Sevda Sultanova Sevda Sultanova

Qadın döyülürsə günah qadınlardadır

Sevda Sultanova


Nənə oğlan nəvəsinə daha çox xüsusi qayğı və sevgiylə yanaşır.

Analar var ki, evdə yeməyin ən yaxşı tikəsini qızına yox, oğluna verir.

Qardaş bacıya hansısa davranışına görə təpki göstərəndə, ana oğluna qahmar çıxır. Hətta belə bir cinayət hadisəsi haqda xəbər yayılmışdı: bacını bıçaqlayan qardaşa ana haqq qazandırmışdı.

Yaxud qadın əri tərəfindən döyüləndə, incidiləndə, yaşlı xalalar, bibilər məsləhət verir: ər arvadını sevər də, əzizləyər də, döyər də, söyər də.

Qardaş bacısını ondan icazəsiz evdən çıxdığına və telefonunda kişi fotosu gördüyünə görə bıçaqladığını deyir, bir qisim xanım istifadəçi onu müdafiə eləyir.

Qayınana oğlu ilə birləşib gəlini oğlan yox, qız doğduğu üçün evdən qovur.

Bu günlərdə soial şəbəkələrdə gündəlik xəbərə çevrilən qadın qətlləri daha aktiv şəkildə qınanılır.

Hərçənd, yuxarıdakı misallardan gəlinən qənaət onu deyir ki, ailədəki zorakılıq eyni zamanda qadının ailə baxışlarına dayanır.

Yenə filosof Həsən Quliyevin "Arxetipik azərilər: mentalitein simaları" əsərinə istinad eləmək istəyirəm. H.Quliyev yazır ki, paternalist (Paternalizm, latın sözüdür, ata, atalıq deməkdir -bu idarəcilik sistemində atanın tərbiyəsi və nəzarəti əsasdır) həyat tərzinə baxmayaraq, ənənəvi azərbaycanlı ailəsi daha çox arxaik matriarxatın qalıqlarına söykənir və qadının ailənin təşkilində, ənənənin qorunub saxlanmasında rolu böyükdür.

Bu günədək qadının evdə kişi, oğul dominantlığına baxışının sabit qalmasında, onu normal qəbul eləməsində paternalizm dərin izlər (yəni, kişinin ailədəki önəmi, onun nəslin davamçısı, qoruyucusu olması) qoyub. Kişimərkəzçi dünyagörüş həmişə təlqin edib: ailədə kişi yoxdursa, oğlan uşağı doğulmursa qadın güvənsizlikdədir, qadının təhlükəsizliyinin tək təminatçısı (qanun yox!!!) kişidir və qadın təkbaşına problemlərlə, baş edə, onun öhdəsindən gələ bilməz. Ərinin şiddətinə boyun əymək, oğlan uşaqlarına ananın xüsusi diqqəti də qadının özünümüdafiə instinkti, güvənsizliklə bağlı problemlərin qanunla həllinə bel bağlamaması, insamsızlığı, iqtisadi müstəqilliyinin olmaması, sosial təminatsızlığıdır. Yəni qadın üçün kişi düşmən çəpəri, sığınacaq yeri, maddi təminatdır.

Oğlanlara xüsusi diqqət, sevgi bəsləməklə uşaqlıqdan onların üzərinə böyük məsuliyyət, yük qoyulur, ona anasına, bacısına, atasına görə cavabdehlik, ailənin şərəfinin, ləyaqətinin daşıyıcısı, müdafiəçisi olduğu aşılanır.

Şərəfin, ləyaqətin qəbilə təfəkkürü sərhədləri çərçivəsində aşılanması isə cəmiyyətdə məişət cinayətlərinə yol açan səbəblərdən biridir.

H.Quliyev dəqiq analiz eləyir: "...ailə kişi kultunu qorumaqla ona mental həyat tərzini qəbul etdirir: yalnız daim ailənin firavanlığı üçün işləyən və öz enerjisini (qismətini) icma ənənələrinin davam etməsinə sərf edən şəxs ailəsi və nəsli üçün "əsl kişi"yə çevrilir. Yalnız əsl kişi ailə xətrinə şəxsi itkilərə və cinayətlərə yol verər, təhqirlərə dözər. Ailənin firavanlığına xidmətdən kənarda kişinin əsl kişi olmaq şansı demək olar ki, yoxdur. Əgər bu və ya digər "cinayətkar" hərəkət son nəticə etibarilə ailənin əmin-amanlığına yönəlirsə ona haqq qazandırılır".

Qadına şiddətin aradan qaldırılması üçün cəmiyyətdə çox şey dəyişməlidir: sosial, iqtisadi məsələlərdən tutmuş mənəvi-tərbiyəvi-əxlaqi stereotiplərə münasibətə qədər. Və qadının özünü güvəndə hiss edə, öz ayaqları üzərində dayana bilməsi üçün həm də kişilərin özü azad olmalıdır. Çünki azad düşünə, azad ola bilməyən biri başqasının kimliyinə, şəxsiyyətinə sayğı göstərə bilməyəcək.

Lent.az