NATO qırıcıları Baltik dənizi üzərində Rusiyanın casus təyyarəsinin uçuşuna müdaxilə edib. NATO qırıcıları Baltik dənizi üzərində Rusiyanın casus təyyarəsinin uçuşuna müdaxilə edib.

Rus təyyarəsi Estoniyanın hava məkanını pozdu

NATO qırıcıları Baltik dənizi üzərində Rusiyanın casus təyyarəsinin uçuşuna müdaxilə edib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı NATO rəsmiləri yayıb.

Məlumatda deyilir ki, Rusiyanın İl-20 təyyarəsi bir dəqiqə ərzində Estoniyanın hava məkanını pozub. Buna görə Rusiyanın Estoniyadakı səfiri xarici işlər nazirliyinə çağırılıb.
Rusiya isə təlim uçuşu həyata keçirən təyyarənin Estoniya hava sərhədini pozmadığını bildirib.

Rusiya son zamalar bölgədə sərhəd qaydalarının pozulması ilə bağlı insidentlərdə ittiham olunur.

Qərb Ukraynanın şərqindəki üsyançılara dəstək verməklə münaqişənin qızışdırılmasında suçladığı Moskvaya qarşı sanksiyalar elan edib. Rusiya öz növbəsində qərbdə istehsal edilmiş ərzaq mallarının idxalına qadağa qoyub.

Ötən həftədən bəri NATO-ya üzv olmayan İsveç öz sahillərində Rusiyaya məxsus olduğu güman edilən sualtı qayığının axtarışını davam etdirməkdədir. Xəbərlərə görə gəmi paytaxt Stokholmdan 48 kilometr aralıqdakı sularda müşahidə olunub.

Ötən ay Estoniya Rusiyanı sərhəd bölgədə təhlükəsizlik əməkdaşlarından birini oğurlamaqda ittiham edib.

NATO Rusiyanın İl-20 təyyarəsinin çərşənbə axşamı Kalininqrad bölgəsindən havaya qalxdığını bildirir.

İsveçə doğru istiqamət almazdan əvvəl Danimarkaya yaxınlaşan təyyarənin uçuşuna bu ölkənin F-16 qırıcıları müdaxilə edib.

Daha sonra İsveç qırıcıları ilə qarşılaşan İl-20 təyyarəsi bir dəqiqədən az müddətə Estoniya hava məkanına daxil olarkən oranı Portuqaliya F-16 təyyarələrinin müşayiətilə tərk edib.

Rusiya müdafiə nazirliyinin nümayəndəsi Kalininqraddakı Xrabrovo aerodromundan havaya qalxan təyyarənin Baltik dənizinin neytral suları üzərində uçduğunu bildirib.
Rusiya rəsmisi Interfax xəbərlər agentliyinə uçuşun hava məkanının istifadəsilə bağlı beynəlxalq qaydalara tam uyğun şəkildə həyata keçirldiyini deyib.