“Xalq ulduzu” yarışmasının iştirakçılarından olan Şəhla Həmidovanın AzNews.az-a müsahibəsi: “Xalq ulduzu” yarışmasının iştirakçılarından olan Şəhla Həmidovanın AzNews.az-a müsahibəsi:

“Sənəti yoxdur deyə, şəxsi həyatını gündəmə gətirir” - “Xalq ulduzu”ndan ittihamlar

“Xalq ulduzu” yarışmasının iştirakçılarından olan Şəhla Həmidovanın AzNews.az-a müsahibəsi:


- Şəhla xanım, bu günlərdə bəstəkar-müğənni Elza Seyidcahanla aranızda qalmaqal yaşanmışdı. Sizin "İmkanı, yaxşı şəraiti halal pulla əldə etmək olmur. Kim evi, imkanı əldə edibsə, haram pulla əldə edib" fikriniz sənət dünyasında narazılıq yaratdı.

- Mən sözün düzünü demişəm. Bu söz kimdəsə narazılıq yaradıbsa, onun öz işidir. Yalan deyil, reallığı demişəm, hər sey göz qarşısındadır. Ev, maşın almaq olar, amma bunun üçün müəyyən qədər işləmək lazımdır. Nə qədər illərini verməlisən ki, istədiyinə nail olasan. Halal zəhmətlə nəyəsə nail olmaq üçün 20 il belə azdır. Amma bir-iki il efirə çıxıb, sonra isə fəxrlə də evim, maşınım var demək gülməli görünür. Hamımız Azərbaycanda yaşayırıq.

- Sizin bu açıqlamanız ən çox bəstəkar-müğənni Elza Seyidcahanı özündən çıxarıb...

- Birincisi, Elza xanım müğənni deyil, bəstəkardır. Bəstəkar kimi onun yaradıcılığına mənim heç bir şübhəm yoxdur və heç bir söz demirəm. Açığı, ona mənim ixtiyarım da çatmır. Elza xanımın mənim ünvanıma efirdə dediyi sözlər var: "Mən düşünürdüm ki, Şəhla xanımın müsabiqədən sonra səsi çox yuxarılardan gələcək. Amma çox təəssüf ki, mən onu restoranlarda gördüm". Mən bunu eşitdim, çox pis oldum. Necə yəni? Azərbaycanda müğənninin yeri yaşadığı evi, bir də restoranlardır. Bu saat hansı müğənnini axtarsan, onu restoranlarda tapacaqsan. Bundan əlavə, müğənnini harada görmək olar? Bizim pulumuz hardan gəlir? Sənət adamlarının pul qazandığı yer toy və restoranlardır. Mən bilmirəm daha onun başqa yerdən gəliri var ya yox. Bu sözü deyəndə sonranı da düşünmək lazımdır. Adamı yandıran odur ki, düz söz qəbul olunmur.

- Niyə reallıq qəbul olunmur?

- Bu əvvəldən belədir, heç vaxt düz söz qəbul olunmayıb. Elə ona görə bu gündəyik. Heç bir müğənninin ünvanına nəsə deməmişəm. Qalmaqalı da sevmirəm. "Xalq ulduzu" müsabiqəsinin başa çatmasından görün nə qədər vaxt keçib. Əlimdə qalmaqallı çox faktlarım olub, lakin heç vaxt ondan istifadə etməmişəm, könlüm razı olmayıb. Demişəm ki, məni sevən səsimə görə sevsin. Bundan ilham alıram. Mən həmin sözləri nə Elza Seyidcahana, nə də hər hansı müğənniyə ünvanlamışam. Sadəcə olaraq reallığı demişəm. Müğənniliyə başlamaqlarının iki ili tamam olmamış "hər şeyə sahib olmuşam" deməklə sənəti cılızlaşdırmasınlar. Sənət başqa şeydir. Sənət nə bağla, nə də villa ilə ölçülür. O, uca bir şeydir, onu Allah hər kəsə vermir. Kiminsə ünvanına nəsə deyəndə birinci özünü düşünməlisən. Mən özümə rəva bilmədiyimi başqasına da demərəm. Qaldı ki, kiməsə əxlaq dərsi verməyə, o, mənə aid olan iş deyil. Hər kəsin öz həyatı və ailəsi var. Gözəl ailələr var, mən onlara həmişə həsəd aparmışam. Yalnız elə ailələr məsləhət verə bilər.

- Şəhla xanım, şou-biznesdə də böyük monopoliyanın olduğu deyilir. Siz necə düşünürsünüz?

- Kimin hardan gücü çatır, ordan dartır. Mən bu manopoliyanın içində deyiləm. Kimlərində toylarına düşmək üçün dəridən-qabıqdan çıxanlar var. Mən pula görə alçalmaram, heç buna fikrim də yoxdur. Bu günə kimi də heç kimə toy qiyməti oxumamışam. Mən canlı oxuyuram, başqaları kimi fonoqram yox. Toyda fonoqram olar? Müğənnilərin çoxu fonoqram oxuyur. Ən dəhşətlisi isə onların qiyməti və hörməti həmişə yüksək olub və olacaq da. 10-15 minə toya gedənlər var, şans başqa şeydir. Gərək o həmişə səndən əvvəldə getsin. Şansı olan bəxtəvər adamlardır. O şans məndə yoxdur. Yenə bu günə də şükür, heç kəsin yanında gözükölgəli deyiləm, ünvanıma, əxlaqıma xoşagəlməz nəsə deyilməyib. Öləndə kim nə aparır ki? Gedən canın olur, bir də adın qalır. Elə yaşamaq lazımdır ki, öləndə sənə ürəkdən rəhmət oxusunlar, söyməsinlər.

- Efirlərə dəvət alırsınız?

- Hə, bəziləri dəvət edir. Pullu efirlərdən dəvət də gözləmirəm. Heç ona mənim imkanım da yoxdur. Çox şükür edirəm ki, bu gün efirdə olmasam da tanınıram. Amma elələri var ki, illərdir sənətdədir, adı heç it dəftərində də yoxdur. Yaxşı ki, sosial şəbəkələr var. Tanınmayanlar da onun vasitəsi ilə məşhur olub. Amma səhifələri də ağılla idarə etmək lazımdır. Verilişlərim olanda mən də yerləşdirirəm, şəbəkə istifadəçiləri də fikirlərini yazırlar. Sosial şəbəkədə də sənin tamaşaçıların, fikirlərin olmalıdır. Hamının iç üzü şəbəkədə açılır. Yetişən nəsil üzdə, efirdə olan kəslərdən əxlaq götürür. Mənim də baxdığım sənətkarlar olub - Zeynəb Xanlarova, Rübabə Muradova. Biz onlara baxaraq yetişdik. İndi isə ancaq bir-birinin ardınca dedi-qodu, qalmaqal... Bütün biabırçılıqları edirlər. Hər şey göz qarşısındadır. İnsan əxlaq normalarını keçməməlidir. Hamının şəxsi həyatı var, onu gündəmə gətirmək normal deyil. İndikilər sənəti yoxdur deyə şəxsi həyatını gündəmə gətirir. Avropalaşmaq gözəldir, amma bunu sənətlə edək, soyunmaqla yox.

Bahar RÜSTƏMLİ
AzNews.az