar məşqçi, kikboksinq üzrə 22 qat dünya çempionu, məşhur idmançı Eduard Məmmədov növbəti yarışa hazırlaşır.

Eduard Məmmədov: “Biz belə danışmamışdıq axı...”

Əməkdar idman ustası, əməkdar məşqçi, kikboksinq üzrə 22 qat dünya çempionu, məşhur idmançı Eduard Məmmədov növbəti yarışa hazırlaşır.


"Ağ canavar" ləqəbli kikboksçu yarış və hazırlıq durumu ilə bağlı AzNews.az-a müsahibə verib.


- Eduard bəy, hazırlığınız nə durumdadır?
- Bildiyiniz kimi, peşəkarlar arasında yarışımız yeni başa çatıb. Ölkəmizdə keçirilən peşəkar yarışın kəmərinin sahibi olmuşam. Müxtəlif versiyalar üzrə dünya çempionatlarına qatılıram. Bilirsiniz ki, WAKO versiyası üzrə dünya və Avropa çempionu olmuşam. Oktyabrın 25-dən 31-nə kimi İtaliyada keçirilən WKA versiyası üzrə dünya çempionatına yollanacam.

Yarışa Azərbaycan Kikboks Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin və vitse-prezident Güloğlan Cabbarovun rəhbərliyi altında qatılırıq. Bu yarış üçün xüsusi olaraq 3 idmançı seçilib.

Məndən başqa "prins" ləqəbli Kamil Şərifov və Fuad Zeynalov da bu yarışda iştirak etmək üçün gedir. Adil Əliyev özü də veteranlar arasında döyüşəcək. Bu bizi çox sevindirir. Adil müəllim artıq 2-3 il idir ki, döyüşmürdü. Fasilə vermişdi. Amma artıq qayıdıb, məşqlər edib.

Hətta Güloğlan Cabbarov da bu yarışda veteranlar arasında döyüşəcək.

Mənim üzərimdə də seçim oldu. Mən də veteranlar arasında döyüşə bilərəm, yaşım da buna imkan verir. Amma hələ ki veteranlar arasında döyüşmürəm. Çünki özümü hələ gənc sayıram.



- Milli komandanın ən qocaman idmançısı sizsiniz?
- Elədir. Bildiyiniz kimi 1995-ci ildən Federasiya yaranıb. Həmin ildə ilk dəfə mən Azərbaycan çempionu olmuşam. O vaxtdan bu günə qədər mən döyüşürəm, nəticə də göz qabağındadır.

- "Artıq veteranlarda döyüşün" demirlər?
- Bu dünya çempionatı üçün də mənə şans düşüb. Hər ölkədən bir nömrəli idmançılar gedir. Mənim çəkimdə - 60 kq-da WAKO versiyası üzrə Avropa çempionatına başqa idmançı gedir. Mən də dünya çempionatına qatılıram. Kik-kontakt stilində döyüşəcəm.

Düzdür, mən məşqçi kimi də qatılıram. Ümumiyyətlə, 4-5 idmançı tələbəm var ki, onların da üzərində məşqçi kimi gedirəm. Bizim bir məqsədimiz var, bu yarışa qatılıb nəticə verək, bayrağımızı qaldıraq.

Onu da qeyd edim ki, 2 il öncə çempionatın baş tutduğu İtaliyanın Karara şəhərində olmuşuq. Orada mən lou-kik stilində dünya çempionu olmuşdum. Həmin şəhərdə yarış yüksək səviyədə təşkil olunduğu üçün yenə dünya çempionatını həmin ölkəyə salıblar.

- Zədə problemi ilə qarşılaşmamısınız?
- Axırıncı peşəkar yarışımda ayağımda və əlimdə zədələrim yaranmışdı. Bir az çətinliyimiz olmuşdu. Buna baxmayaraq, məşqlər zamanı problem olmasın deyə özümü qorudum. Düşünürəm ki, yarış zamanı mənə təsir etməz. Çəkim də normaya düşüb.

- Rəqibləriniz barədə məlumatınız varmı?
- Bilirəm ki, bu yarışa güclü rəqiblər gələcək. Ümumiyyətlə bütün idmançılara böyük hörmətim var. Amma bir idmançıya konkret olaraq hazırlaşmıram. Onlar mənə görə hazırlaşır, bilir ki mən də döyüşəcəm.



Hazırlığımdan razıyam. Uzun illərdir Çingiz Eyvazovla çiyin-çiyinə məşq edirik. O bizim yığmanın baş məşqçisidir, həm də mənim şəxsi müəllimim... Düzdür bu yarışa o bu dəfə mənimlə birlikdə getmir. Çünki o WAKO-nun Avropa çempionatına Sloveniyaya gedir.

Tələbəm Anar Məmmədov gənclər arasında Dünya və Avropa çempionudur. 2 il kişilər arasında dünya çempionatının ikincisi olub. O, artıq gənclərdən kişilərə adlayıb. Sloveniyada da kişilər arasında vuruşacaq.

- Çingiz müəllim bildirib ki, "mənim "passport"um Eduarddır". Bəs siz nə deyərdiniz?
- Çingiz müəllim mənim üçün hər şeydir. İlk növbədə mənim müəllimimdir. O, tək idmanda yox, həyatımda da müəllimlik edib mənə...

Çingiz müəllimlə 14 yaşımdan bir yerdə, çiyin-çiyinəyik. Artıq 20 ildən çoxdur. Yenə deyirəm, Çingiz müəllim həm mənim müəllimimdir, həm dayımdır, həm qardaşımdır... Bir sözlə o mənim üçün çox doğma bir insandır. Hazırda özüm məşqçi də olsam həmişə onun məsləhətlərinə qulaq asmışam. Sağ olsun ki, mənim haqqımda belə bir fikir bildirib. Çingiz Eyvazov bizim ağsaqqalımızdır, böyüyümüzdür. Biz həmişə onunla fəxr etmişik.

- İllərdir kikboksdasınız. Bu sahədə də təcrübəniz həddindən çoxdur. Maraqlıdır bəs Çingiz Eyvazov məşq zamanı sizə də qışqırırmı?
- Arada bir elə danlayır ki... Normal qəbul edirəm. Düzdür arada bir-birimizdən incəyirik. Amma çox çəkmir, elə məşq zamanı da barışırıq.

Bir də görürsən ki raundları artırır, dəqiqələri çoxaldır. Bax bu zaman deyirəm Çingiz müəllim biz belə danışmamışdıq, belə olmaz axı .. (gülür)



- Eduard bəy, bəs özünüz hazırlaşdığınız zaman tələbələrinizə necə diqqət yetirirsiniz?
- Düzdür, çox çətindir. Çətindir ki, bir rinqdə özün döyüşürsən, o bir rinqdə tələbələrin...

Çalışan qədər maksimum halda nəzarət edirəm. Həmişə demişəm ki, kənarda sizinlə dostam, dost-qardaş...

- Onların yaxşı çıxış etməməyi sizin döyüşünüzə də təsir edə bilərmi, kefinizi pozarmı?
- Əlbəttə... Məşq edəndə o qədər yorulmuram, nəinki məşq keçərkən... Məsələn özüm məşq edəndə bir stəkan su içirəm, amma tələbələrimi hazırlaşdırarkən çox su içirəm. Yəni o qədər danışıram, qışqırıram, tələb edirəm ki, yoruluram.

Məşqçi komandir rota kimi olmalıdır, həmişə tələb etməlidir. Tələb etməsə nəticə olmayacaq.

- Bəs sizin qışqırmağınızdan, tələbinizdən inciyənlər olubmu?
- İnanmıram ki incisinlər. Yəqin ki, ürəyində olub, amma bildirməyib, üzə vurmayıb.

Aygün İlqarqızı