Bu ölkə Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük səy göstərir

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bu günlərdə Cənubi Qafqaza səfəri çərçivəsində əvvəlcə Bakıda, sonra isə İrəvanda olub, bu ölkələrin prezidentləri və xarici işlər nazirləri ilə görüşüb. Onun Bakı və İrəvan səfərinin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olub.

ANS PRESS-in məlumatına görə, Almaniyanın son vaxtlar Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa böyük maraq göstərməsi, Dağlıq Qarabağ münaqişəsinin həllinə təşəbbüs göstərməsi müxtəlif cür yozulur.

Ermənilər İrəvanda Almaniyanın XİN rəhbərini inandırıblar ki, prezidentlərin Parisdə növbəti bazara ertəsi keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləməyə nail olacaqlar. Guya Ermənistan ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatları əsasında problemin həllinə hazırdır.

Frank Valter Ştaynmayer isə bu münaqişənin həllində Almaniyanın rol oynamaq istəyindən danışıb, problemin nizama salınmasına həm münaqişə tərəflərinin, həm də beynəlxalq vasitəçilərin hazır olmasının zəruriliyini söyləyib.

Almaniya XİN başçısının optimist çıxışları münaqişənin həllində yeniliyin olacağına ümid yaratsa da, reallığın tamamilə başqa cür ola biləcəyini düşünmək olar. Çünki Ermənistanın görüş ərəfəsində özünü "xoş" göstərməsi heç də ermənilərin problemin həllinə hazır olduqlarını göstərmir. Tarixə nəzər salsaq görərik ki, indiyədək keçirilən bütün görüşlərdə Ermənistanın tutduğu mövqe görüş ərəfəsində, görüş zamanı və görüşdən sonra eyni cür deyil, fərqli olub. Ona görə də indi Dağlıq Qarabağ probleminin həllinə hazırlıqla bağlı səslənən bəyanatların reallaşması üçün konkret addımların atılmasına ehtiyac duyulur.

Almaniya Avropanın aparıcı ölkəsi kimi Cənubi Qafqazda münaqişələrin, Avropada Rusiya-Ukrayna probleminin həllinə çalışır. Almaniya əsas söz sahibi olmaq üçün Rusiya ilə münasibətləri rəvan saxlamağa çalışır ki, bu məsələlərin həllində Rusiya Almaniyaya "qırmızı işıq" yandırmasın. Federal hokümətin bu günlərdə verdiyi açıqlama da buna əsas verir. Belə ki, hökumət ATƏT-in Minsk qrupunun əsas həmsədri kimi Rusiyanın sülh səylərini dəstəklədiyini, ATƏT-in Minsk qrupunun ən aktiv iştirakçısı Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsindən qaçmağın məsləhət olmadığını bildirib.

Bütün bunlar onu deməyə əsas verir ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunda həmsədrliyə can atır. Təbii ki, buna Azərbaycan tərəfi etiraz etmir. Amma özlərini almanlara "yaxşı" göstərməyə çalışan Ermənistan bundan daim boyun qaçırır...

Alman politoloq Xayko Lanqner də deyib ki, Berlin Rusiya ilə daha sıx əməkdaşlıq üçün konkret təşəbbüs irəli sürür. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli haqqında Almaniyanın təqdim etdiyi paket Rusiyanın bugünkü təşəbbüsləri ilə praktik olaraq uyğun gəlir. Bu, ATƏT-in Minsk qrupu çərçivəsində Berlin və Moskva arasında daha intensiv əməkdaşlıq üçün yol açır.