Saatlı Rayon İcra Hakimiyyəti həmin rayon sakini Amaliya Əliyevanın mətbuatda yayılan ittihamlarına cavab verib. Saatlı Rayon İcra Hakimiyyəti həmin rayon sakini Amaliya Əliyevanın mətbuatda yayılan ittihamlarına cavab verib.

İcra başçısının qəbulunda dava - Həbs var

Saatlı Rayon İcra Hakimiyyəti həmin rayon sakini Amaliya Əliyevanın mətbuatda yayılan ittihamlarına cavab verib.



Əvvəlcə qeyd edək ki, Saatlı rayonunun Mollavəzli kənd sakini Amaliya Əliyeva virtualaz.org saytının redaksiyasına müraciət edərək, özü və həyat yoldaşı Vahid Əliyevin Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı tərəfindən mənəvi və fiziki təzyiqlərə məruz qaldıqlarından, döyülmələrindən şikayətlənib. Onun sözlərinə görə, icra başçısının qəzəbinə tuş gəlmələrinə səbəb çəpər davasına görə onların prezidentə məktub ünvanlamaları olub. Bundan sonra A. Əliyeva və həyat yoldaşı Saatlı Rayon İcra Hakimiyyətinə çağırılıb. Dava da bundan sonra baş verib. Şikayətçi tərəf İcra Hakimiyyətində onların döyüldüyünü və əri ilə birlikdə polisə aparıldığını, ərinə 15 sutka iş verildiyini bildirib.

Saatlı Rayon İcra Hakimiyyətindən isə AzNews.az-a verilən açıqlamada məsələnin başqa cür baş verdiyi bildirilir: "17 sentyabr 2014 - cü il tarixdə saat 17:30 radələrində Saatlı rayonunun Mollavazlı kənd sakini Əliyev Vahid Ağabəy oğlu ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini Azərbaycan Respublikası Prezidentinin ünvanına göndərməklə təhlükəsizliyinin təmin edilməsi məqsədilə yazmış olduğu müraciətlə bağlı rayon İcra Hakimiyyətinin inzibati binasına dəvət olunub. Qəbul otağında həyat yoldaşı Amalya Əliyeva ilə birlikdə olan V.Əliyev müzakirə zamanı oturduğu yerdən qalxaraq yazmış olduğu müraciətin rayon icra hakimiyytinə göndərilməsinə etiraz edərək dövlət hakimiyyəti və İcra-idarəetmə orqanlarının nümayəndələrinin ünvanına təhqiramiz ifadələr işlədib".

Açıqlamada qeyd olunur ki, V. Əliyev əl-qol ataraq otaqdakı bir neçə stolu vurub yerə dağıdaraq ictimai qaydanı pozub. Onu bu hərəkətlərinin qarşısını almaq üçün sakitləşdirməyə çalışan Mollavazlı kənd İ.Ə.D.-si üzrə nümayəndəsi Dədəkişiyev Əhməd Behtulla oğlunu yaxasından tutaraq itələyib, yumruqla qarın və ayaq nahiyyəsində vurub. "Qəbulda iştirak edən Saatlı RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Hacı Əhmədov, şöbənin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Aydın Əhmədov, şöbənin sahə inspektorları Rövşən Hüseynov və Qorxmaz Mirzəyevin onu nizam-intizama dəvət etmələrinə baxmayaraq V. Əliyev təhqiramiz ifadələr işlətməyə davam edib. İnzibati binanın 1-ci mərtəbəsində də eyni əməllərinin davam etdiyini görən növbətçi polis əməkdaşı Kərimov Yaşar Süleyman oğlu onu sakitləşdirməyə çalışsa da polis əməkdaşını itələməklə binanı tərk edib. Həmin vaxt15-20 dəqiqə müddətində İcra Hakimiyyətində iş rejimi pozulub"- deyə Saatlı Rayon İcra Hakimiyyətindən bildirilib.

İnsidentlə bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.





AzNews.az