İdris Heydərli İdris Heydərli

Din və mərasim...

İdris Heydərli



Din mərasimdirmi?

Dini yaşam bir mərasimə çevrilirsə, nə olur?..

Dünyada var olan sistemlər bir rituala-mərasimə meyillidirlər.

Elə bir inam sistemi yoxdur ki, mərasimi olmasın.

Mərasim ikili həyata bağlı bir təzahürdür: bir mən, bir də mərasimin içində fərqli mən.

Mən hər gün yaşamımda bir insanam. Mərasimdə isə fərqli oluram. Baxtın (rus alimi) Rablenin "Qaraqantua və Pantaqrel" əsərini karnaval estetikası ilə analiz etməsi elm dünyasında ciddi bir nəzəriyyə kimi tanındı.

Karnavalın bir Oyun olduğunu diqqətə çəkən alim bunu xüsüsı bir zaman və məkan dəyərlərinə bağlayır.

Bu gün İslam içində baş verənlər əslində mərasimləşmədir.

Əvvəlki yazılarda "İslam dindirmi, təlimdirmi?" sualını boşuna qoymadım.

İndi isə islamlaşan ölkələrdə baş verənlərə baxsaq, həyat tərzi olan İslamı deyil, təlimləşib-mərasimləşən İslamı görəcəyik.

Mərasimləşən islam həyat tərzi deyil, mərasim içində camaatlaşan kütləyə Oyun qaydaları təlqin edir.

Bu oyunun içində qoyulan qaydalar hər şeydən öndədir. Seçimini edib bu sıraya girirsənsə, o zaman oyun qaydalarını qəbul edirsən.

İslamın son şəkillərindən olan vəhabilik, nurçuluq, mehdiçilik… kimi tanıtmalar bir təlim olaraq ilk qaydalarını önə çəkirlər.

Oyun qaydaları fərqli olmalıdır ki, kütlə yarana bilsin.

Fərqlilik olmasa, təlim mahiyyətini itirər. Mərasim fərqliliyinin mahiyyətindən isə yalnız və yalnız Bütçülük doğacaq.

Allah belə bu düşüncələrdə büt olacaq. Amma bu mərasimi, yəni oyun qaydalarını qəbul edənlər bunun fərqində belə olmayacaqlar.