Əslində mətbuata danışmağa həvəsli olmaması mobil telefonunu söndürməsindən, facebookdan kənarda dayanmasında sezilirdi. Ancaq yaxın adamlarından biri vasitəsilə ev telefonunu əldə edib onunla əlaqə qura bildik. Əslində mətbuata danışmağa həvəsli olmaması mobil telefonunu söndürməsindən, facebookdan kənarda dayanmasında sezilirdi. Ancaq yaxın adamlarından biri vasitəsilə ev telefonunu əldə edib onunla əlaqə qura bildik.

Əli Kərimlinin keçmiş müşavirindən şok ittihamlar

Əslində mətbuata danışmağa həvəsli olmaması mobil telefonunu söndürməsindən, facebookdan kənarda dayanmasında sezilirdi. Ancaq yaxın adamlarından biri vasitəsilə ev telefonunu əldə edib onunla əlaqə qura bildik.



Söhbət AXCP sədrinin müşaviri vəzifəsindən istefa verən Qarabağ qazisi, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasovdan gedir. Oktyabrın 19-da AXCP rəhbərliyinin toplantısında Ş.Abbasov partiyadan və vəzifəsindən istefa verdiyini açıqlayıb. Partiyanın tutduğu xətlə fikir ayrılığının yarandığını bildirən Ş.Abbasov bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini bildirib: "Mən AXCP-nin özəyini təşkil edən, AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir".

"Yeni Müsavat"ın əməkdaşı ilə söhbətində isə əvvəlcə istefası barədə açıqlama ilə kifayətləndiyini və əlavə nəsə deməyə ehtiyac görmədiyini bildirdi. Hətta partiyadaşlarının onun barəsində dediklərinə də reaksiya vermək istəməyib "kim nə deyir-desin" söylədi. Ancaq onu da etiraf etdi ki, istefası heç də bəyanatındakı məqamlarla bağlı deyil, ortada "qaranlıq məqamlar" da var. Elə anons etdiyi "qaranlıq məqamlar" məsələsi marağımızı bir az da artırdı və israrımız nəticəsində Şakir bəylə söhbətimiz baş tutdu. Son olaylara keçiddən öncə tarixə ekskurs etdi:

- Mən 1990-93-cü illərdə Qarabağ döyüşlərində iştirak etmişəm. Özü də mənim Füzuli rayon icra başçısı işlədiyim dövrdə bir qarış da olsa, erməniyə torpaq verilmədi. Ondan da qabaq mən AXC-nin sədri idim. Əlimdə səlahiyyətim olduğu üçün erməni kəndlərini bərk vururdum. Erməni bir "Qrad" mərmisi atanda mən 3-4-ünü atırdım. Füzulinin 105 min nəfər əhalisi var idi. Bəlkə də mən kabinetimdə iki ay oturmamışam. Hətta məni Müdafiə Nazirliyinə çağırıb həbs etmək istəyirdilər. Baba Nəzərli -indi haqq dünyadadır- silahlara nəzarət edirdi, dedim nəyə görə məni həbs etmək istəyirsiniz? Bildirdi ki, normadan artıq mərmi işlətmisən. Qoy bir oğlan çıxıb desin ki, Abbasov Şakir Gürşad oğlu qədər erməninin başına nə qədər "Qrad" töküb. Təəssüf ki, sonumuz belə gəldi...

- Bəyanatınızda da bildirmisiniz ki, istefa verdiyiniz təşkilatın qurucularından olubsunuz...

- Mən xalq hərəkatının sıralarına 1988-ci ilin sonlarından gəlmişəm. 1989-cu ilin əvvəllərində "Azadlıq"radiosunun baş direktoru Mirzə Xəzər vardı, o, həftədə azı iki dəfə mənimlə əlaqə saxlayar, Qarabağ bölgəsindəki vəziyyət barədə soruşardı. Mənim qızım Günay onda balacaydı, həmişə qızıma Almaniyadan salam göndərərdi. İndiki kimi yadımdadır, Leyla Yunusla Zərdüşt Əlizadə müsahibə verirdi, dedilər AXC-nin təsis konfransı keçiriləcək, bölgələrdən kim iştirak etmək istəyirsə, filan telefonlara zəng etsin.

Mən də götürüb zəng etdim, dedilər bəli, 1989-cu il iyulun 16-sı gəlin. Biz də bir neçə nəfər getdik. AXC-nin təsis konfransını keçirtməyə yer tapmırdıq, rəhmətlik Ağamalı Sadiqin "Karl Marks"dakı həyət evinin qarşısında xeyir-şər evində toplaşdıq. Hətta Bakı şəhər Mərkəzi Komitəsinin ikinci katib Svetlana Qasımova da ora gəldi, dedi niyə burda keçirirsiniz, deyərdiniz sizə yaxşı bir yer verərdik. Çox çətin vaxt idi. Mən kolxoz, sovxoz sədrlərinin qohum-əqrəbalarından nə qədər təpik-yumruq yemişəm, deyirdilər kəndimə gəlib təbliğat aparmısan. Adamı bir gündə aradan götürərdilər.

- Yəqin ki, sizin üçün bu qədər əzablara qatlaşdığınız halda təmsil olunduğunuz təşkilatdan, AXCP-dən getmək qərarını vermək elə də asan olmayıb.

- Təəssüf ki, partiyamız gəldi belə adamların əlinə düşdü...

- Belə adamlar deyəndə kimləri nəzərdə tutursunuz?

- Elə ümumiyyətlə, indiki rəhbərlikdə olanları. Çox-çox təəssüf...Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşdü. Mən buna çox yandım, dedim gəlin, bu yolu düz gedək, bu yol ağır yoldur, bizim mübarizəmiz nə kolxoz sədri, nə sovxoz direktorudur, bizim böyük mübarizə yolumuz var. O vaxt biz müstəqillik əldə edəndən sonra rəhmətlik Elçibəy dedi ki, Azərbaycana bir də inqilab lazım olacaq. Dedim gəlin bu yolu gedək. Baxıb gördüm ki, əşi, yox e, burda başqa məsələlər var.

Hətta onların qarşısında özümü 60 yaşında yox, bəlkə də 30-35 yaşında olan gənc kimi apardım, meydana girdim, döyüşdüm, getdim 60 yaşında türmədə yatdım. Mən 2003-cü ildə İsa bəyin seçkisində 5-6 ay Bayılda yatmışam. Arif bəy, Rauf bəylə birgə biz Bayılda "ölüm kamerası"nda yatdıq. Sonra mənim Azadlıq meydanında əlimə daş, armatur götürmədiyimi nəzərə alıb 5 il şərti cəza verdilər.

- İstefa qərarı verməzdən öncə AXCP sədri Əli Kərimli ilə bu barədə danışdınızmı?

- Əvvəllər onunla söhbətimiz olmuşdu. Amma o da hərəkatda çox soyuq adamdır. Gördüm bu yol onluq deyil, bu, ağır yoldur.

- Özünə dedinizmi ki, daha biz bu yolu birgə gedə bilmərik?

- Olub, elə bir söhbətimiz olub. Dedim ki, bu yol belə çox getməyəcək.

- Son dəfə nə vaxt görüşmüsünüz?

- 1-2 ay olar. Bilmirəm hansı tədbirdəydik, salamlaşdıq. Bir də sonuncu mitinqdə gördüm.

- Mitinqin istefanıza təsiri nə dərəcədə oldu?

- Yox, mitinqin təsiri olmadı. Mən həmişə aksiyalara gedirdim.

- Əli Kərimli sizə "getmə" dedimi? Soruşdumu ki, niyə gedirsiniz?

- Axı fakt tapa bilmir. Bilir ki, mən hərəkatda təmənnasız yol gedən olmuşam. O, hamısını yaxşı bilir. Mən onu yaxşı görürəm, o da məni. Durum ona nə deyim?

- Bəs, sizə "yaxşı yol" dedimi?

- Yox. Sadəcə olaraq dedi ki, sənə çox böyük hörmətim var, mübarizsən. Dedim vallah, mən bu yolu bu cür getmək istəyirəm. Arzum budur ki, bu yol tamamlansın. Dəfələrlə mövqeyimi bildirmişəm. Partiyada açıq demişəm ki, bilmirəm siz kiminlə mübarizə aparırsınız, Müsavatla, yoxsa bu rejimlə? Bir baxın Türkiyədəki proseslərə. Mən çox istədim bunları barışdırım. Amma təəssüf ki, elə adamlar var çox yerlərə işləyirlər. Ona görə də mümkün olmadı.

- Mitinqdə Müsavat rəhbərliyinin tribunaya dəvət olunmaması şəxsən sizə necə təsir elədi?

- Mən elə o tərəfdə durmuşdum. İsa bəyin gəlişini çox yüksək qiymətləndirdim. Çünki mitinq həbs olunanlara aid idi. İsa bəygil sadə insanlar kimi gəlmişdilər ki, məhbusların hüquqlarını müdafiə etsinlər. O mitinqdə mən də Cəmil Həsənliyə, ya filankəsə görə getməmişdim. Bəziləri türmədə yatmayıb, bilmirlər məhbusluq nə deməkdir. Mən hələ Kürdəmir türməsini demirəm, Bayılı, 5-ci korpusu, "ölüm korpusu"nu deyirəm. Kameradakı 4 adamdan ikisi ayaq üstə duranda ikisi oturmalı idi, gəzmək imkanı yox idi. Sovetlər dövründə Bayılın bir günü 3 gün sayılırdı. Mitinq də məhbuslara həsr olunmuşdu. Əlbəttə ki, İsa bəygilə belə münasibət həbsdə yatanlara da xoş təsir edə bilməzdi. Bu adam haqqı müdafiə etməyə gəlib. O adamlar tutulmasaydı bunlar nə üstə ixtilaf aparacaqdılar? Dəfələrlə özlərinə dedim. Dedim gəlin körpüləri bu dərəcədə yandırmayın, axı sabah bir barışıq, üz-üzə gəlmək yolu lazım olacaq. Yoxsa, sən filankəsin adamısan...

Dedim məni də ittiham edirsiniz, nəyə işləmişəm? Gəlin mənim də yaşayışıma baxın... Mən bu saat çardaqdan sizinlə danışıram. Niyə bu insanlara böhtan atırlar? Mənim üçün bu gün maraqlı olan nə AXCP, nə Müsavatdır, mənə maraqlı olan zəlil millətdir. Gəlin milləti, gedən torpaqları düşünək. Baxın, görün millətin üzündə təbəssüm varmı? Siz kimin sifarişinizlə bir-birinizlə çəkişirsiniz?

- Sizin istefanıza AXCP-dən müxtəlif reaksiyalar verilib. Təşkilat şöbəsinin rəisi Rafiq Daşdəmirli deyib Şakir Abbasov qurultaya hazırlıq üzrə konfransdakı səsvermədə uduzduğuna görə istefa verib. Sədr müavini Fuad Qəhrəmanlı sizin sıravi üzv olduğunuzu, müşavirlikdən çıxarıldığını deyib. Bildirib ki, bu istefa elə də böyük hadisə deyil. Bu deyilənlər doğrudurmu?

- Əvvəla, adını konfrans qoysaq, əgər mən ora yarım saat gecikmişdim. Orda 5-10 nəfər idi, bir evə yığışmışdılar. Əmrulla Dadaşzadə var, Elçibəyin dövründən bəri ordadır, 1 ha torpağı var. 67 yaşı var, bir qrup adamlarla əlbir olub, bu işlərlə məşğuldur. Sadəcə, mən gələnə kimi bu məsələlər həll olunmuşdu. Mənim yerimə Ali Məclisə seçilən adama baxdım, Bayram adlı qarovulçudur. Adamın məsələsinə baxanda gərək şəxsin özü orda olsun. Mən ünvanı tanımadığım üçün ora 20 dəqiqə gec gəlmişdim.

- Siz ora müşavir kimi getmişdiniz?

- Mən Xəzər rayonunda yaşadığım üçün rayon konfransına getmişdim, həm də müşavir kimi getmişdim. Sonradan mənə dedilər sənin əleyhinə heç kəs səs vermədi. Hətta deyiblər bu, nə oyundur belə? Mənim müşavirlikdən çıxarılmağım haqda heç bir məlumatım yoxdur, çıxarılmamışam da. Varsa, da ortaya sənəd çıxartsınlar.

- Partiyadaşlarınızın sizin haqqınızda aşağılayıcı münasibət bildirməsindən təəssüflənmirsiniz ki?

- Onlar kimin dalınca danışmayıblar ki? AXCP özəlləşdirilib.

- Kim tərəfindən?

- Elə orda oturan bir qrup adamlar.

- Əli Kərimlidən söhbət gedir, yoxsa ətrafındakılardan?

- Elə hamısı bir yerdədir. Ora şəxsi mülk kimi baxılır. Ona görə də ürəyim ağrıyır ki, gör Elçibəyin partiyası nə günə düşdü.

- Bundan sonra harda fəaliyyət göstərəcəksiniz?

- Bəyanatımda yazdığım kimi yenə də demokratiya yolunda varam. Amma hər halda təmiz əqidə ilə millətin yolunda mübarizə aparan insanların yanında olacağam.

- Partiya mənsubiyyətiniz olacaqmı?

- Yəqin ki, olacaq.

- Müsavat Partiyasında dəvət olsa, gedərsiniz?

- Əlbəttə, gedərəm, niyə getmirəm? Ona görə ki, mən Müsavat Partiyasının apardığı xətti də, yolu da, onların işini də görürəm. Müsavatın qurultayına da getmişdim. Qurultaya gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmisən? Dedim necə yəni, bəlkə düşmən qapısına getmişəm. Dəvətnamə veriblər, çağırıblar getmişəm. Məndən başqa da orda adamlar var idi.

- Əli Kərimli Müsavatı qurultay və yeni başqan seçkiləri ilə bağlı təbrikdən də imtina etmişdi...

- Yeni başqanla onun yolu düz gəlməz axı. Kim kimə işləyir, aydındır da. Yeni başqan çox mübariz yollar keçib, elə-belə adam deyil. Yeni başqan yatıb çıxmış adamdır, hər yerdə sözünü kişi kimi üzə deyən şəxsdir. Nə isə...

musavat.com