Bacısının qəddarlıqla öldürdüyü qızla bağlı yeni TƏFƏRRÜATLAR - FOTOLAR

Qətldən bir gün qabaq rayondan gələn anaları qızlara baş çəkib; ana və övladı arasında mübahisə yaşanıb; rəfiqələri və müəllimi mərhum Günel Nuriyeva haqda yayılan iddiaları yalanladılar...

Oktyabrın 22-də, Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyevanın öz doğma bacısı tərəfindən öldürülməsi faktı ölkə mətbuatında şok effekti yaratdı. Qətlin Pərvanə Nuriyeva tərəfindən törədilməsi hüquq-mühafizə orqanları tərəfindən təsdiqləndi.

Hadisənin təfərrüatları artıq məlumdur. Pərvanə polisə ifadəsində mərhum bacısının cinsi azlıq nümayəndəsi olduğunu və onun hərəkətlərindən bezərək belə bir addım atdığını söyləyib.

Gülər Nuriyevanın necə bir qız olduğunu və onun haqqında yayılan şayiələrin həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün onun təhsil aldığı Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına üz tutduq.

Öncə qeyd edək ki, Günel mətbuatda yazıldığı kimi, II yox, III kurs tələbəsi imiş. Universitetin fortopiano qrupunda təhsil alan Günel Nuriyevanın qrup yoldaşları jurnalist olduğumuzu biləndə söhbətə onun haqqında yayılan şayiələrə etiraz edərək başladılar.

Mərhumun qrup yoldaşı və rəfiqəsi olmuş Türkan Allahverdiyeva onun çox saf, sadəlövh, sakit təbiətli bir qız olduğunu dedi: "Saytlar onun cinsi azlıq nümayəndəsi olduğunu yazırlar, bu çox iyrənc iftiradır. Ölən bir qız haqqında bu yazılanlar, sosial şəbəkələrdə gedən müzakirələr insanlığa sığmır. Ən azı həqiqəti öyrənmək üçün gəlib bizdən soruşa bilərdilər. Biz 3 il bir yerdə oxumuşuq və qrupda hamımız qızıq. Əgər o saytlarda yazıldı kimi cinsi azlıq olsa idi, ən azından bunu biz hiss edərdik. Günel həddən artıq tərbiyəli idi. Heç vaxt açıq-saçıq geyinməzdi, onun facebook hesabı belə yox idi. Sözünün əvvəlində də, sonunda da "Allah qoysa, İnşallah" ifadələrini işlədirdi. Bizimlə gəzməyə belə gəlmirdi. Böyük bacı olduğu üçün bacılarına qarşı çox qayğıkeş idi, onlara yemək hazırlamaq üçün həmişə evə tələsirdi".

Türkan Allahverdiyevanın sözlərini təsdiqləyən digər qrup yoldaşları da adlarının çəkilməməsi şərtilə dostları haqqında xatirələrini bölüşdülər. Tələbələrdən birinin sözlərinə görə, onun qatil bacısı Pərvanəni burada tez-tez görürmüşlər: "Pərvanənin təhsil aldığı Asəf Zeynallı adına Musiqi Kolleci buraya yaxın olduğu üçün dərsdən çıxıb bura gəlir, bacısını gözləyirdi və bir yerdə evə gedirdilər. Münasibətləri normal idi, onları heç vaxt mübahisə edən yerdə görməmişik. İndi Pərvanənin özünə bəraət qazandırmaq üçün bacısına böhtan atması çox alçaq hərəkətdir. Onun cəzası mütləq ağır olmalıdır".

Bacılar arasında mübahisənin qısqanclıq zəminində olması ehtimalı əsassız adlandıran qrup yoldaşları deyir ki, Günelin sevgilisi yox idi, o ümumiyyətlə, bu cür söhbətlərdən uzaq, çəkingən, utancaq birisi olub. Dərslərə çox az gəlirmiş, əsasən ixtisas fənninə üstünlük verdiyi üçün onu yalnız o dərslərdə görürmüşlər. Dərsdən çıxan kimi isə evinə tələsirmiş.

Rəfiqləri deyir ki, bəd xəbəri eşidəndə əvvəlcə inanmayıblar, daha sonra isə Günelin telefonuna zəng çatmadığını görüb onların evinə gediblər. Onlardan biri bildirdi ki, həmin hadisədən bir neçə saat sonra Pərvanə ilə danışıb və ondan Günelin harada olduğunu soruşub: "Günelin ölüm xəbərini eşidən kimi bacısı Pərvanəyə zəng elədim, təxminən axşam saat 19:00 radələri idi. O pis olar deyə bacısının ölümündən xəbərdar olduğumu demədim. Pərvanədən Günelin necə olduğunu və niyə dərs gəlmədiyini soruşdum. O isə mənə evdə olmadığını və Günelin yaxşı olduğunu dedi. Elə soyuqqanlı və sərbəst danışırdı ki, fikirləşdim yəqin xəbəri yoxdur. Mənə Günelin nömrəsini göndərdi və dedi ki, evdən çıxanda bacısı evdə deyilmiş. Zəng vurdum, Günelin nömrəsi bağlı idi, ev telefonu da cavab vermirdi. Səhər Günelin qatilinin Pərvanə olduğunu eşidəndə şoka düşdüm".

Günel Nuriyevanın digər tələbə yoldaşı onun magistraturaya hazırlaşdığını və ən böyük arzusunun təhsilini davam etdirmək olduğunu deyir. Mərhumun dostları "Yeni Müsavat" vasitəsilə mediaya müraciət edərək ölən rəfiqələri haqqında əsassız şayiələr yazmamağa və etik normaları gözləməyə çağırdılar.

Bu arada mərhumun təhsil aldığı akademiyanın dekan müavini də mediaya açıqlamasında deyib ki, Günel Nuriyevın cinsi azlıq nümayəndəsi olması barədə yayılan məlumatların heç bir əsası yoxdur: "Çox yaxşı tələbə olub. Çox sakit biri idi. Biz onda hər hansı dəyişiklik müşahidə etməmişik. Gənc bir qız haqqında elə sözlər yazmaq olmaz. Onun haqqında yazılanlar yanlışdır. Həmin xanım çox yaxşı bir ailənin övladı olub. Bu ailəyə vurulan zərbə idi. İnternetdə bəziləri qızlara ləkə yaxır".

Pərvanə Nuriyeva haqqında məlumat toplamaq üçün onun təhsil aldığı Asəf Zeynallı adına Musiqi Kollecinə də baş çəkdik. Məktəb müəllimləri mətbuata danışmamaqla bağlı tapşırıq aldıqlarını deyərək açıqlama verməkdən imtina etdilər.

Nuriyevlər ailəsinin Şəkidə yaşayan və adının açıqlanmasını istəməyən yaxın qohumu da onların yaxşı bir ailə kimi tanındıqlarını bildirdi: "Qızlar heç bir təriqətin üzvü olmayıb, sakit təbiətli, normal, mədəni tərbiyəli idilər. Ataları gecə-gündüz çalışıb, götürdüyü həyətyanı sahədə cənnət kimi bir şərait yaratmışdı. Bir əli qızlarının üstündə idi. Saytlarda yazırlar ki, iş adamı biznesmendir, ancaq yalan söhbətdir. Öz həyətində balıq yetişdirirdi, cins quşlar saxlayırdı, həyətində botanika bağı kimi bir mühit yaratmışdı. Çox gözəl insandır atası. İndi ailə şok vəziyyətindədir, Allah kimsəyə belə faciə yaşatmasın. Atası qızının bacısını öldürdüyünə inanmaq istəmir".

Qeyd edək ki, ötən gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Xətai rayon Polis İdarəsində olarkən bacısının qətlə yetirməkdə təqsirləndirilən Pərvanə Nuriyeva ilə görüşüb: "Hazırda saxlanılan şəxsin vəziyyəti normaldır. Ona heç bir fiziki, mənəvi təzyiqlər olmayıb. Pərvanə Nuriyeva törətdiyi əməldən peşman olduğunu bildirir. Danışdıqca onun psixi sarsıntı keçirdiyi hiss olunur".

Hüquq-mühafizə orqanları isə Pərvanə İbrahimovanın psixoloji problemlərinin olması ehtimalı ilə bağlı ekspertiza aparır. Publika.az-ın verdiyi xəbərə görə, artıq Günel Nuriyevanın meyiti ilkin ekspertizadan keçirilib. Polisin açıqlamasında deyilir ki, qızın üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb: "Bakirəliyin pozulması faktı yoxdur. Günel Nuriyevanın lesbiyan olması ilə bağlı deyilənlər yalandır".

Qonşular da qızlardan heç bir pis hərəkət görmədiklərini, evə kənar şəxslərin gətirilməsinin şahidi olmadıqlarını söyləyiblər. Mətbuatda isə qətlin səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir. Teleqraf.com əldə etdiyi məlumata görə qətl pul mübahisəsi üstündə baş verib: "Nuriyevaların anası oktyabrın 21-də Şəkidən Bakıya gəlib. Ana qızlarının kirayə yaşadığı evdə olan zaman mübahisə yaranıb. Onların arasında mübahisənin pul üstündə yarandığı bildirilir. Günel Nuriyeva kiçik bacısından anasına şikayət edib, deyib ki, bacısı bədxərclik edir. Şikayətdən sonra qadın Pərvanə Nuriyevanı tənbeh edib. Pərvanə də bacısının hərəkətlərindən əsəbiləşib. Oktyabrın 22-də Pərvanə anasını yola salmaq üçün avtovağzala aparıb. Yola salandan sonra Pərvanə bacısından qisas almaq qərarına gəlib. Evə daxil olan Pərvanə Günellə mübahisə edib. Mübahisə zamanı Pərvanə Nuriyeva bacısına 22 bıçaq zərbəsi vurub və daha sonra boğazını kəsib".

Bu məsələ Türkiyənin aparıcı mətbuat orqanlarının manşetində də yer alıb. Orada Pərvanənin yuxuda ikən bacısını öldürməsi ilə bağlı vəhy aldığı yazılır. (Musavat.com)