“Qarabağ müharibəsi dövründə azərbaycanlı qadınların, gəlin və uşaqların əsir və itkin düşməsi haqda dəqiq məlumata malik deyiləm, ancaq xəbərlərdən bəzi şeylər eşitmişəm”. “Qarabağ müharibəsi dövründə azərbaycanlı qadınların, gəlin və uşaqların əsir və itkin düşməsi haqda dəqiq məlumata malik deyiləm, ancaq xəbərlərdən bəzi şeylər eşitmişəm”.

“Azərbaycanlı qadınların əsir düşməsi haqda məlumatım yoxdur”

“Qarabağ müharibəsi dövründə azərbaycanlı qadınların, gəlin və uşaqların əsir və itkin düşməsi haqda dəqiq məlumata malik deyiləm, ancaq xəbərlərdən bəzi şeylər eşitmişəm”.



AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının ailə və qadın məsələləri üzrə vitse-prezidenti Şəhindoxt Moulaverdinin APA-ya müsahibəsi zamanı deyib.

– Xanım Moulaverdi, Bakıya səfərinizdə məqsəd nədən ibarətdir?

– Biz İslam ölkələrinin nazirləri səviyyəsində keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmişik. Tədbir "Davamlı inkişafda qadınların rolu" mövzusunda təşkil olunur. Ümidvaram ki, iki gün planlaşdırılan müzakirələr nəticəsində konfrans öz hədəflərinə doğru addımlar atmış olacaq. Qahirə iclasında qəbul olunmuş 10 illik fəaliyyət planına görə, belə razılıq əldə olunub ki, İslam dünyasında qadın məsələləri ilə bağlı davamlı tədbirlər keçirək və səmərəli qərarlar qəbul edək. Bakıya səfərimizin üçüncü günü üçün Azərbaycanda bir sıra ikitərəfli görüşlər keçirməyi nəzərdə tutmuşuq. O cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüşlərimiz planlaşdırılıb.

– Məşğul olduğunuz sahə üzrə Azərbaycanla əlaqələr hansı səviyyədədir və bu sahədə əməkdaşlığı artırmaq üçün nə kimi addımlar atmağı düşünürsünüz?

– Azərbaycanla münasibətlərimiz yüksək səviyyədədir. Bir il ərzində Azərbaycan tərəfi ilə bir neçə dəfə görüşlərimiz olub. Komitə sədri Hicran Hüseynova ilə iki dəfə şəxsən görüşmüş, əməkdaşlığın artırılması ilə bağlı söhbətlər aparmışıq. Keçən ilin dekabr ayında biz Hicran xanımla Nyu-Yorkda beynəlxalq tədbir çərçivəsində görüşdük, həmçinin bu ilin iyun ayında Parisdə görüşümüz baş tutdu. Paris görüşündə belə qərara gəldik ki, ikitərəfli əlaqələri inkişaf etdirmək naminə bir saziş bağlayaq. Artıq sazişin layihəsini hazırlamışıq və Bakı səfərimiz çərçivəsində bu layihənin müzakirəsi və imzalanması baş tutacaq. Bu saziş layihəsində əlaqələrimizin təhsil sahəsində və QHT sektorunda inkişaf etdirilməsi də xüsusi yer verilib.

– Azərbaycan xalqının ailə institutu və mənəvi dəyərləri ilə İranın ailə dəyərləri arasındakı yaxınlıq və fərqlər barədə nə deyə bilərsiniz?

– Bizim daha çox müştərək cəhətlərimiz var. Azərbaycan və İranın ailə dəyərlərinə nəzər salanda elə ciddi fərqlər görmürük. Biz tarixi, mədəni və dini baxımdan ortaq dəyərlərə sahibik. İki dost və qonşu dövlət kimi mənəvi dəyərlər baxımından da xalqlarımız bir-birinə çox yaxındır. Və bu dəyərlər bizim qadın və ailə məsələləri üzrə əməkdaşlığımızı genişləndirməyə imkan yaradır.

– Artıq bir ildir ki, bu vəzifədəsiniz. Bu müddət ərzində nə kimi çətinliklərlə qarşılaşdınız və nə kimi nailiyyətlər əldə olundu? Ölkənizdə ailə və qadın məsələləri ilə bağlı nə kimi islahatların, dəyişikliklərin də aparılmasını zəruri saymaq olar?

- Bir hökumətin bu sahədəki fəaliyyəti barədə nəsə demək üçün bir il elə də yetərli müddət deyil. Ötən bir il ərzində biz müxtəlif layihələr və proqramlar hazırlamışıq ki, yaxın üç il ərzində bizim fəaliyyətimiz bu sənədlərin gerçəkləşməsinə xidmət edəcək. Hazırda bir neçə hazır layihə var ki, onu hökumətə təqdim edəcəyik. İnanırıq ki, bu layihələrin gerçəkləşəcəyi halda ailə və qadın məsələləri sahəsində ciddi irəliləyişlərə nail olacağıq.

Bu layihələrlə yanaşı, bizim bir sıra proqramlarımız var ki, qadınların bacarıqlarının yüksəldilməsinə xidmət edəcək. Evdar xanımların sığortasını da nəzərdə tutan layihəmiz var. Ölkənin ictimai həyatında və iqtisadiyyatın inkişafında da qadınların rolu böyükdür. Ona görə də, biz belə düşünürük ki, sığorta məsələsi cəmiyyətin rifahına xidmət edəcək. İndi də qadınlar şəxsi qaydada sığortalana bilərlər. Lakin biz istəyirik ki, bu, bir proqram çərçivəsində həyata keçirilsin və bu proses dövlətin dəstəyi ilə baş tutsun.

Digər bir layihə isə bizə ötən hökumətdən qalıb. Bu sənəd qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması ilə bağlıdır.

İranda 11-ci hökumət qurularkən, Ailə və Qadınlar Mərkəzi yenidən quruldu və bu təşkilat vitse-prezident strukturuna keçirildi. Buna görə də, bizdən gözləntilər çoxdur. İranda ailə və qadın məsələləri ilə bağlı islahatların aparılması yeni hakimiyyətin əsas prioritetlərindəndir. Xüsusilə də cinslərarası ədalətin, qadın hüquqlarının müdafiəsi ilə bağlı ciddi hədəflərimiz var. Cəmiyyətin bütün təbəqələrində kişi və qadın bərabərliyini qorumağa çalışırıq. Hazırda bir çox sahələrdə, o cümlədən dövlət qulluğunda qadınların sayı artmaqdadır. Biz istəyirik ki, bu istiqamətdə qadınların daha da fəallaşmasına, qadınlar arasında yüksək səviyyəli kadrların formalaşmasına nail olaq.

– Vaxtaşırı olaraq dünya mətbuatında İranda qadınların təzyiqlərə məruz qaldığı, sərt inzibati tədbirlərlə üzləşdiyi və hətta edam olunduğu barədə məlumatlara rast gəlirik. Həmçinin bir sıra ictimai yerlərdə, stadionlarda qadınlara girişin yasaq olduğunu eşitmişik. Bu barədə nə deyə bilərsiniz? Doğrudan da bu cür problemlər varmı? Varsa, bu problemləri hansı addımlar atmaq mümkündür?

– Digər dünya ölkələrdə olduğu kimi, bizdə də cəza qanunları, cinayət məcəlləsi var. O cümlədən, edamla bağlı da qanun var. Bu məsələnin mahiyyəti ondan ibarətdir ki, əgər şikayətçi olan və ya zərərçəkmiş tərəf müttəhimin bağışlanmasına, edam hökmünün götürülməsinə icazə vermirsə, o zaman başqa yol yoxdur. Amma həmişə İranın ali məhkəmə orqanı şikayətçi tərəflərin razılığını almağa çalışır ki, edam halı baş verməsin. Narkotik qaçaqmalçılığı da ağır cinayətlərdən hesab olunur, lakin bu cinayətlərdə qadınların iştirakına çox nadir hallarda rast gəlirik. İslam inqilabından sonra İranda İslam qanunları hökm sürür. Lakin biz nisbətən sərt olan qanunları müasir dövrə uyğunlaşdırmağa çalışırıq. Şiə fiqhi çərçivəsində nə mümkündürsə, biz zamana uyğun islahatlar aparırıq və yüngülləşdirici tədbirlər görürük. İran prezidenti Həsən Ruhani tərəfindən bizə göstəriş verilib ki, cəmiyyətdə xanımların dəstəklənməsi ilə bağlı proqram layihəsi hazırlayaq. Bu qeyd olunan problemlər də həmin layihənin hazırlanmasında nəzərə alınıb. İnanıram ki, bu istiqamətdə islahatlar gedəcək və Cinayət Məcəlləsində qadınlara şamil olunan cəza tədbirləri yüngülləşdiriləcək. Biz çalışırıq ki, qadınlarla bağlı bir sıra hallarda ağır cəza tədbirləri nisbətən yüngül cəza tədbirləri ilə əvəz olunsun. Hazırda İran Ali Məhkəməsi bu məsələni araşdırır və mühüm tədbirlər görülür.

Qadınların stadionlara buraxılmaması məsələsinə gəlincə isə, bunu nəzərə almalıyıq ki, bu məhdudiyyətlər bir çox hallarda qadınların dəstəklənməsi üçün həyata keçirilir. Çünki bəzi yerlərdə elə mühit var ki, orda qadınların iştirakı məqsədəuyğun deyil. Lakin biz hesab edirik ki, ilk növbədə o yerlərin özlərini islah etmək və münasib mühit yaratmaq lazımdır. Onu da qeyd edim ki, İran qadınları idman sahəsində çox fəal iştirak edirlər. Son Asiya oyunlarında bir neçə iranlı qadın medallar qazanıblar. Şübhəsiz, yeni hakimiyyətin qadınların idman mərkəzlərində iştirakı barədə bir layihəsi var və bu istiqamətdə islahatlar yaxın zamanlarda həyata keçiriləcək.

– İran qadınları digər ölkələrin, xüsusilə də İslam dövlət quruluşlarına malik ölkələrin qadınları ilə müqayisədə hansı əlavə hüquqlara malikdirlər?

– Digər region ölkələri ilə müqayisədə təhsil və səhiyyə sahəsində İran qadınlarının göstəriciləri daha yaxşıdır. Xüsusilə qeyd edək ki, İranda ali təhsilli qadınların sayı çoxdur. Səhiyyə sahəsində də qadınların iştirakı və səhiyyə xidmətlərindən yararlanma imkanları yüksəkdir. Hazırda iqtisadi və siyasi sahələrdə qadınların iştirakını artırmaq üçün daha fəal addımlar atmağı düşünürük. Çalışacağıq ki, növbəti parlament seçkilərində xanım deputatların sayının artmasına nail olaq.

– Bu yaxınlarda 17 yaşlı gənc qız – Malala Yusufzay Nobel sülh mükafatı aldı. Ona qarşı radikal islamçıların münasibəti çox sərt olmuşdu, hətta sui-qəsd də təşkil etmişdilər. İslam cümhuriyyətinin nümayəndəsi olaraq bu hadisəyə münasibətiniz necədir?

– Əlbəttə ki, İslam dünyasında Malala kimi maarifçi xanımların olması müsbət hadisədir. İslama qarşı qeyri-nikbin münasibətin müşahidə olunduğu zamanda gənc bir müsəlman xanımın öz xidmətləri sayəsində beynəlxalq mükafat alması sevindirici haldır.

– Qarabağ müharibəsi dövründə xeyli sayda azərbaycanlı qadınlar, gəlinlər və uşaqlar əsir və itkin düşüb, onların başına gətirilən işgəncələr barədə faktlar mövcuddur. Siz bu barədə nə bilirsiniz, nə deyə bilərsiniz?

– Bu məsələ ilə bağlı dəqiq məlumata malik deyiləm, ancaq xəbərlərdən bəzi şeylər eşitmişəm. Biz həmişə istəmişik ki, bu problemin qarşısı qan tökülmədən alınsın. İnşallah, qarşılıqlı səylər nəticəsində Qarabağ münaqişəsi öz həllini tapar. Biz ümid edirik ki, əsir və itkin düşən qadınlar da tezliklə öz ölkəsinə qayıdar.