Azərbaycanda içməli su qıtlığı yarana bilər. Ekspertlər artıq həyəcan təbili çalmağa başlayıblar. Azərbaycanda içməli su qıtlığı yarana bilər. Ekspertlər artıq həyəcan təbili çalmağa başlayıblar.

Azərbaycanda içməli su qıtlığı: günah kimdədir? – Araşdırma

Azərbaycanda içməli su qıtlığı yarana bilər. Ekspertlər artıq həyəcan təbili çalmağa başlayıblar.



Son bir neçə ayda çayların quruması, rayonlarda içməli su probleminin yaşanması onu göstərdi ki, lazımı tədbirlər görülməzsə, bir neçə ildən sonra Azərbaycan içməyə su tapmayacaq.

Su İstehsalçıları Birliyi sədri Dövlət Məmmədov da yaxın gələcəkdə içməli suyun problemə çevriləcəyini təsdiqləyir.


Ekspertin sözlərinə görə, Azərbaycanda meşə təsərrüfatı sənəd üzərində inkişaf etdiyindən və yeni meşə massivləri salınmadığından təbiətdə bu kimi dəyişkənliklər baş verir:
"Dağ rayonlarında qazın olmaması bütün meşə massivinin kəsilməsinə səbəb olub. Bu səbəbdən də bulaqlar quruyur. Həmçinin son illər kənd təsərrüfatı sahəsində suvarma işləri gözlənilməz həddə çatıb. Su qıtlığının yaranmasının ilkin səbəbi suya nəzarət edən vahid bir qurumun olmamasıdır. Bu gün suya 4 qurum- Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərsu ASC, Meliorasiya və Su Təsərrüfatı ASC nəzarət edir. Onların hərəsi ayrı-ayrı su sahələrinə cavabdehlik daşıyırlar. Əgər vaxtında su anbarları yaransaydı, heç bir problem yaşanmazdı. Bu qurumlardan heç biri ehtiyat su anbarları yaratmadığından hər il yay aylarında içməli su qıtlığı yaranır".

Problemin həllini rayonlarda süni göllərin yaradılmasında görən həmsöhbətimiz deyir ki, su ehtiyatını qış aylarından yığmaq lazımdır:
"Qış aylarında su boş yerə axıb gedir. Süni göllər yaradılsa, yayda su çatışmazlığını aradan qalxar. Hər bir məsələni 5-10 il qabaqcadan planlaşdırmaq lazımdır. Hamı gözləyir ki, yuxarıdan göstəriş verilsin və işləməyə başlasınlar. Amma dünya praktikasında belə bir şey yoxdur. Hər şey planlaşdırılır".

Əhalini sudan düzgün istifadə etməməkdə suşlayan D.Məmmədov məhz bu səbəbdən Azərbaycanda su qıtlığının yaranacağını deyir. Amma mütəxəssis problemin həlli variantlarını da gizlətmədi:
"Təbii ki, problemin qarşısını almaq olar. Bunun üçünsə ilk növbədə rayonlarda süni su anbarları yaradılmalıdır. Daha sonra kənd təsərrüfatı sahəsində suvarma işinin damcı üsuluna keçilməlidir. Belə olan halda suyun böyük bir hissəsinə qənaət etmiş olacayıq".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev də bu il yağıntının az düşməsi ilə əlaqədar çaylarda sululuğun aşağı düşməsini etiraf etdi.


O, Nazirliyin 4 istiqamətdə- Oğuz, Qəbələ, Balakən , Şəki, Quba, Qusar, Daşkəsən, Gədəbəy, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində çayölçmə işləri aparıldığını və nəticələrin aşağı olduğunu söylədi:
"Nəticələr onu göstərdi ki, bu il qar ehtiyatı az olub. Bununla bağlı mart ayının sonunda sululuq dövrü proqnozu tərtib etmişdik ki, bu il tranzit, həm də daxili çaylarda sululuq az olacaq. Mövsümlə əlaqədar yağıntının az düşməsi də çaylarda suyun səviyyəsini kəskin aşağı saldı. Hətta bəzi dağ çaylarının aşağı hissələrində quruma baş verdi. Lakin bunu qeyri-adi hadisə hesab etmək olmaz. Çünki müxtəlif illərdə analoji hadisələr yaşanıb. Məsələn, 2000, 2006-ci illərdə də çaylarda azsululuq dövrü olub".

Hidroloqun sözlərinə görə, isti günlərin başa çatması və yağıntıların düşməsi çaylarda vəziyyətin düzəlməsinə səbəb olub:
"Son günlər yağan yağışlarla əlaqədar çaylarda suyun səviyyəsi artmaqdadır. Yaxın günlərdə yağıntıların düşməsi ilə bağlı çaylarda suyun səviyyəsinin artacağı gözlənilir. Hətta bəzi dağ çaylarından, xüsusən də Böyük və Kiçik Qafqazın dağ çaylarından qısa müddətli daşqınların keçməsi də istisna olunmur".

A.Verdiyev növbəti illərdə analoji hadisənin yaşanacağını qabaqcadan proqnozlaşdırmağın mümkünsüz olduğunu bildirdi.

Gültəkin ƏLƏSGƏR