“Azərbaycan bu təxribatların qarşısını almağa nail ola bildi”


Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, "EkoAvrasiya" dərgisinin baş redaktoru Hikmet Erenin Aznews.az-a müsahibəsi:

- Hikmət bəy, bu il "əsrin sazişi"nin imzalanmasının 20-ci ildönümü tamam olur. Belə bir önəmli sazişin imzalanması Azərbaycan üçün nə demək idi?

- Bu gün Azərbaycanın dünyanın enerji mərkəzinə çevrilməsində, bu sazişin böyük rolu var. Hesab edirəm ki, sazişin imzalanmasının geosiyasi hadisə sayılmaqla yanaşı, geoiqtisadi əhəmiyyəti də böyük idi. Həmçinin, Azərbaycan belə bir önəmli sazişə imza atmaqla, öz müstəqilliyini qorudu və təhlükəsizliyini yüksək səviyyədə təmin etdi.
Zaman da göstərdi ki, Azərbaycan bununla dünyanın diqqətini bölgəyə çəkə bildi. Hazırda bölgə dünya dövlətlərinin maraq dairəsinin əsas mərkəzlərindən birinə çevrilib. Üstəlik, sazişdən sonra regionun siyasi-iqtisadi strategiyası tamamilə dəyişdi. Azərbaycan neftinin dünya bazarına çıxarılması strategiyasının əsası qoyuldu.

- O zaman sazişin imzalanmasına qarşı çıxan qüvvələr var idi. Sizcə, bu qüvvələr nədən narahat idilər?

- Mürəkkəb siyasi şərait bu sazişin həyata keçməsini müəyyən qədər ləngidirdi. Həm də Azərbaycanın başı Qarabağ müharibəsinə qarışmışdı.

Elə güclər var idi ki, Amerika-Qərbin regiona gəlməsini qısqanclıqla yanaşırdı. Onlar hesab edirdilər ki, bundan sonra bölgə onların nəzarətlərindən çıxacaq. Bu qüvvələrin əli ilə nə qədər təxribatlar baş qaldırsa da, Azərbaycan bu təxribatların qarşısını almağa nail ola bildi. Məhz, Azərbaycanın mərhum prezidenti, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində 1994-ci ilin sentyabr ayının 20-də saziş imzalandı.

İndi də bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hazırda bu xətt Azərbaycanı dünyanın enerji mərkəzlərindən birinə çevirib.

- Sazişin əhəmiyyət və önəmini qeyd etdiniz. Bəs maraqlıdır ki, Ermənistan bu sazişdən nə üçün yararlanmaq siyasətini yürütmədi?

- Əgər, xatırlayırsınızsa bir zamanlar Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan qələmə aldığı məqaləsində qeyd edirdi ki, bu gün Azərbaycanla sülh sazişi imzalamalıyıq və Qarabağ məsələsi öz həllini tapmalıdır. Zaman gələcək Azərbaycan bizə verdiyi şərtlərdən də imtina edəcək.

Çünki Azərbaycanın beynəlxalq arenada imkanları artacaq və onu dəstəkləyənlərin sayı çoxalacaq. O, bu sözləri 15 il bundan öncə deyirdi.

Bu gün həmin proses yaşanmaqdadır. Yəni, Ermənistan öz isterik siyasətinin qurbanıdır və bütün regional layihələrdən kənarda qalmaqla əhəmiyyətsiz ölkələr sırasında gedir. Bu bölgə üçün o qədər əhəmiyyət kəsb etmir. İnsanlar oranı tərk etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Elnur Eltürk