Yasamalda daha bir ağac soyqırımı: Kinostudiyanın həyəti satılır

Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətindəki meşəlik məhv edilir.

Axar.az xəbər verir ki, 20 yanvar metro-stansiyası yaxınlığında yerləşən Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyəti satılır. Fotolardan da göründüyü kimi, sözügedən ərazini yaşayış evləri tikmək məqsədilə müəyyən hissələrə ayırıblar, artıq hasarlar da çəkilir.

Həmin ərazidə illərin zəhməti hesabına başa gələn yaşıllıq isə məhv edilir. Artıq ərazidə bir neçə tikilməkdə olan evin özülü də qoyulub.

Məsələ ilə bağlı Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov Axar.az-a açıqlamasında sözügedən ərazidə tikinti işlərinin getdiyini təsdiqləyib. Lakin qeyd edib ki, sözügedən ərazi kinostudiyasının balansında deyil:

"Bir neçə gündür mən də ağacların kəsildiyinin, həmin ərazidə tikintinin getdiyinin şahidi olmuşam. Ancaq həmin ərazilər kinostudiyanın balansında deyil. Kinostudiyanın həyətində bir dənə də ağac kəsilə bilməz. Mən özüm buna imkan vermərəm. Direktor təyin edildiyim gündən burada bir dənə də olsun ağac kəsilməyib".