Elçin Şıxlı Elçin Şıxlı

Bakının damlarını qaldırmaq istəyirəm

Elçin Şıxlı


Ayazlı, şaxtalı payız sabahı… Pəncərənin önündə dayanıb küləyin belə erkən hardansa qovub gətirdiyi və hətta yerdə belə durmayan qupquru qar dənəcəklərinin havada uçuşmasına baxırdım. Qəribəydi, bizdə adətən qardan əvvəl yağış yağardı. İndi isə qarın elə bil hövsələsi daralmışdı – yağışa ümüdlu olmayıb qabağa düşmüşdü…

Düşündüm ki, yaxşı ki, indi isti evin içindəyəm… Və bu düşüncələr məni uzaq 70-ci illərə – Almaniyaya apardı. Əsgərliyimi orada çəkmışəm, Şərqi Almaniyada. Dekabrın 20-ci günləriydi, Milad və Yeni il ərəfəsi. Sosialist adlandırılmasına baxmayaraq adət-ənənə elə Qərb tərəfdəki kimiydi. Bircə fərqləri daha kasıb yaşamaqlarındaydı. Amma bizdən xeyli toxuydular. Hərbi komendaturada mütərcim kimi qulluq etdiyimdən şəhərə nisbətən sərbəst şəkildə çıxa bilirdim. Yoxsa elə hərbi hissələr vardı ki, uşaqlar düz iki il meşədən başqa heç nə görmürdülər. Adı olurdu ki, Almaniyada əsgərlik çəkirsən.

Potsdam dairəsi, Berlinin 61 kilometrliyindəki, əsası XII əsrdə qoyulmuş və səkkizcə min əhalisi olanYuterboq(g) şəhəri. Elə bil Andersenin "Qar kraliçası"nı çəkmək üçün kiçicik bir pavilyondu. Başını qaldırsan, üstünü qar basmış kirəmit damlı evin çardağ pəncərəsi açılacaq və Kayla Gerdanın şən gülüşü dar küçələrdə əks-səda verə-verə buz ürəkli Kralıçanı hövsələdən çıxaracaqdı. Gözüm elə pəncərələrdəydi, amma onlarda nə Kay vardı, nə Gerda, nə də Qar kralıçası. Alman pəncərələri bir başqa aləmdi mənimçün. Pəncərələr evlərin vitrinidir o tərəflərdə. Ayrica işıqlandırması olan həmin pəncərələrə diqqət etsəniz, ev yiyələri haqda az da olsa, təsəvvür yarada bilərsiniz. Bilirəm, özgə pəncərələrinə baxmaq yaxşı deyil, amma oğrun-oğrun olsa da, baxırdım, çünki yad ölkədə idim, ev və evdəkilərçün burnumun ucu göynəyirdi. O pəncərələrdənsə isti gəlirdi, ailə ocağının istisi. İndi isə, bir anlığa, bütün bunlardan məhrum edilmiş, soyuq qış axşamları yad ölkənin, yad şəhərinin, yad küçələrində ev və vətən nisgiliylə gəzən əsgər təsəvvür edin…

Axşam-axşam hamı şəhər mərkəzindəki Bələdiyyə meydanına toplaşıb. Deyən kim, gülən kim, oxuyub rəqs edən kim. Meydanda qurulmuş Milad ağacının ətrafındakı üstüörtülü piştaxtalarda isə bayram hədiyyələrindən tutmuş bratvurstlaracan (qızardılmış sosiska) nə desəniz var. Ayazın üşütdüyü adamlarsa isti qlintveyn içmək üçün sıraya düzülüblər. Hamının kefi kökdü – bayramdı axı. Bu əlvanlıq və xoş ovqat məni də ağuşuna alıb qələbəliyə qatmışdı. Bir anlığa da olsa, əynimdə nimdaş sovet şineli, ayağımda uzunboğaz əsgər çəkməsi, başımda da ulduzlu papaq olduğunu unutdurmuşdu. Özümü dostlarımın arasında, evdəki kimi hiss etmişdim. İçim də qızmışdı. Amma birdən qulağım, sanki hardansa başqa aləmdən gələn bir səs duydu:"Bunun burda nə işi var!". Almanca deyilmiş bu kəlmə məni silkələdi. Ətrafıma, bir də özümə baxdım. Bura mənim evim deyildi və bura heç mənim yerim də deyildi. Bu bayram da mənim deyildi…

Meydanın qənbər daşları elə bil buza döndü. Soyuq iliyimə işlədi. Bayaqdan yağdığını hiss eləmədiyim qar ağzıma doldu…

***

İllər sonra XVII-XVIII əsrlərdə yaşamış fransız ədibi Alan-Rene Lesajın (Alain Rene Lesage) "Topal cin" (1707-ci il) romanını oxudum. Bu süjetin çox məşhur olduğunu sonradan bildim – atamın kitabxanasını bağa köçürəndə daha bir "Topal cin"ə (1641-ci il) rast gəldim. Müəllifi Lesaj anadan olandan əvvəl dünyasını dəyişmiş ispan dramaturqu Luis Veles de Gevara (Luis Velez de Guevara) idi. Maraqlı gəldi. Demə, eyni süjetdən istifadə edərək məşhur avstriyalı bəstəkar Frans Yozef Haydn (Franz Jozef Haydn) da öz ilk operasını (1751-ci il) yazıbmış və operaya görə cəmi-cümlətanı 25 qulden pul alıbmış! Daha sonra 1836-cı ildə Yan Koralli (Jan Koralli) balet səhnələşdirmişdi. Və nəhayət 1946-cı ildə Saşa Guitri film də çəkmişdi.

Lesajın "Topal cin"ini ilk dəfə oxuyanda əsgərlik zamanı pəncərələrə baxıb evin içində nələrin baş verdiyini təsəvvür etmək istəyim yadıma düşmüşdü. "Topal cin" isə bunu başqa cür edirmiş. O, sadəcə olaraq evlərin damını qaldırıb içəridə baş verənləri görürmüş. Çoxlarının Kupidon deyə tanıdıqları məhəbbət mələyi, demə, çirkin, balacaboy, keçiayaq və topal ciniymiş. Bunu Kleofas Peres Sambulyo adlı madridli tələbə də topal cin Asmodeyi əsir saxlanıldığı şüşə qabdan xilas etməyincə bilmirdi. Və Asmodey xilaskarını minnətdarlıq əlaməti olaraq Madridin ən yüksək qülləsinə qaldıraraq şanlı şəhərin iç üzünü ona göstərir. Kleofas, adətən, insanların boyunlarına almaq istəmədiklərindən min cildə girərək gizlətdikləri bütün zəifləri və günahlarını, qısqanclıq və xəbisliyin, təmənna, riyakarlıq, hikkə, acgözlük və şöhrətpərəstliyin cəmiyyəti nələrə düçar etdiyini görüb dəhşətə gəlir, amma heç nəyi dəyişmək mümkün deyil. Asmodey Kleofasın halını görüb söyləyir:"HARA BAXIRSAN, BEYNİ ZƏDƏLİ İNSANLAR GÖRÜRSƏN". Cin onun yalnız bir əmrini yerinə yetirə bilər. Tələbə özü üçün heç nə istəmir – yanan evdəki gənc və gözəl qızı xilas etməyi xahiş edir… və yaxşılığı hədər getmir, həmin qızla ailə qurub, xoşbəxt həyat sürür…

Bəs biz Bakının damlarını qaldırsaq, nə görərik?! Bilmirəm… Bunu sizin öhdənizə buraxıram, çünki bu, nə görmək istədiyinizdən asılı olacaq. Nə istəyəcəksizsə, həyat da sizə onun qarşılığını qaytaracaq. Hər şey öz əllərinizdədir, amma unutmayın ki, səhv etmək kimi lüksunuz yoxdur. Asmodey yalnız BİR istəyinizi yerinə yetirə bilər!

P.S. Dünyaca məşhur "Tesla" şirkətinin yaradıcısı, 2050-ci il üçün Marsda bir milyon insanın məskunlaşmasını planlayan İlon Mask günəş batareyası kimi çalışacaq dam örtüklərinin satışa çıxarıldığını elan edib.

Ayna.az