Orxan Ülvi Orxan Ülvi

40 yaşın ən böyük hədiyyəsi

Orxan Ülvi

Aramızda 10 il yaş fərqimiz var. Mən orta məktəbə 1-ci sinfə gedəndə, o, artıq məzun olmuşdu. Bu mənada onunla məktəb illərində və məktəb həyatında (həyətində) qarşılaşmadıq.

O, məktəbi bitirib universitetə qəbul olanda çox sevinmişdik. Elə o vaxtdan onu özümə kumir seçmişdim. Onun ali məktəbə qəbul olmağı bizə əlavə stimul verirdi. Və qarşıma məqsəd qoydum: mən də oxuyub, universitetə qəbul olmalıyam. Onun universitet illərində kəndə hər gəlişini toy-bayram edirdim. Kəndə gələcəyini bildiyimiz gün sevincimizin həddi-hüdudu olmurdu. Ailəlikcə gözümüz yoldaydı. Kəndimizə doğru uzanan dağ yollarını güdməkdən gözümüzün kökü saralırdı. Tozlu yollarda gələn hər maşını ta kəndə girənə qədər müşahidə edirdik. Onun gəldiyini xəbər verən şəxs mütləq muştuluqla mükafatlanmalıydı.

Hər gəlişində, mənə ayrıca zaman xərcləyəcək, dərslərimlə maraqlanacaq, savadlı olacağımı deyib, məni həvəsləndirəcək və gətirdiyi tələbə hədiyyələrilə sevindirəcək...
Ta ki, məktəbi bitirənə qədər belə də davam etdi... Onun qayğısı heç zaman bitmədi. Universitetə qəbul olduğumu hamıdan əvvəl o, xəbər vermişdi və çox da sevinmişdi. Bakıya gəldiyim ilk vaxtlarda onu hər dəfə gördüyümdə özümü kəndimizdəki evimizdəki kimi hiss edirdim. O doğmalıq, o mehribanlıq, o əzizləmə əvəzolunmaz hisslər idi, bir tələbə üçün. Həm o illərdə, həm də işlədiyim müddətdə belə hər görüşümüzdə cibimdəki pulun yetərliliyinə əmin olmadan sağollaşmazdı.

Günlərin birində israrla evlərində qalmağımı istədi. Tərəddüd etsəm də, razılaşmaya bilməzdim. Nə yaxşı da razılaşdım. Evimizin doğmalığını, anamın qayğısını hiss etdim. O evə gələndə nə qədər əsəbi və qaşqabağlı olsa da, mənim bikef olduğumu hiss etdiyi an deyib-gülməyə, əhvalımı düzəltməyə çalışırdı. Onun nə qədər qayğıkeş və ürəyiyumşaq olduğunu bütün qohumlar və dostları yaxşı bilir.

Haşiyə: Qardaşım əsgərlikdə olanda cərrahiyyə əməliyyatı olunmuşdu. Palataya köçürüləndən sonra gözünü açanda ilk onu görüb. Həm də ağlayan vəziyyətdə...

Beləcə həmin qayğıyla, diqqətlə və sevgiylə illəri arxada qoyduq. İkimiz də yaşlanırıq. Amma onun mənə etdiyi yaxşılıqları və qayğını əsla unutmaram. Toyumu yüksək səviyyədə təşkil etməyindən tutmuş, övladıma bağışladığı adına kimi. Bu gün böyük Anar Yusifoğlunun 40 yaşı olur. Onun böyük işlərindən və karyerasından söhbət açmadım. Çünki Anar Yusifoğlunu tanıyan hər kəs necə insan olduğunu yaxşı bilir.
Mən bacıoğlu kimi dayım haqqında hiss etdiklərimi, ürəyimdə yaşatdığım duyğuları və indiyə qədər heç yerdə dilimə gətirmədiklərimin cüzi hissəsini bölüşdüm. Ona görə cüzisini ki, hələ qarşıda 50, 60, 70... və 100 illiklər var.

Təbrik edirəm! Bu qədər qayğıkeş və duyğusal İnsan xoşbəxt olmağa məhkumdur!
Hər nə qədər üz cizgilərində bəzən qaşqabaqlı olsan da ürəyindəki qayğını və mərhəməti daima hiss edib, səni çox istəyirik!

Və bunu çox gözəl dərk edirəm ki, o böyük adını balaca Anara bağışlamaqla ürəyimizə böyük məsuliyyət düşür. Balaca Anarı həm özümüzə, həm də Böyük Anar Yusifoğlu adına layiq böyütməliyik. Amma sənə söz verirəm, 60 illiyindəki təbrikini məhz balaca adaşın yazacaq.

Uğurlar... Qəlbin həmişə gülsün!

P.S. Dayımın 40 illiyinə ən böyük hədiyyəni övladları verdi. Elnur və Aytənin tələbə olmağını səbrsizliklə gözləyirdi. Etdiyin yaxşılıqların və mərhəmətin mükafatını uca Yaradan 40 yaşında ən gözəl xəbərlə verdi...