Rafiq Əliyev Rafiq Əliyev

İlahidən gələn səs

Rafiq Əliyev

Azərbaycanın mədəniyyətində və incəsənətində, ifaçılıq sənətində özünəməxsus yeri olan, tanınmış sənət sahibi Nəzakət Teymurova haqqınmda bu sətirləri "Qal sənə qurban"ın içimi yandıran həzin melodiyasının müşaiəti ilə yazmağa başlayarkən fikrim məni keçən əsrlərin 50-ci illərində Ağdamdakı Xudu Məmmədov (o vaxtkı Voroşilov) küçəsindəki evimizdə keçirdiyim uşaqlıq illərinə apardı. Şagird idim, hər səhər saat 800 – da evimizdən çıxıb Maksim Qorki küçəsinə düşüb Lenin küçəsinə keçər, musiqi məktəbinin yanından dünyanın bu gün də ən əzəmətli universitetlərindən daha uca sandığım 1№-li məktəbə dərsə yollanırdım. Məktəbə çatmamış hündür elektrik dirəyində bərkidilmiş radionun yanınnda ayda bir dəfə, bəzən iki ayda bir dəfə ayaq saxlayardım, yerimdən tərpənə bilməzdim, axı 820 konsertində Rübabə Muradova oxuyurdu. Həmin günlər dərsə də gecikərdim, bütün günü halım özümdə olmazdı. Illər keçdi, fəsillər dəyişdi, zaman başıma ağ sığal çəkdi,o küçələri də, o məbəd sandığım məktəbi də, o elektrik dirəyindəki radionu da itirdim (mənim itirdiklərim tək bunlarmı oldu, yox insanlar, insanlar...).

İndi mən dünyanın harasında oluramsa olum (Bakıda, Berlində, Vaşinqtonda, Torontoda, Berlində, Zigendə, Barselonada, Romada, İstanbulda...) ayda bir dəfə yox hər gün ayaq saxlayıram, gözümü yumub nəfəsimi dərmədən özümü məndən qoparan səsin içində əriyirəm. Bu səs Nəzakət Teymurovanın səsidir. Bu ecazkar səs məni qanadlarına alıb həqiqi Apokalipsis yaşamış qibləgahım Ağdamın həmin küçələrinə, Xındı Məmmədovun, Famil Mehdinin, Şahmar Əkbərzadənin, Fied Asifin, Ağdamın mərkəzində, Uzundərədə uyuyan 5 min əsgərin nigaran ruhları dolaşan yerlərə aparır.

Sağ olun Nəzakət xanım, yaxşı ki, Siz varsız.

Bir az optimistik notda davam etmək istərdim (optimizmə yer qalıbmı...). Millətimizin dəyərli ziyalılarından olan Xudu Məmmədovun belə bir bayatısı var

Bu qala bizim qala
Bizimdir bizim qala.
Tikmədim özüm qalım
Tikdim ki, izim qala.

Böyük sənət sahibi Nəzakət Teymurova Azərbaycan musiqi qalasına kərpic düzənlərdən biridir. Düşünürəm ki, onun izi mədəniyyət tariximizdə əbədi qalacaqdır. O, Rbabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova kimi sənətkarların ənənələrinə əsaslanaraq özünə məxsus ifaçılıq üslubu yaratmış və zənnimcə onlarla bir sırada duran sənətkardır.

Bir sənətkar kimi onu fərqləndirən əsas cəhətlər onun orjinallığı, öz dəsti–xəttinin olması, hər bir ifaya yaradıcılıqla yanaşması, yaratdığı hər bir musiqi obrazında Nəzakətə məxsus çalarların olması; çeviklik (muğam dəsgahlarının əvəzsiz ifaçısı, opera solisti kimi rəngarəngliyi və uzun ömürlüyü və s.), interaktivlik (dinləyici ilə təmasda olmaq bacarığı); fenomen virtyozluq və geniş coğrafiya – onun auditoriyası dünya səhnələridir.

Mən Nəzakət xanımın Bakıda keçirilən bütün solo konsertlərində iştirak etmişəm, onun Leyli oynadığı "Leyli və Məcnun" operasına dəfələrlə baxmışam. Yadımdadır bir neçə il öncə dövlət flarmoniyasında Teymur Göyçayevin dlijorluğu ilə kamera orkestrinin müşaiəti ilə verdiyi izdihamlı konsertində mərhum həyat yoldaşımla iştirak edirdim. Mübağiləsiz deyim ki, həm evdə, həm ictimai yerlərdə uzun müddət bu möhtəşəm konsertin müzakirəısi kəsilmirdi.

Nəzakət Teymurovanın ecazkar səsinin məni tez-tez kövrəldiyini özüm bilirəm. Onun haqqında söz düşəndə mən bir ifadəni işlədirəm: nəhəng şairi ağladan Nəzakət Teymurova. Bir il öncə yaxın dostum, nəhəng şair Ramiz Rövşənlə Nəzakət xanımın Muğam mərkəzində təşkil olunmuş solo konsertində iştirak edirdik. Həmişə olduğu kimi çox əzəmətli keçən bu konsertin axırında iştirakçıların xahişi ilə o, "Qarabağ şikəstəsi" oxudu. Halım özümdə olmasa da hərdən yanımda oturan Ramiz Rövşənə diqqət çəkirdim. Dağlar qədər dözümlü və qürurlu şairin gözlərindən yanağına süzülən damlaları sezməyə bilməzdim. Bu Nəzakətin ruhları oynadan səsinin qüdrətiydi.

1998 – ci ilin payızında ABŞ – da Atlanta şəhərində Corciya Dövlət Universitetində dərs deyərkən bir mötəbər tədbirə dəvət olunmuşdum. Hava isti olduğundan tədbir böyük bir həyətdə keçirilirdi. Görüşdə dünyanın onlarla ölkəsindən (ABŞ, Almaniya, Əlcəzair, İran, Kanada, Hindistan və s.) alimlər, praktiklər, mütəxəssislər iştirak edirdilər. Tədbir axşam saat 8 – dən tutmuş səhər saat 5 – dək davam etdi. Dünya xalqlarının musiqisindən nümunələr də təqdim olunurdu. Qəflətən bir qüvvə məni odu ilə yandığım, illər boyu həsrət qaldığım Qarabağ, Ağdam göylərinə apardı, bu Nəzakətin səsi idi. Çevrilib monitora baxanda Nəzakəti gördüm, Mənsumu və Aygünü gördüm. Bu musiqi fraqmenti "Sən bir nəğmə, mən bir nəğmə" verilişində bir iranlı professor tərəfindən kompüterə yazılmışdı və o tədbirdə təqdim olunurdu. Saydım, on barmağım kifayət etmədi, düz 11 dəfə həmin fraqment təkrar olundu. Fəxr etdim, qürur duydum Nəzakət üçün, Qrabağ üçün, Azərbaycan üçün. Mənim azərbaycanlı olduğumu bilənlərin bir sualı vardı – bu ecazkar səs hardandır, hansı torpaqdan, sudan, yoxsa ilahidən gələn səs?

Nəzakət Teymurovanı hər dəfə dinlədikcə mənə bir daha aydın olur ki, xalqın yaratdığı nə varsa, hamısı bir kökə, bir mənəviyyata bağlıdır. Bu torpağın havası, suyu, onun övladlarının sevinci, qəmi, kədəri muğamlara, mahnılara hopub.

Nəzakət xanımın "Segahında" nə qədər yanğı varsa, o qədər də məhəbbət hissi var, "Rast"ında mərdlik və gümrahlıq, "Sur"unda şən, lirik əhvalruhiyyə, "Bayatı – Şiraz"ında qəmginlik olsa da o, ağ – qara oxumur, onun səsinin spektrinin minlərlə çaları, rəngi var. Mən bunu elə - belə demədim. Dünyada hər şeyin rəngi var, səsin, ömrün ayrı – ayrı çalarlarının. Aristotel (b.e.ə. 384-322-ci illər) "Ruh haqqında" traktatında yazır ki, rənglər öz aralarındakı cazibəli ayarlığa görə musiqi səsləri ilə müqayisə edilə bilər.

Düşünürəm ki, mən, həm də tək mən yox, minlər, milyonlar Nəzakət Teymurovanın səsini həm eşidir, həm də görür, axı o səs insanı rəngarəng başqa bir dünyaya aparır.

O ki, qaldı ömrün ayrı – ayrı çağlarının rənginə: uşaqlıq – al – əlvan, gənclik-yaşıl, cavanlıq bənövşəyi, mavi, qocalıq isə payız yarpaqları rəngindədir. Tanrı bu böyük sənətkarımızın həm səsini, həm də ömür çağını həmişə bənövşəyi rəngdə eləsin.

Sevimli sənətkarımıza nə arzu edərdim? Tanrı çox şeyi ondan əsirgəməyib (Allah insanı balansda yaradır, bir insana hər şeyi artıqlaması ilə verməz): könülləri fəth edən ecazkar səs, gözəllik, insanlıq, içinin azadlığı, övlad sevinci... O, çoxölçülü zirvənin başındadır. Mənim isə Nəzakət xanımla bağlı iki arzum var. Biri mənim içimdən gələn özəl arzumdur. Siz mədəniyyət tariximizdə qalan möhtəşəm əsərlər yaratmısınız. Ancaq birini də ərsəyə gətirsəniz nə yaxşı olar: Zəmixarə, Ramiz Rövşənin "Qara paltarlı qadın" və Nəzakət Teymurovanın nisgilli səsinin sintezindən yaranmış bir lövhə. Düşünürəm ki, bu lövhənin rəngi lap qara olmayacaq.

Əzizimiz Nəzakət xanım, Siz öz sənətinizlə dünyanın çox möhtəşəm salonlarını fəth etmisiniz. Ancaq iki ən möhtəşəmi qalıb: Ağdamın İmarəti, Şuşanın Cıdır düzü. Sizə bu hədəfə çatmaq yolunda fateh olmağı arzulayan

Rafiq Əliyev,
professor