Elşad PAŞASOY Elşad PAŞASOY

Bakıya Xəzərdən və okeanın o tayından təhdid

Elşad PAŞASOY



Türkiyənin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə cəmi 60 dövlətin səs verməsi dünyadakı anti-Türkiyə ovqatının nümayişi oldu. 78 milyonluq türk dövlətinin Avropa Birliyinə yolunu ən müxtəlif bəhanələrlə kəsən güclər bu dəfə də Ankaraya qırmızı kart göstərdi. Türkiyəni 2015-də çətin sınaqlar gözləyir; İŞİD və PKK terroru ilə üz-üzə qalan Türkiyəyə hətta Venesuela qədər dəstək verilmədisə, bu, şübhəsizdir.

Obamanın ötən ay açıq mətnlə tənqid etdiyi, insan haqlarının ayaqaltı olduğu Venesuelanı BMT Təhlükəsizlik Şurasına üzv seçən dünya ölkələri illərdir hətta kürd və ermənilərlə bağlı ciddi siyasi və hüquqi islahatlar həyata keçirən Türkiyəni qapı arxasında saxladılar. Heç şübhə yoxdur ki, son illər Ərdoğan hökumətinin xarici siyasətdəki yanlışlıqlar da bu məsələdə kifayət qədər öz təsirini göstərib. Dünyanın aparıcı ölkələri olan ABŞ və İsraillə konfliktli vəziyyətdə, hətta ərəb dünyası ilə körpülərin yandırılması şəraitində Türkiyənin səs toplaya biləcəyi inandırıcı görünmürdü də. Üstəlik də ortada erməni lobbisinin Türkiyə əleyhinə apardığı xain siyasət, anti-təbliğat faktı var.

Türkiyə bizim yeganə müttəfiqimiz, ikinci Vətənimiz olduğu üçün bu ölkənin adına yaxşı və pis nə varsa, təbii ki, dolayısı ilə bizim də taleyimizə təsiri var, odur ki, laqeyd qala bilmərik. İki il əvvəl Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Türkiyə isə Azərbaycanın səslərinin yarısını belə toplaya bilmədi. Görünür iki qardaş ölkənin öz siyasətini düzgün koordinasiya edə bilməməsi də öz təsirini göstərib. Türkiyənin üzləşdiyi son ədalətsizlik bizə də dərs olmalıdır. Reallıq budur ki, son zamanlar Azərbaycana da beynəlxalq aləmdə münasibət xeyli dəyişməkdədir, hətta sanksiya hədələri gəlir.

Doğrudur, Bakı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, aparıcı təşkilatların tribunalarına sahiblənib. Elə hazırda Azərbaycan Avropa (AŞ) Şurası Nazirlər Komitəsinin sədri kimi fəaliyyətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən sonra AŞ tribunasını qazanmaq təbii ki, adi məsələ deyildi. Kimin nə deməsindən asılı olmayaraq hətta gələn il Bakıda Avropa Oyunlarının keçirilməsi də Azərbaycanın aktivinə yazılan hadisələrdəndir. Yetər ki, şansımızı dəyərləndirək, tanınmaq imkanımız yarandığı, həm də bunun üçün ən müxtəlif səbəblərdən böyük paralar xərcləndiyi şəraitdə halda ölkəmizin adının "qara siyahı"lara salınmasına bəhanə verməyək.

Məsələn, Azərbaycanın Avropanın aparıcı qurumunun komitəsinə sədrlik etdiyi dönəmdə elə siyasət yürüdülə bilərdi ki, adımız dünya düzənində ən azı vəziyyətin yaxşılığa doğru dəyişdiyi ölkələr sırasında çəkilərdi. Lakin bu ərəfədə vətəndaş cəmiyyətinin bir sıra tanınmış simalarının həbsi, vicdan məhbusu kimi tanınmış bir çox məhbusların azad olunması ilə bağlı xahiş, minnət, nəhayət, tələblərin eşidilməməsi, hətta siyasi məhbusların öz ailə üzvlərini görmək imkanından da məhrum edilməsi Azərbaycanın Avropada qazandığı tribunaya kölgə salan mövqelərin sürətlə artmasına stimul verdi.

İş o yerə çatdı ki, ABŞ prezidenti Obama QHT-lərin fəaliyyətinin "inanılmaz dərəcədə çətinləşdirildiyi" ölkələrdən biri olaraq Azərbaycanı tənqid etdi. Bunun ardında Amerika Dövlət Departamenti Bakının qarşısına filankəsləri "azad et" tələbi qoyub. Dünyanın supergücü bu gün Ukraynanı qana çalxayan Rusiya ilə eyni tonda danışır, bir də İŞİD-lə.

Azərbaycanla da təhdid dilində danışılması bizi narahat etməlidir. Hansı ki, biz Rusiya kimi təcavüzkar deyil, təcavüzə məruz qalan ölkəyik, həm də elə İŞİD-in "ət piroqu" saydığı məmləkətik. Əslində biz zərərçəkən dövlət və xalq olduğumuz üçün addımbaşı demokratik dünyanın dəstəyini görməliyik. Di gəl gələn təzyiq və təhdiddir. Bunun əsas səbəbi ölkə daxilindəki vəziyyətlə bağlıdır. YAP-çılar ermənilərdən şübhələnir. Ancaq durum yaxşıya dəyişsə, ermənilər nə uydurasıdır?

Elmar Məmmədyarov Avropa Şurasının tribunasından deyib ki, Azərbaycan təkcə özünün deyil, bütün regionun demokratikləşməsində maraqlıdır. Yetər ki, özümüzdə işlər nizama salınsın, vətəndaşa münasibət dəyişsin, Avropa Parlamentinin qətnaməsi kimi "qərəzli" sənədlər aktuallığını itirsin.

Qarabağa gələn əcnəbiləri "qara siyahı"ya salmaq çıxış yolu deyil. Budur, Azərbaycan Fransaya təzəcə nota vermişdi, məlum oldu ki, ermənilər Avropa Parlamentində "Qarabağla dostluq qrupu" yaradıb. Bütün bunlar insan haqları və demokratiya ilə bağlı tələblərə verilən sərt reaksiyaların cavabıdır. Acıqlarını Qarabağımızdan çıxırlar, xaincəsinə. Çox təhlükəli tendensiya müşahidə olunur...

Rusiyanın raket yüklü gəmiləri Bakı buxtasında lövbər salmışkən bizim demokratik Qərblə düşmən olmağımız elə özümüzə qənim kəsilməyimizdir. Əsas müttəfiqimiz Türkiyəyə təzyiqlər çoxalır, Avropa və Amerika ilə münasibətlərimiz gərginləşir, bizsə üz tutmuşuq küncə sıxışdırılmaqda olan Rusiyaya doğru. Ancaq nicat yolu şimalda deyil. Şimal günəşi bizi heç zaman isitməyib.

Daha 5 dövlətin anti-Rusiya sanksiyalarına qoşulduğunu elan etdiyi gün ABŞ-dan anti-Azərbaycan bəyanatının gəlməsi adi məsələ sayılmasın gərək. Rusiya və Azərbaycanın adının eyni vaxtda çəkilməsi heç də yaxşı hal deyil. Üstəlik pisliyə. Obama da çıxışında bu iki ölkənin adını qoşa çəkmişdi.

Qəribədir, bu gün Bakını Xəzərdən Rusiya hərbi gəmiləri, okeanın o tayından isə ABŞ Dövlət Departamenti təhdid edir, məqsədlər fərqli olsa da. Biri vətəndaşlarını azad et, deyirsə, digəri olan-qalan azadlığından da imtina elə, keç bayrağımın altına deyir. Situasiya çox qəlizdir. Türkiyəmizin də başını özünə qarışdırırlar, ötən əsrin əvvəllərində olduğu kimi. Əsas çıxış yolu isə açılımdır, ölkə içi açılım...