Zahir Əzəmət Zahir Əzəmət

General Mədət Quliyevin “inşa müsabiqəsi“

Zahir Əzəmət

Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında son vaxtlar tez-tez eşidirik.

Ədliyyə general-leytenantı Mədət Quliyevin humanizmi adamın gözlərini yaşardır.

Adam hər gün dustaqlar arasında inşa müsabiqələri keçirir, kim daha yaxşı əfv ərizələri, müraciətlər yazacaq deyə müsabiqələr təşkil edir. Ən yaxşı məktubları isə qurumun saytında dərc edir, mediada tirajlayır. Azərbaycan həbsxanalarında vəziyyət o qədər ürəkaçan, o qədər gözəldir ki, biz qurumun saytında heç bir dustaq şikayətinə rast gəlmirik.

Müstəqil mediada ara-sıra dərc olunan dustaq şikayətləri isə Zimbabve müxalifətinin uydurmasıdır. Yoxsa adamlar xalqdan yox, öz öz humanist generallarından MƏDƏT umardılar.

Zarafat bir kənara. Biri bu Mədət Quliyevə başa salsın ki, bu inşa müsabiqələrinin tərs üzü də var. Yəni doğrudanmı, rəsmi olaraq seçkilərdə bu qədər yüksək faizlə səs topladığı açıqlanan prezident İlham Əliyevin 5-10 dustağın dəstəyinə ehtiyacı var? Bununla Mədət Quliyev nə demək istəyir? Qaş düzətdiyi yerdə göz çıxartdığının fərqindədirmi?

Həbsxanalarda durumun necə olduğunu hər kəs yaxşı bilir. Bəlkə Mədət Quliyev öz işi ilə məşğul olsun?!

Hər halda qurumun Əsasnaməsində inşa müsabiqələri və müraciətlərlə bağlı heç bir bənd yoxdur!!!

Əvəzində nə var? Qoy həm oxucularımıza, həm də "humanizmin atası, babası və əmisi" Mədət Quliyevin də diqqətinə çatdıraq.

Əsasnamə yazılır ki:

- Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirməlidir!

- məhkumların islahı QANUNVERİCİLİKDƏ MÜƏYYƏN EDİLMİŞ ÜSUL və VASİTƏLƏRLƏ təşkil edilməlidir!

Ümid edək ki, generalımız vaxt ayırıb, Əsasnamə ilə tam şəkildə BURADAN tanış olacaq və vaxtını daha səmərəli işlərə ayıracaq.

qaynar.info