Elnur Eltürk Elnur Eltürk

Ermənilər niyə bədbəxtdirlər?

Elnur Eltürk



Bu günlərdə erməni mənşəli Fransa müğənnisi Şarl Aznavur Moskvada verdiyi konsertində ölkəsi ilə bağlı bəzi önəmli açıqlamalar verməsi diqqətdən yayına bilməzdi. Qeyd edək ki, bir müddət əvvəl Şarl Aznavur Ermənistana ciddi dəstək verən şəxslərdən sayılırdı. İndi onun belə açıqlamalar verməsi, Ermənistan hakimiyyəti üçün siqnal sayılmalıdır. Müğənni hazırda ölkəsində daxili soyqırımı baş verdiyini və bunu siyasi cəhətdən qəbuledilməz saydığını bildirib: "Ermənistan hökuməti ölkəsinə nəfəs almağa imkan vermədən onu gənclikdən məhrum edir - gənclər ölkəni tərk edirlər. Bu mənada, problem artıq siyasi yox, ümumbəşəri olub. Bu problemi təcili həll etmək lazımdır", - deyə müğənni qeyd edib. Əvvəla, erməni xalqı bu yolu özü seçib. Tarixi təcrübə sübut edir ki, yer üzündə monoetnik siyasət yürüdən dövlətlər sonunda bu siyasətin qurbanına çevrilirlər. Yəni bu ideologiya bumeranq kimi özlərinə qayıdır. Necə ki, faşist Almaniyası eyni taleyi yaşadı və inkişaf edən bir ölkə səviyyəsindən darmadağın vəziyyətə düşdü. Sadəcə olaraq, alman xalqının güclü genefonda və potensiala malik olması onların ayaq üstə durmasına kömək oldu. Ermənilər almanlar deyillər ki, qısa zamanda özlərinə gələ bilsinlər. Kənar qüvvələrin təsiri ilə yaradılan Ermənistanı sona qədər ayaqda saxlamaq çətin olacaq. Bölgədə Azərbaycanın güclənməsi və xüsusilə, Türkiyənin güclü mövqeyə sahib olması Ermənıstanı əhəmiyyətsiz ölkəyə çevirib. Hər zaman belə olub: tarixin gedişatını düzgün analiz edə bilməyən xalqı uçurumlu yollar gözləyir. Nəticədə, zaman və tarix Ermənistanı cəzalandırır və sərt üzünü göstərir. Erməni xalqı bu istəyin onlara hansı fəsadlara gətirib çıxaracağını dərk etməli idi. Ən azından, 20-ci illərdə Ermənistanın ilk baş naziri olmuş Hovhannes Kaçaznuninin daşnaqların erməni xalqına hansı zərbələr vurması ilə bağlı qələmə aldığı kitabını ciddi oxumalı idilər. Axı o, daşnaq ideologiyasının ermənilərə hansı faciələrə səbəb olduğunu ürəkağrısı ilə qeyd edirdi. Deməli, ermənilər öz uzaqgörən siyasətçisinin dərk etməyəcəyi qədər bədbəxtdirlər. Erməni siyasətçiləri o qədər ağıllarını itiriblər ki, ölkələrində daxili ictimaiyyətə hesablanan bəyanatlar verməklə özlərinə təskinlik tapırlar. XXI əsrdə erməni prezidenti öz gənclərinə Ağrı Dağını geri almağa səsləyir və bunu amal kimi onlara aşılayır. Deməli, bu toplum hələ də xəstədir. Özü də müalicəsi mümkün olmayan xəstəliyə düçar olublar. Sadəcə olaraq, Ermənistanı istənilən formada cəzalandırmaq olar. Amma ermənilər öz cəzalarını boyunlarına biçib və sonu görünməyən yolla addımlayırlar.