Razılaşın ki, bir neçə il bundan öncə iş üçün dövlət idarələrinin, şirkətlərin, müxtəlif qurumların qapılarına ayaq döyməkdən yorulmuşduq. Razılaşın ki, bir neçə il bundan öncə iş üçün dövlət idarələrinin, şirkətlərin, müxtəlif qurumların qapılarına ayaq döyməkdən yorulmuşduq.

Azərbaycan sənayesi yeni inkişaf mərhələsində

Razılaşın ki, bir neçə il bundan öncə iş üçün dövlət idarələrinin, şirkətlərin, müxtəlif qurumların qapılarına ayaq döyməkdən yorulmuşduq.



Bəzi şirkətlər və dövlət idarələrində iş tapmaq, işə düzəlmək müşkülə çevrilmişdi. İş yerlərinin azlığı, iqtisadi inkişafın zəifliyi vətəndaşları Rusiyaya axın etməyə vadar etmişdi. Hətta iş tapacaqları ümidiylə diplomlarının ildə bir neçə dəfə tozunu alanlar sonda vətəndən uzaq düşmək məcburiyyətində qalmışdılar. Beləcə, xaricə beyin axını iqtisadi inkişafın da qarşısını almış olurdu. Amma bu xoş olmayan situasiyaları yadınıza salıb, qanınızı qaraltmağa dəyməz. Məşhur bir filimdə deyildiyi kimi "gülümsəyin cənablar, gülümsəyin!"

Çünki prezidentin sərəncamı ilə 2014–cü il "Sənaye ili" elan edilməsi ilə yeni iş yerlərinin açılması işsizlik problemini də aradan qaldırmış olacaq. Sözümüzün canına keçməmişdən öncə, 2013-cü il üzrə milli sənaye istehsalı həcmini qiymətləndirək. İlk növbədə gözə çarpan istehsalın həcm göstəricisi təxminən 33.7 milyard manat olub. Analoji rəqəm 2012-ci ilin müvafiq göstəricisindən 1.8% çox olsa da, 2011-ci ilin yekunlarından azdır. Sirr deyil ki, heç də bütün il boyu sənaye inkişafı müsbət dinamika göstərməyib. Məsələn, fevraldan mayadək istehsal həcmində 0.5-1% arasında müəyyən azalmalar da qeydə alınıb. Ancaq 2013-cü ilin sonuna yaxın iqtisadiyyatda vəziyyət qismən dəyişib və 1.8%-lik artım qeydə alınıb. Eyni zamanda, oxşar dövr ərzində qeyri-neft sektorunda sənaye istehsalı 2-3 dəfə çox artım nümayiş etdirib. Neft, ümumiyyətlə hasilat sənayesində istehsalın artımı 1.1% səviyyəsində olduğu halda, qeyri-neft iqtisadiyatında bu rəqəm 4.8%-dir. Sənaye inkişafının "anatomiyasının" dərinliklərinə getmədən, hər bir sahənin inkişaf şanslarını ayrılıqda qiymətləndirmək də istərdik. Ondan başlayaq ki, milli hasilat sənayesinin əsasını neft-qaz hasilatı təşkil edir. 2013-cü ildə 43.1 milyon ton neft hasil olunub, bu isə 2012-ci ildəkindən 100 min ton çoxdur. Təəsüf ki, 0.23% artımla yalnız neft hasilatının sabitliyindən danışmaq mümkündür, çünki ondan əvvəlki ildə Dövlət Neft Şirkəti və onun xarici operator-tərəfdaşları neft hasilatı üzrə hökümətin proqnozlarını yerinə yetirə bilməyiblər. Eyni zamanda qaz hasilatında gözləntilər özünü doğruldub və ötən il Azərbaycan, 17.9 milyard kubmetr "mavi yanacaq" hasil edib. Bu 2012-ci illə müqayisədə 3.6%, 2011-ci ildəkindən isə 1.6 milyard kubmetr çoxdur. Ölkənin qaz hasilatının genişlənməsinə dair meqa-planları və bu cür dinamikanı nəzərə alsaq, cari il və qarşıdakı illərdə bizi qaz hasilatında böyük artım gözləyir.

Neft-qaz hasilatından əlavə, Azərbaycan qızıl hasilatına görə də fəxr edə bilər. 2009-cu ilin yayından, "Gədəbəy" yatağında qızıl hasilatına başlanandan bəri, ölkə 7.1 ton qızıl əldə edib. Üstəlik, təkcə keçən il qızıl hasilatı 1.6 ton olub. "Gədəbəy" yatağının operatoru Anglo Asian Mining PLC-nin verdiyi proqnozlara inansaq, 2015-ci ilədək 2.2 ton qızıl hasil ediləcəyini gözləmək olar. Bir sözlə, Azərbaycanda 2014-cü il ölkə prezidenti tərəfindən "Sənaye İli" elan olunduğu gündən ümüdlərimiz sənaye istehsalının artımına yönəlib. Məlumdur ki, hökümət qeyri-neft sektorundakı istehsala xüsusi diqqət ayırır. Söhbət yüngül, qida, metallurgiya, maşınqayırma sahələrindən, artıq Azərbaycan ÜDM-nin 56.6% təşkil edən və "qeyri-kövrək" çiyinlər üzərində dayanan inkişaf potensialından gedir.

Zəngin sənaye ənənələrinə malik Azərbaycanda emal, elektroenergetika, toxuculuq, tikiş, yeyinti, ağac məmulatları, sellüloz kağız, dəri, rezin və plastmas, qeyri-metal, mineral, metallurgiya, maşınqayırma, mədən avadanlıqları, optik və elektronika, nəqliyyat vasitələri və digər sahələr üzrə istehsal olunan sənaye mallarının çəkisi əhəmiyyətli dərəcədə artaraq sənayeləşmənin "onurğa sütununu" təşkil etməyə başlayıb. Son illərdə bir sıra iri sənaye müəssisələri - Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit" müəssisəsi, Qəbələ piano, "M-Line", AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr istifadəyə verilib. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verməkdədir.

Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcək. Tərəddüdsüz deyə bilərik ki, 2014-cü ilin "Sənaye ili "elan edilməsi nəticəsində ölkəmizdə neft sənayesi ilə yanaşı, qeyri - neft sənayesinin inkişaf etdirilməsi, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması ölkəmizin gələcək inkişafını təmin edəcək və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə irəliləməsini müəyyən edəcək. Yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, bölgələrin sənaye potensialının gücləndirilməsi ölkənin bu sahədə də inkişafını təmin edəcək. Sənayeləşmənin reallaşdırılması üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan müvafiq tədbirlər planında əsas tezislər öz əksini tapıb. Bunlar hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması və regionlarda sənaye potensialının gücləndirilməsindən ibarətdir. "Sənaye ili" çərçivəsində Qaradağda istifadəyə verilən Gəmiqayırma zavodunda həm Azərbaycan, həm də bölgədəki digər ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulub. Yaxın illərdə inşa ediləcək neft-qaz və neft-kimya komplekslərində müasir texnologiyalar əsasında istehsal olunacaq məhsulların xarici bazarlara çıxarılması gözlənilir. Aparılan ilkin hesablamalara əsasən bu komplekslərə 14-15 milyard dollar həcmində sərmayə yatırılacaq. Yeni texnologiyalara əsaslanan bu strateji layihə Azərbaycana çox böyük dividentlər gətirəcək. Bundan başqa Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkındakı müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur. STP-nin ikinci ən böyük müəssisəsi olan polimer məmulatlar zavodunda su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir. Gündə 500 ton polimer məhsulları istehsal etmək gücünə malik müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət göstərir.Sumqayıt Texnologiyalar Parkının ağır maşınqayırma zavodunda tikinti-quraşdırma, elektroenergetika, maşınqayırma və digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı, körpülü kranlar, hidroturbinlər, külək generatorları, dəqiq mexanika zavodunda qeyri-standart avadanlıq və mürəkkəb konstruksiyalı maşın-mexanizm elementləri və digər məhsullar hazırlanır. Texnoparkda Günəş kollektoru qazanları, həmçinin bir çox sahələrdə tələbat duyulan yüksək keyfiyyətli, standartlara uyğun məhsullar istehsal edən digər zavodlar da fəaliyyət göstərir. Bu gün STP Azərbaycanın istənilən guşəsində tikilən elektrik stansiyalarını, yarımstansiyaları yüksək gərginlik kabellər və digər zəruri məmulatlarla təmin edir.

Texnologiyalar parkında dəmir yolu vaqonları zavodunun tikintisi başa çatıb. Hazırda sınaq işləri yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə Rusiya, Ukrayna üçün vaqonlar istehsal etmək məqsədilə bu dövlətlərlə danışıqlar aparılır. Heç şübhəsiz, bu zavod da Azərbaycan büdcəsinə böyük gəlir gətirən bir müəssisə olacaq. Yaxın vaxtlarda alkapon və transformator istehsal edən zavodlar da işə salınacaq.
Qarşıdakı illərdə hökumətin iqtisadi siyasətində başlıca istiqamətlərdən biri yeni sənaye müəssisələrinin yaradılmasından ibarət olacaq. Hökumət bu sahəyə hər il investisiyaları artıracaq, yeni sənaye mərkəzlərinə investorların cəlb olunması üçün əlverişli biznes imkanlarını təmin edəcək. Xüsusilə də, Gəncə, Daşkəsən, Gədəbəy bölgəsi və bura yaxın zonalar xammal bazasının zənginliyinə və əlverişli coğrafi imkanlarına görə sənayeleşmənin mərkəzi rayonlarına çevriləcək. Eləcə də, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması nəzərdə tutulur ki, bu da yeni sənaye zonası demək olacaq. Azərbaycanın sənaye erasının mühüm komponentlərindən biri də yerli müəssisələrin inkişafını stimulaşdırmaqla bərabər, xarici ölkələrdəki nəhəng sənaye obyektlərinə sahib olmaqdan ibarətdir. Bu məqsədlə xarici ölkələrin sənayesinə, kimya kompleksinə böyük həcmdə sərmayələr yatırılmağa başlanılıb. Dövlət Neft Şirkəti Türkiyənin nəhəng kimya müəssisələri şəbəkəsi olan "Petkim"in səhmlərinə sahib olub. Eləcə də, Gürcüstanın Kulevi terminalı tikilib istifadəyə verilib. Bundan başqa, Rumıniyada, Moldovada, Gürcüstanda sənaye kompleksinə investisiyaların yatırılması nəzərdə tutulur ki, bu da ümumilikdə Azərbaycanın böyük sənaye ölkəsinə çevrildiyini göstərir.

İqtisadçı Vüqar Bayramov deyir ki, tədbirlər planının təsviri göstərir ki, məqsəd yalnız qeyri-neft sektorunda deyil eyni zamanda enerji sferasında sənayenin inkişafına nail olmaqdır. Ekspert hesab edir ki, görülən işlərlə bərabər sözügedən tədbirlər planı daxilində aşağıdakı istiqamətlərə xüsusi diqqətin ayrılmasına ehtiyac var:

- Xeyli müddət öncə qanunverici orqana təqdim edilən "Rəqabət Məcəlləsinin" qəbulu sürətləndirilməsi və sənəd təsdiq edilməsi vacibdir. Sənaye sektoruna investisiyaların cəlb edilməsi üçün rəqabətin hüquqi müdafiəsi olduqca əhəmiyyətlidir. Qeyd edək ki, tədbirlər paketində rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılması təklif edilən əsas fəaliyyət kimi nəzərdə tutulub. Bu baxımdan, istər rəqabətqabiliyyətli müəssisələrin yaradılması, istərsə də sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması üçün hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var;

- Sənaye parkının yaradılması ilə bağlı fəaliyyətlərin coğrafi bölgüsünün genişləndirilməsi və bu baxımdan ixtisaslı kadr potensialına ehtiyac nəzərə alınmaqla iri şəhərlər ilə yaxınlığın əsas götürülməsi məqsədəuyğundur;

- Xüsusi iqtisadi zonaların yaradılması prosesini başa çatdırmalı və tədbirlər planı çərçivəsində xüsusən də regionlara güzəştli şərtlər ilə xarici investisiyaların cəlb edilməsinə çalışılmalıdır;

- Təsdiq edilmiş tədbirlər planında nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq "2015-2020-ci illər üzrə sənayenin inkişafı üzrə" dövlət proqramı ekspert icmasının iştirakı təmin olunmaqla makro-iqtisadi model nəticələr, müqayisəli təhlili və nəticələri ölçülən bilən bençmarklar nəzərə alınmaqla hazırlanmalıdır;

- Elmi-tədqiqat işlərinin aparılmasına yalnız elmi müəssisələrin deyil, eyni zamanda beyin mərkəzlərinin cəlb edilməsi həyata keçirilməlidir. Müəssisələr üçün investisiya və strateji planlar və digər sənədlər dövlət qurumları tərəfindən deyil, onların sifarişi əsasında bu sahədə ixtisaslaşmış institutlar xüsusən də konsaltinq şirkətləri tərəfindən hazırlanmalıdır;

- İxrac olunan yerli sənaye məhsullarının istehsalına xüsusi vergi güzəştləri və ixrac kompensasiyaları təqdim edilməli və sənayedə differensial vergi sistemi tətbiq olunmaqla sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılmalıdır.

V.Bayramovun sözlərinə görə, bütövlükdə, sözügedən sənəd ölkədə sənayeləşmənin genişləndirilməsi üçün ilkin əsas baza sənəd hesab edilə bilər. Bu baxımdan, dövlət qurumlarının sözügedən öhdəliklər üzrə sənaye ilində nəzərdə tutulan tədbirlərin icrasını ciddi və məsuliyyətlə həyata keçirməsi olduqca vacibdir. Odur ki, bizə isə həmin dövlət qurumlarına uğur diləmək qalır.

"Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir"


Gültəkin ƏLƏSGƏR
AzNews.az