Mirmehdi Ağaoğlu Mirmehdi Ağaoğlu

Şahin Ağabəyliyə məktub

Mirmehdi Ağaoğlu


Yazılmamış qanunlara görə bu məktubu mən gərək sənə vəfatının dördüncü ildönümündə yazaydım. Adətən belə edirlər axı. Nəsə bir az tələsdim. Bəlkə də axına qoşulmaq istəməməyimdəndi. Bəlkə də dözə bilmədim. Bəlkə unudulmağa olan üsyanımdı.

Ölülərin ancaq doğum və ölüm günlərində xatırlanması unutmağın başqa növüdür. Adam ölüb gedəndən bir müddət sonra haqqındakı bütün müsbət və mənfi rəylər unudulur, daha o adamı xatırlamaq heç kəsi ağrıtmır, o adamdan yalnız quruca obraz qalır: ata, ana, ər, qardaş, bacı obrazı.

Hamıyla belədi.

Bu yazı bəlkə heç məktub da deyil. Dörd illik sənsizlikdə içimdə yığılanlardı, məni narahat edənlərdi. Bunları yazmalıydım. Bəlkə nə vaxtsa hansısa yazımda istifadə edəcəm də! Bilmirəm. Amma indilik dözə bilmədim. Ürəyimi boşaltmalıydım. Bunu sənin Facebook səhifənə yaza, bir kağıza yazıb saxlaya da bilərdim. Ən yaxşısı öz facebook səhifəmdə yazıb sonra "yalnız özün gör" də eləyə bilərdim.

Bunları da eləmədim...

Sənə oğlundan yazmaq istədim.

Çətindi...

Onun gözlərinə baxmaq çox çətindi. Onun gözlərində atasızlığı görmək ən böyük əzabdı mənim üçün. Adi günlərdə ötüşdürə bilirəm. Vay o gündən ki, "kefli" olam... O vaxt onun gözlərinə baxmaq mənə əzabdır, işgəncədir. Bir baxışı bəs edir ki, gözlərim dolsun. Bax onda hamıdan qaçıram, heç kəsin olmadığı bir yer tapıb hönkür-hönkür ağlayıram.

Yəqin buna görə müqəddəs kitablarda valideynsiz uşaqlar haqqında çox həssaslıqla yazılıb. Onlara qayğı göstərmək əmr olunub. Kişilər valideyni olmayan uşağın kədərini min il, iki min il əvvəl görüb hiss ediblər. Bu ağrıları yaşayıblar. Yəqin ona görə də bu uşaqlar haqqında çox həssaslıqla yazıblar.

Mən onun gözlərindəki dərin kədəri görürəm. Heç vaxt gözlərindən əskik olmayan kədəri. Heç bir sevinc hissinin, xoş anın qova bilmədiyi kədəri.

Ən içdən gülüşündə belə gözlərində kədər olur, KƏDƏR! Baxırsan atılıb-düşür, oynayır, qışqırır, gülür, amma o gözlər...

Onun gözlərində dörd illik körpə kədər yuva qurub özünə.

Ən yaxşısı onu danlamaqdır. Uşaqdı də. Nəsə nadinclik edir, çağırırsan: "Ala, Salam, bıra gəl!" Elə ki gəldi, üzü elə ifadə alır, onu təsvir etməkdə acizəm. Bilmirəm bu qorxudur, miskinlikdir, ya nədir.

Qorxudursa bu qələt eləmiş uşağın qorxusu deyil. Bu dayaqsız, istinadsız, arxasında onu qoruyacaq bir adamın olmadığını zövq-təbii hiss edən bir uşağın qorxusudur. O dəqiqə hirsim soyuyur, danlaya bilmirəm.

Bu qələtdən öz oğlum da edir axı. Danlamağa çağırırsan, zalım balası adamın üstünə Çe Qevara kimi gəlir. Nə qorxu, nə ürkü!

Mən laboratoriya mütəxəssisi kimiyəm. Əlimin altında iki uşaq var. Biri ELƏ, biri də belə. Ona görə rahatlıqla müqayisə apara bilirəm.

Tutalım öz oğlumu çağırıram, eşitmir. Salam o dəqiqə həşir salır: "Mirkazım, atan çağırır". Bu "atan" kəlməsini elə qəribə deyir ki, bağrım yarılır. Elə bil qəsdən səsləyir ki, onun dilində də bu kəlmə dolaşsın. Onun da ağzından bu söz çıxsın.

Ya da Mirkazım məni səsləyir: "Ata, ata". Onda istəyirəm yer yarıla, girəm yerə. Utandığımdan bilmirəm nə edim. Ağlı kəssə deyərəm, oğlum, Salamın yanında mənə "Ata" demə! "Ata" kəlməsini eşidəndə elə bil uşaq səksənir. Hiss edirəm ki, bəzən Mirkazıma qibtə edir, həsəd aparır. Amma heç vaxt heç nə demir. Hərəkətləri, mimikası onu həmişə ələ verir.

Bir müşahidəmi də deyim. Yolla gedirik, hərəsi bir yanımda. Mirkazım keçi kimi qabağa düşür, yəni mən yekə kişiyəm, özüm gedim. Gərək əlli dəfə deyəsən ki, gəl əlimdən tut. Salam isə yox, elə ki gördü əlim boşdu, bir anda o yumşaq əlini maqnit kimi keçirəcək əlimə, bərk-bərk sıxacaq... Yüngülcə də qısılacaq mənə...

Ürəyim buna dözərmi?

Yox e... mənim də kobudluğum olur. Harda oturdumsa gəlib qısılır mənə. Qucağıma girir. Yayxanır. Əvvəl fikir vermirəm. Bir də görürəm kimsə qolumu oxşayır, tüklərini yüngülvarı sığallayır, çimdikləyir. Yaydı. İstidi. Mən də çəmkirirəm, a bala imrənmə deyirəm. Salam o dəqiqə özünü yığışdırır, hiss edirəm ki, büruzə verməsə də inciyir məndən.

Belə olanda yaxşı ki, evdəkilər məni danlayırlar. Uşaqdı deyirlər. Daha heç nə demirlər. Elə bu altı hərfli "uşaqdı" kəlməsi bəs edir mənə. Bu kəlmənin arxasında gizlənən mənanı mən də, onlar da o dəqiqə anlayırıq. Gözlərimizdən də yox, elə o sözün ahəngindən anlayırıq.

Bizim ailə üçün "uşaqdı" kəlməsi dörd ildi tamam başqa məna kəsb edir!

kulis.az